Əsas Səhifə > Manşet / Şəhidlər > Bu gün Yuxarı Salahlı kəndində şəhid əmisinin adını daşıyan Elvin böyüyür
Bu gün Yuxarı Salahlı kəndində şəhid əmisinin adını daşıyan Elvin böyüyür9-04-2021, 15:43 |
"Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Bəli, ölkə başçısının da dəyərli fikirlərində söylənildiyi kimi, öz qələbəsi, əks-sədası ilə Azərbaycanın hərb tarixinə zəfər bayramı kimi düşmüş 2016-cı ilin Aprel döyüşləri hələ 5 il əvvəl Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Beş il öncə Aprel döyüşlərində qazandığımız tarixiqalibiyyətimiz, zəfərimiz Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb etdi. Beş il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni İkinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Fərəhli hal ondan ibarətdir ki, hər kəs Böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Şanlı Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbədən, böyük Zəfərdən fəxrlə danışır. Bu gün hər bir azərbaycanlı beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur hissi duyur. İstər Aprel döyüşlərində, istərsə də 44 günlük Vətən müharibəsində bu qüruru bizə yaşadanlar isə Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimiz, canlarını fəda edən şəhidlərimizdir. Azərbaycanın mərd, igid oğulları hər dəfə döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla bir daha sübut etdilər ki, Vətən doğulub böyüdüyümüz, üzərində yaşadığımız, lazım gələndə uğrunda canımızı verəcəyimiz torpaq bütünüdür. Diqqət edək: "uğrunda canımızı verəcəyimiz”. Yəni, bir torpaq parçası üçün can fəda edilirsə, o torpaq Vətəndir. İgid oğullarımızı bir amal birləşdirdi. Hər biri "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”, - deyib düşmənin üzərinə atıldı. Onların hər birinə Vətən sevgisi üzərilərinə düşən tapşırığı layiqincə yerinə yetirməyə güc, qüvvə verdi. İgid oğullarımız göstərdikləri qəhrəmanlıqlarla bir daha nümayiş etdirdilər ki, lazım gələndə Vətən yolunda həyatını, sahib olduğun hər şeyi düşünmədən fəda etmək lazımdır. Düşmənə sübut etdilər ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin övladlarıyıq. Bütün dünyada Qərbin qapısı sayılan, şairlər, aşıqlar yurdu kimi tanınan Qazax eli hər bir sahədə olduğu kimi, hərb tarixində də həmişə öz sözünü deməyi bacarıb. "Artilleriyanın Allahı" ləqəbini almış Əliağa Şıxlinskinin yurdu olan Qazaxda gənclərimiz üçün Vətənin müdafiəsi hər zaman ən ümdə vəzifə, ən müqəddəs amal olub. Məhz Aprel döyüşləri də bir daha sübut etdi ki, Qazaxda necə igid, mətin, dəyanətli, Vətənini, torpağını sevən, ən əsası da dövlətinə sadiq olan oğullar var və bundan sonra da olacaqdır. Həmin döyüşlər zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucalaraq Vətənə sadiq olduqlarını bir daha nümayiş etdirdilər. Bizi böyük qələbəyə aparan Aprel döyüşlərində hər bir gəncimiz Vətəni canları bahasına qorudu, torpaqlarımızın bütövlüyü üçün ölümün gözünə dik baxaraq düşmənin üzərinə atıldı. Haqqında söhbət açdığımız baş leytenant Namazov Elvin Məmməd oğlunun da ən