Qazaxda Heydər Əliyev Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinə Novruz sovqatları paylanılıb
2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Öz fəaliyyətində sosial istiqaməti prioritet götürən Heydər Əliyev Fondu dövlətin sosial-iqtisadi inkişafa istiqamətlənən proqramlarına dəstək verərək müxtəlif layihələr reallaşdırır. Fond valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslər, aztəminatlı ailələrlə yanaşı şəhid ailələrini, qazilərimizi də daim diqqətdə saxlayır, əlamətdar günlərdə onları yaddan çıxarmır, müxtəlif bayram hədiyyələri çatdırır.
Milli bayramımız olan Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəman oğullarımızın ailələri də unudulmayıb.Heydər Əliyev Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinə Novruz sovqatları paylanılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub, ailələrə ərzaq sovqatları çatdırılıb.
Qazax RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhid ailələrini ziyarət edərək bayram sovqatını təqdim edib, Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyini vurğulayıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Dövlətin qayğısını hər zaman hiss etdiklərini dilə gətiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş