Bu gün Yuxarı Salahlı kəndində şəhid əmisinin adını daşıyan Elvin böyüyür
"Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir.
Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli
sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki,
kimin ordusu yenilməzdir. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir,
dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri
nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində
bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan
xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin
bahasına olursa-olsun bərpa edəcəkdir”. İlham ƏLİYEV, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Bəli, ölkə başçısının da dəyərli fikirlərində
söylənildiyi kimi, öz qələbəsi, əks-sədası ilə Azərbaycanın hərb tarixinə zəfər
bayramı kimi düşmüş 2016-cı ilin Aprel döyüşləri hələ 5 il əvvəl Azərbaycan xalqının
və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların
işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu
düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Beş
il öncə Aprel döyüşlərində qazandığımız tarixiqalibiyyətimiz, zəfərimiz Azərbaycanın
hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük
Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb etdi. Beş il əvvəl bu döyüşlərdə
düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük
Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti
üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni İkinci Qarabağ müharibəsində
uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq
torpaqlarımızı işğaldan azad etdi. Fərəhli hal ondan ibarətdir ki, hər kəs Böyük Qələbəni cəmi 44 gündə
qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Şanlı Ordumuzun Vətən
müharibəsində qazandığı tarixi Qələbədən, böyük Zəfərdən fəxrlə danışır. Bu gün
hər bir azərbaycanlı beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın
artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından
sonsuz qürur hissi duyur. İstər Aprel döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində bu
qüruru bizə yaşadanlar isə Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun
rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri,
hərbçiləri, Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimiz, canlarını fəda
edən şəhidlərimizdir. Azərbaycanın
mərd, igid oğulları hər dəfə döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla
bir daha sübut etdilər ki, Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız,
lazım gələndə uğrunda canımızı verəcəyimiz torpaq bütünüdür. Diqqət edək:
"uğrunda canımızı verəcəyimiz”. Yəni, bir torpaq parçası üçün can fəda
edilirsə, o torpaq Vətəndir. İgid oğullarımızı bir amal birləşdirdi. Hər biri "Torpaq,
əgər uğrunda ölən varsa, Vətəndir”, - deyib düşmənin üzərinə atıldı. Onların
hər birinə Vətən sevgisi üzərilərinə düşən tapşırığı layiqincə yerinə yetirməyə
güc, qüvvə verdi. İgid oğullarımız göstərdikləri qəhrəmanlıqlarla bir daha
nümayiş etdirdilər ki, lazım gələndə Vətən yolunda həyatını, sahib olduğun hər
şeyi düşünmədən fəda etmək lazımdır. Düşmənə sübut etdilər ki, biz Vətən
uğrunda qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin
övladlarıyıq. Bütün dünyada Qərbin qapısı sayılan, şairlər, aşıqlar
yurdu kimi tanınan Qazax eli hər bir sahədə olduğu kimi, hərb tarixində də
həmişə öz sözünü deməyi bacarıb. "Artilleriyanın
Allahı" ləqəbini almış Əliağa Şıxlinskinin yurdu olan Qazaxda
gənclərimiz üçün Vətənin müdafiəsi hər zaman ən ümdə vəzifə, ən müqəddəs amal
olub. Məhz Aprel döyüşləri də bir daha sübut etdi ki, Qazaxda
necə igid, mətin, dəyanətli, Vətənini, torpağını sevən, ən əsası da dövlətinə
sadiq olan oğullar var və bundan sonra da olacaqdır. Həmin döyüşlər zamanı Qazax
rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd
Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə
- Şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha nümayiş
etdirdilər. Bizi
böyük qələbəyə aparan Aprel döyüşlərində hər bir gəncimiz Vətəni canları
bahasına qorudu, torpaqlarımızın bütövlüyü üçün ölümün gözünə dik baxaraq
düşmənin üzərinə atıldı. Haqqında
söhbət açdığımız baş leytenant Namazov Elvin Məmməd oğlunun da ən böyük arzusu
anası qədər sevdiyi Vətəni qorumaq, düşmən tapdağında qalan torpaqlarımızı azad
etmək idi. O, Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub
boya-başa çatsa da, indi Onu bütün Azərbaycan tanıyır. O, Aprel döyüşlərində
arzusunu reallaşdıraraq etdiyi qəhrəmanlığı ilə, göstərdiyi şücaətlə bütün qəlblərdə
məskən salıb. Cavan yaşında elə bir zirvəyə yüksəlib ki, Onu nə biz, nə də
zaman unudacaqdır. Bu gün Namazovlar ailəsində - igid
qəhrəmanımızın doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində ata yurdunda daha
bir qəhrəman yetişir. Əmisinin adını layiqincə yaşadacaq balaca Elvin böyüyür.
O qəhrəman ki, onun gəlişi ilə Namazovlar
ailəsində həyat yenidən canlandı. 2019-cu ilin 20 aprelində dünyaya göz açan
həmin körpə əmisinin adını daşımaqla, nənə və babasının, əmisini sevənlərin
yarasına bir məlhəm oldu. Öz gülüşü, səsi ilə Elvin sevərlərə sevinc,
xoşbəxtlik gətirdi. Bəli, bu gün Namazovlar ailəsi övladları
Elvinin yoxluğunu əmisinin adını daşıyan balaca Elvinlə doldurmağa, təsəlli
tapmağa çalışırlar. Elvinin yerini əvəz etməsə də onun gəlişi ilə ailədə
həyatın yenidən dəyişdiyini söyləyirlər. Artıq Namazovlar ailəsində kədər göz
yaşı ilə yanaşı, sevinc göz yaşları da axıdılır. Balaca Elvinin varlığı bu
ailəyə Allahın sevinc payı, ən böyük töhfəsi kimi bəxş olunub. Şəhidimizin anası Aişə Namazovadan oğlu Elvin haqqında soruşanda onu bu gün də
qəhər boğur, gözləri yaşla dolur... Uzun sükutdan sonra isə oğlu Elvindən ağız dolusu
danışır: - Onun haqqında nə danışım mən?! O, mənim ilk nübarım idi, hər şeyim
idi. O, orta məktəbi bitirdikdən sonra Bakıya üz tutdu. Heydər Əliyev adına Hərbi
Akademiyaya. Hərbiçi olmaq öz arzusu idi. Biz də onun bu istəyinə qarşı
çıxmadıq. 5 il orada oxudu. Sonra Mingəçevir şəhərinə, "N” saylı hərbi hissəyə
komandir göndərildi. Az müddətdə hamının hörmətini, sevgisini qazanmışdı. Adəti
üzrə yenə bizdən xəbərsiz xüsusi təyinatlı kursa yazılıb. Onu bu yoldan heç kəs
döndərə bilməyib. İstəyiblər ki, Mingəçevirdə qalıb işləsin. Lakin o, öz istəyinin
arxasınca gedib. 6 ay kurs keçib. Bundan qohumlarının, əzizlərinin xəbəri
olmayıb. Elvin təbiətcə sakit uşaq idi.
Hər zaman fikirləşirdim ki, böyüyəndə onun halı necə olacaq. İllər ötdü
arzularının arxasınca gedən Elvinim elə bir ömür yaşadı ki, o ömrün sonunda Qəhrəman
kimi yaddaşlara yazıldı. Tez-tez evimizə təşəkkür məktubları
gəlirdi. Oxuyub sevinirdik. Özündən soruşanda isə bircə kəlmə ilə deyirdi ki:
"Hələ bu nədir ki, vaxt gələcək mənimlə fəxr edəcəksən, Ana… elə də oldu...” Mənim qızım yoxdur. Bir gün
dedim ki, gəl səni öz kəndimizdən evləndirim. Mənə də qız olar, qocalanda
qayğıma qalar. Bildirdi ki, ana mənim sevdiyim var. Sənin kimi bir qaragöz gözəldi.
Ağdamlıdır. Mən həmişə olduğu kimi yenə onun istəyinin əleyhinə çıxmadım.
Qazaxdan uzaq səfərə çıxdım, onu sevdiyinə qovuşdurdum. Mən qovuşdurdum, tale
onları ayırdı... ancaq uca bir zirvə ilə, Şəhidlik zirvəsi ilə oğlum öz
yarından ayrıldı... 2016-cı ilin mart ayı idi.
Novruz bayramına az qalmışdı. Mənə zəng edib dedi ki, bu bayramda sən bizim yanımıza
gəl. Pay göndərmə, özün gəl. Bax göndərsən geri qaytaracam. Dediyini eləyən
idi. Ona görə də hazırlaşıb ona qonaq getdim. Qayıdanda mənimlə elə görüşdü ki,
sanki vidalaşır. Dönə-dönə üz-gözümdən öpdü. Kəndə gələndə evdəkilərə dedim ki,
vallah ürəyimə nəsə damıb. Elvin əvvəlki Elvin deyil, mənimlə elə görüşdü ki,
elə bil bir daha görüşməyəcəyik. Bu, belə də oldu. Ana qəlbi həssas olur axı.
Gecə evimizə zəng gəldi. Və bu zəng mənim işıqlı dünyamı qaranlığa qərq etdi. Aişə ana deyir: "Bu gün
Elvinimdən mənə qalan ən dəyərli yadigar üçrəngli Azərbaycan Bayrağıdır. Oğlumun
tabutu üzərində olan o bayraqdan sanki Onun ətrini, qoxusunu alıram. Körpə ikən
mən onu bələmişdim. İllər ötdü anası qədər sevdiyi Vətən torpağı Onu bayrağa bələyərək
öz qoynuna aldı. İndi həmin bayrağı başımın üstündə saxlayıram. O bayraq
Elvinimin mənə verdiyi Vətən əmanətidir. Öləndə isə vəsiyyət edəcəm ki, başımın
altına qoysunlar. Gözləri yaşla dolan Aişə ana
susur... Və qürur hissi ilə yenidən söhbətinə davam edir... "5 il öncə deyirdim
ki, kaş Elvinimdən bir yadigar övlad qalardı. Ömrümü ona bağlayıb yaşayardım. Çünki
necə yaşayacağımı bilmirdim. İllər ötdü və məni Elvinimin sözləri yaşatdı. Hər
kəlməsi qulağımdadır. Bu, da mənə bir təsəlli oldu. "Həmişə deyirdi ki, mənimlə
fəxr edəcəksən, Ana”. Bəli, bu gün mən oğlumla fəxr edirəm. O, təkcə mənim
deyil, bütün Azərbaycanın fəxridir. 44 günlük Vətən müharibəsində
qazandığımız Qələbədən qürur hissi ilə danışan Aişə ana həmin zəfərin övladı
Elvinə də ayan olduğunu söyləyir. Aişə ana deyir: "8 noyabr günü – Şuşanın azad
edilməsi elan olunmazdan bir gün əvvəl Elvin əmisi oğlu Elnurun yuxusuna girib.
Deyib: "Elnur sabah zəfər günüdür. Ən başda, qabaqda gedən mənəm. Bilirsən
haralardayam? Daha rahat yata bilərəm. Daha gedirəm bir də gəlməyəcəm. İndiyənə
qədər gəlib-getmişəm. Daha gəlməyəcəm... Və artıq Elvin yuxulara gəlmir... əmisi
oğlu deyir, gecə saat 4-də gördüm ki, hər yandan qışqırıq səsləri gəlir. Artıq
Şuşanın azad olunması xəbəri hər yana yayılıb, hamı sevincini bölüşmək üçün küçələrə
axışıb... ”” Aişə ana deyir: "Elvin həmişə
o anı arzulayırdı. Hər dəfə soruşanda, ana, yarımçıq işim var qurtarıb gələcəm
deyirdi. Bu gün Elvinim arzusuna çatdı. Onun silahdaşları, döyüş yoldaşları
Elvinimi də, bizi də uzun həsrətdən sonra arzularımıza qovuşdurdular”. "Elvinimi hər an gözləyirəm. Həmişə
yola çıxıb Bakıdan gələn maşınlara baxardım tez-tez. Elvin həmin yol
maşınlarının birindən düşəcək deyə səbirsizliklə gözləyərdim. İndi həmin
avtobuslar burdan getmir...” Aişə ana deyir: "Bu gün isə
evimizdə Elvinimiz var. Oğlumun yoxluğunu mənə unutdurmasa da, Elvinin yerini
verməsə də bizi təsəlli edəcək nəvəm Elvin var. Gəlişi ilə üzümüzü güldürdü, onun
varlığı ilə həyatımızda hər şey dəyişdi”. Şəhidimizin atası Məmməd Namazov qeyd edir ki: "İki il öncə oğlum Elbəyin övladına
əmisi Elvinin adını verdim ki, o, da əmisi kimi doğulduğu torpağın, Qazaxın,
Yuxarı Salahlıların adını elə əmisi kimi daim yüksəkdə tutsun. Gələcəkdə o, da
əmisi kimi öz nümunəvi davranışı ilə
Vətənə, xalqına bağlı olan vətənpərvər bir oğul kimi onun döyüş yolunu,
qazandığı zəfəri davam etdirsin. Ən əsası da düşmən bilsin ki, Elvin Namazovun
ata yurdunda onun adını layiqincə daşıyacaq qəhrəman oğullar yetişir. 44 günlük Vətən müharibəsindəki
Qələbəmizi qürur hissi ilə dilə gətirən şəhidimizin atası Məmməd Namazov deyir
ki: "Şəhid atası kimi çox