böyük arzusu anası qədər sevdiyi Vətəni qorumaq, düşmən tapdağında qalan torpaqlarımızı azad etmək idi. O, Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub boya-başa çatsa da, indi Onu bütün Azərbaycan tanıyır. O, Aprel döyüşlərində arzusunu reallaşdıraraq etdiyi qəhrəmanlığı ilə, göstərdiyi şücaətlə bütün qəlblərdə məskən salıb. Cavan yaşında elə bir zirvəyə yüksəlib ki, Onu nə biz, nə də zaman unudacaqdır. Bu gün Namazovlar ailəsində - igid qəhrəmanımızın doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində ata yurdunda daha bir qəhrəman yetişir. Əmisinin adını layiqincə yaşadacaq balaca Elvin böyüyür. O qəhrəman ki, onun gəlişi ilə Namazovlar ailəsində həyat yenidən canlandı. 2019-cu ilin 20 aprelində dünyaya göz açan həmin körpə əmisinin adını daşımaqla, nənə və babasının, əmisini sevənlərin yarasına bir məlhəm oldu. Öz gülüşü, səsi ilə Elvin sevərlərə sevinc, xoşbəxtlik gətirdi. Bəli, bu gün Namazovlar ailəsi övladları Elvinin yoxluğunu əmisinin adını daşıyan balaca Elvinlə doldurmağa, təsəlli tapmağa çalışırlar. Elvinin yerini əvəz etməsə də onun gəlişi ilə ailədə həyatın yenidən dəyişdiyini söyləyirlər. Artıq Namazovlar ailəsində kədər göz yaşı ilə yanaşı, sevinc göz yaşları da axıdılır. Balaca Elvinin varlığı bu ailəyə Allahın sevinc payı, ən böyük töhfəsi kimi bəxş olunub.
Şəhidimizin anası Aişə Namazovadan oğlu Elvin haqqında soruşanda onu bu gün də qəhər boğur, gözləri yaşla dolur... Uzun sükutdan sonra isə oğlu Elvindən ağız dolusu danışır: - Onun haqqında nə danışım mən?! O, mənim ilk nübarım idi, hər şeyim idi. O, orta məktəbi bitirdikdən sonra Bakıya üz tutdu. Heydər Əliyev adına Hərbi Akademiyaya. Hərbiçi olmaq öz arzusu idi. Biz də onun bu istəyinə qarşı çıxmadıq. 5 il orada oxudu. Sonra Mingəçevir şəhərinə, "N” saylı hərbi hissəyə komandir göndərildi. Az müddətdə hamının hörmətini, sevgisini qazanmışdı. Adəti üzrə yenə bizdən xəbərsiz xüsusi təyinatlı kursa yazılıb. Onu bu yoldan heç kəs döndərə bilməyib. İstəyiblər ki, Mingəçevirdə qalıb işləsin. Lakin o, öz istəyinin arxasınca gedib. 6 ay kurs keçib. Bundan qohumlarının, əzizlərinin xəbəri olmayıb. Elvin təbiətcə sakit uşaq idi. Hər zaman fikirləşirdim ki, böyüyəndə onun halı necə olacaq. İllər ötdü arzularının arxasınca gedən Elvinim elə bir ömür yaşadı ki, o ömrün sonunda Qəhrəman kimi yaddaşlara yazıldı. Tez-tez evimizə təşəkkür məktubları gəlirdi. Oxuyub sevinirdik. Özündən soruşanda isə bircə kəlmə ilə deyirdi ki: "Hələ bu nədir ki, vaxt gələcək mənimlə fəxr edəcəksən, Ana… elə də oldu...” Mənim qızım yoxdur. Bir gün dedim ki, gəl səni öz kəndimizdən evləndirim. Mənə də qız olar, qocalanda qayğıma qalar. Bildirdi ki, ana mənim sevdiyim var. Sənin kimi bir qaragöz gözəldi. Ağdamlıdır. Mən həmişə olduğu kimi yenə onun istəyinin əleyhinə çıxmadım. Qazaxdan uzaq səfərə çıxdım, onu sevdiyinə qovuşdurdum. Mən qovuşdurdum, tale onları ayırdı... ancaq uca bir zirvə ilə, Şəhidlik zirvəsi ilə oğlum öz yarından ayrıldı... 