Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi
qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar
arzulayıram. Azərbaycan qadınları milli varlığımızı özündə əks
etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub
saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı
mənəvi dayağı olmuşlar. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, onlar
milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi ölkəmizin sosial-iqtisadi,
mədəni və elmi potensialının artırılması üçün qüvvələrini əsirgəmədən
tariximizdə dərin iz qoyan fədakar, mübariz və məğrur sələflərindən aldıqları
tükənməz mənəvi güc sayəsində bütün sınaqları dəf etmiş, öhdələrinə düşən
vəzifələri şərəflə yerinə yetirmişlər. Azərbaycan qadını mərdlik və mətanət nümayiş
etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və
yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir.
Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, qırx dörd günlük müqəddəs
Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu
gənc nəsildir. Gözünü açıb Azərbaycanı azad və müstəqil görmüş həmin rəşadətli
nəsildir ki, ümidləri doğruldaraq ədalətin bərpa edilməsində, uzun həsrətdən
sonra Qarabağın Ana Vətənə qovuşmasında və məğrur xalqımıza hüdudsuz Zəfər
sevincinin yaşadılmasında müstəsna payı vardır. Mən torpaqlarımızın müdafiəsi zamanı canından keçmiş
igid oğullarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və
xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün
yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş
arzularımı çatdırıram. İnanıram ki, qurub-yaratmaq əzmi və sosial-mədəni
fəallığı ilə seçilən zəngin mənəviyyatlı Azərbaycan qadını cəmiyyətimizin
həyatına bundan sonra da yüksək dəyərlər qazandıracaq, bizi qarşıda gözləyən
nəhəng quruculuq dövründəki nailiyyətləri ilə müstəqillik salnaməmizə yeni
parlaq səhifələr yazacaqdır. Dərin hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri,
6 mart 2021-ci il.
Facebook-da paylaş