sevindim. Oğlum Elvinin və bütün şəhidlərimizin qisası alındı. Sağ olsun, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında canını, qanını Vətən uğrunda fəda
edən Elvin kimi oğullarımız. Onların sayəsində 30 ildən sonra mənfur düşmən
torpaqlarımızdan qovuldu, bizim olan torpaqlarımız azad edildi və şəhidlərimizin
ruhu rahatlıq tapdı. Elvinin yoxluğundan 5 il ötsə də Zəfər gününü yaşadıq. Həmin
anı yaşamaq nəyə desən dəyərdi. Həmin an sevincimizin həddi-hüdudu olmadı”. Şəhid atası deyir: "Nəvəm Elvin öz gəlişi ilə həyatımıza
yeni rəng qatıb. Həyat onun ətrafında fırlanır sanki. Oğlumun qoxusunu
Elvinimin adını daşıyan nəvəmdə axtarıram, onda tapıram. Gün ikinci Elvinimlə
başlayıb, onunla bitir. Zaman axıb gedir və günlər bir-birini beləcə əvəz
edir... Mən nəvəm Elvinin əlindən tutaraq əmisinin qəbrini ziyarətə gedirəm, qəbrinə
tər qərənfillər düzürəm. Təsəllimi iki Elvinləri bir-biri ilə görüşdürməkdə
tapıram. Əminəm ki, Elvinimin də ruhu şaddır. Çünki həm arzusunda olduğu Qələbəmizə
nail olduq, həm də onun adını yaşadan Elvinimiz var”. Şəhid atası bütün şəhidlərə və şəhid
ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə ailəsi adından
minnətdarlıq etməyi də unutmadı. Dövlətimiz və rayon rəhbərliyi tərəfindən hər
zaman qayğı ilə əhatə olunduqlarını qeyd edən şəhid atası ailəsinə göstərilən
səmimi münasibətə görə razılığını bildirir. Bəli, Azərbaycanın hərb tarixinə "dördgünlük müharibə”
və ya "Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəmizdən 5 il ötsə də
həmin tarixi qələbəni bizlərə bəxş edənlər daim qəlblərdə yaşayırlar. Bu gün Elbəy Namazovun oğul payına şəhidimiz Elvinin
adının verilməsi düşmənə bir mesajdır. O mesaj ki, düşmən bir daha anlasın ki,
onlar bizlərdən Elvin kimi oğulları alsa da, neçə belə Elvinlər yetişir. Balaca
körpəyə əmisinin adının verilməsi bir daha sübut edir ki, Namazovlar ailəsi
Elvinin adı verilən bu uşaqla təkcə təsəlli tapmırlar, eyni zamanda bu ocaqda,
bu yurdda igid, vətənpərvər oğullar böyüdüyünü, gələcək nəsillər yetişdiyini
nümayiş etdirirlər. Bu balaca körpəyə əmisinin adının verilməsi həm də onun
gələcəkdə Elvinin şərəflə keçdiyi döyüş yolunu, qəhrəmanlığını davam etdirmək
kimi bir arzunu istəməkdir. Namazov Elvin Məmməd
oğlu Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax
rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid
Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin
ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə
Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat
komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi
verilmişdir. Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində
gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən
şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı
Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur. Elvin
Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı
il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı
ilə təltif olunmuşdur. 2016-cı ildə rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin
mərkəzində adına bulaq kompleksi tikilmişdir. Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək
İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır
ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli
filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin
əziz xatirəsinə həsr olunmuşdur.Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin
xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı kitab yazılmışdır. GOYEZEN.AZ
Facebook-da paylaş