2016-cı ilin mart ayı idi. Novruz bayramına az qalmışdı. Mənə zəng edib dedi ki, bu bayramda sən bizim yanımıza gəl. Pay göndərmə, özün gəl. Bax göndərsən geri qaytaracam. Dediyini eləyən idi. Ona görə də hazırlaşıb ona qonaq getdim. Qayıdanda mənimlə elə görüşdü ki, sanki vidalaşır. Dönə-dönə üz-gözümdən öpdü. Kəndə gələndə evdəkilərə dedim ki, vallah ürəyimə nəsə damıb. Elvin əvvəlki Elvin deyil, mənimlə elə görüşdü ki, elə bil bir daha görüşməyəcəyik. Bu, belə də oldu. Ana qəlbi həssas olur axı. Gecə evimizə zəng gəldi. Və bu zəng mənim işıqlı dünyamı qaranlığa qərq etdi. Aişə ana deyir: "Bu gün Elvinimdən mənə qalan ən dəyərli yadigar üçrəngli Azərbaycan Bayrağıdır. Oğlumun tabutu üzərində olan o bayraqdan sanki Onun ətrini, qoxusunu alıram. Körpə ikən mən onu bələmişdim. İllər ötdü anası qədər sevdiyi Vətən torpağı Onu bayrağa bələyərək öz qoynuna aldı. İndi həmin bayrağı başımın üstündə saxlayıram. O bayraq Elvinimin mənə verdiyi Vətən əmanətidir. Öləndə isə vəsiyyət edəcəm ki, başımın altına qoysunlar. Gözləri yaşla dolan Aişə ana susur... Və qürur hissi ilə yenidən söhbətinə davam edir... "5 il öncə deyirdim ki, kaş Elvinimdən bir yadigar övlad qalardı. Ömrümü ona bağlayıb yaşayardım. Çünki necə yaşayacağımı bilmirdim. İllər ötdü və məni Elvinimin sözləri yaşatdı. Hər kəlməsi qulağımdadır. Bu, da mənə bir təsəlli oldu. "Həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən, Ana”. Bəli, bu gün mən oğlumla fəxr edirəm. O, təkcə mənim deyil, bütün Azərbaycanın fəxridir.
44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən qürur hissi ilə danışan Aişə ana həmin zəfərin övladı Elvinə də ayan olduğunu söyləyir. Aişə ana deyir: "8 noyabr günü – Şuşanın azad edilməsi elan olunmazdan bir gün əvvəl Elvin əmisi oğlu Elnurun yuxusuna girib. Deyib: "Elnur sabah zəfər günüdür. Ən başda, qabaqda gedən mənəm. Bilirsən haralardayam? Daha rahat yata bilərəm. Daha gedirəm bir də gəlməyəcəm. İndiyənə qədər gəlib-getmişəm. Daha gəlməyəcəm... Və artıq Elvin yuxulara gəlmir... əmisi oğlu deyir, gecə saat 4-də gördüm ki, hər yandan qışqırıq səsləri gəlir. Artıq Şuşanın azad olunması xəbəri hər yana yayılıb, hamı sevincini bölüşmək üçün küçələrə axışıb... ”” Aişə ana deyir: "Elvin həmişə o anı arzulayırdı. Hər dəfə soruşanda, ana, yarımçıq işim var qurtarıb gələcəm deyirdi. Bu gün Elvinim arzusuna çatdı. Onun silahdaşları, döyüş yoldaşları Elvinimi də, bizi də uzun həsrətdən sonra arzularımıza qovuşdurdular”. "Elvinimi hər an gözləyirəm. Həmişə yola çıxıb Bakıdan gələn maşınlara baxardım tez-tez. Elvin həmin yol maşınlarının birindən düşəcək deyə səbirsizliklə gözləyərdim. İndi həmin avtobuslar burdan getmir...” Aişə ana deyir: "Bu gün isə evimizdə Elvinimiz var. Oğlumun yoxluğunu mənə unutdurmasa da, Elvinin yerini verməsə də bizi təsəlli edəcək nəvəm Elvin var. Gəlişi ilə üzümüzü güldürdü, onun varlığı ilə həyatımızda hər şey dəyişdi”. Şəhidimizin atası Məmməd Namazov qeyd edir ki: "İki il öncə oğlum Elbəyin övladına əmisi Elvinin adını verdim ki, o, da əmisi kimi doğulduğu torpağın, Qazaxın, Yuxarı Salahlıların adını elə əmisi kimi daim yüksəkdə tutsun. Gələcəkdə o, da əmisi kimi öz nümunəvi davranışı ilə Vətənə, xalqına bağlı olan vətənpərvər bir oğul kimi onun döyüş yolunu, qazandığı zəfəri davam etdirsin. Ən əsası da düşmən bilsin ki, Elvin Namazovun ata yurdunda onun adını layiqincə daşıyacaq qəhrəman oğullar yetişir. 44 günlük Vətən müharibəsindəki Qələbəmizi qürur hissi ilə dilə gətirən şəhidimizin atası Məmməd Namazov deyir ki: "Şəhid atası kimi çox sevindim. Oğlum Elvinin və bütün şəhidlərimizin qisası alındı. Sağ olsun, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında canını, qanını Vətən uğrunda fəda edən Elvin kimi oğullarımız. Onların sayəsində 30 ildən sonra mənfur düşmən torpaqlarımızdan qovuldu, bizim olan torpaqlarımız azad edildi və şəhidlərimizin ruhu rahatlıq tapdı. Elvinin yoxluğundan 5 il ötsə də Zəfər gününü yaşadıq. Həmin anı yaşamaq nəyə desən dəyərdi. Həmin an sevincimizin həddi-hüdudu olmadı”. Şəhid atası deyir: "Nəvəm Elvin öz gəlişi ilə həyatımıza yeni rəng qatıb. Həyat onun ətrafında fırlanır sanki. Oğlumun qoxusunu Elvinimin adını daşıyan nəvəmdə axtarıram, onda tapıram. Gün ikinci Elvinimlə başlayıb, onunla bitir. Zaman axıb gedir və günlər bir-birini beləcə əvəz edir... Mən nəvəm Elvinin əlindən tutaraq əmisinin qəbrini ziyarətə gedirəm, qəbrinə tər qərənfillər düzürəm. Təsəllimi iki Elvinləri bir-biri ilə görüşdürməkdə tapıram. Əminəm ki, Elvinimin də ruhu şaddır. Çünki həm arzusunda olduğu Qələbəmizə nail olduq, həm də onun adını yaşadan Elvinimiz var”.
Şəhid atası bütün şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə ailəsi adından minnətdarlıq etməyi də unutmadı. Dövlətimiz və rayon rəhbərliyi tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını qeyd edən şəhid atası ailəsinə göstərilən səmimi münasibətə görə razılığını bildirir. Bəli, Azərbaycanın hərb tarixinə "dördgünlük müharibə” və ya "Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəmizdən 5 il ötsə də həmin tarixi qələbəni bizlərə bəxş edənlər daim qəlblərdə yaşayırlar.
Bu gün Elbəy Namazovun oğul payına şəhidimiz Elvinin adının verilməsi düşmənə bir mesajdır. O mesaj ki, düşmən bir daha anlasın ki, onlar bizlərdən Elvin kimi oğulları alsa da, neçə belə Elvinlər yetişir. Balaca körpəyə əmisinin adının verilməsi bir daha sübut edir ki, Namazovlar ailəsi Elvinin adı verilən bu uşaqla təkcə təsəlli tapmırlar, eyni zamanda bu ocaqda, bu yurdda igid, vətənpərvər oğullar böyüdüyünü, gələcək nəsillər yetişdiyini nümayiş etdirirlər. Bu balaca körpəyə əmisinin adının verilməsi həm də onun gələcəkdə Elvinin şərəflə keçdiyi döyüş yolunu, qəhrəmanlığını davam etdirmək kimi bir arzunu istəməkdir. Namazov Elvin Məmməd oğlu
Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir. Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur. Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. 2016-cı ildə rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş təbəssüm” adlı kitab yazılmışdır. GOYEZEN.AZ Geri qayıt |