Prezident İlham Əliyev: “17 il əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının
açılışında iştirak ediblər. Yeni tibb müəssisəsində yaradılan şəraitlə
tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə
verib. Dövlətimizin başçısının müsahibə zamanı
söylədiyi fikirlərin bir hissəsini təqdim edirik. Səhiyyə sahəsində qazanılmış uğurlar və yeni hədəflər Son
17 il ərzində Azərbaycanın bütün
bölgələrində 750-dən çox xəstəxana yenidən tikilib, yaxud əsaslı
təmir edilib. Yeni tibb müəssisələrinin həm memarlıq, həm də avadanlıqlarla
təchizat standartları yüksəkdir. Prezident İlham Əliyev: "17 il əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi
başlıca vəzifə idi”. Səhiyyə
sahəsində dövlət siyasətinin növbəti hədəfi səhiyyə sisteminin
təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətin keyfiyyətinin
artırılmasıdır. Prezident İlham Əliyev: "2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara
qızılı insan kapitalına çevirməliyik”. O
zaman Azərbaycanın neftdən gəlirləri aşağı olsa da, Azərbaycan Prezidenti
gələcəyi proqnozlaşdıra bilib, qarşıya qoyduğu vəzifə bütövlükdə icra edilib. Azərbaycanda
hər il 5 milyon insan – ölkə əhalisinin yarısı dövlət hesabına tibbi müayinədən
keçir. Azərbaycan
belə təşəbbüsü həm irəli sürən, həm də reallaşdıran nadir ölkələrdəndir. Müasir
xəstəxana fondunun yaradılması tibbi sığortaya keçməyə imkan verib. Pandemiyaya
qarşı tədbirlər: Azərbaycanın xəstəxana fondu hər hansı xoşagəlməz
hadisələrə, pandemiyaya əvvəlcədən hazır olub. Əvvəl Azərbaycanda cəmi 8 laboratoriya var idi və
gündə cəmi min test keçirilə bilərdisə, hazırda laboratoriyaların sayı 42-dir
və 20 min test keçirilə bilər. Modul tipli 13 xəstəxana quraşdırılıb. Pandemiyaya qarşı mübarizə apararkən insanlara
çətinliklər yaradılmaması üçün çox həssas davranılıb. Pandemiyanın ilk günlərindən işlər düzgün aparılıb,
bütün lazımi addımlar atılıb, beynəlxalq təşkilatlarla təmaslar qurulub. 4 milyon doz vaksin sifariş edilib və Azərbaycana
gətirilməsi təmin edilib. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı
mübarizədə "Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət
verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim edib. "Gallup” rəy sorğu şirkətinin
apardığı təhlil-rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının 86 faizi
dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirir. Bu göstəriciyə
görə Azərbaycan dünyada 4-cü yerdədir. Həm beynəlxalq təşkilatlar, həm də ölkə əhalisi
dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirir. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan
məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət
nəzarət altındadır. Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya
işlərinə start verib. Azərbaycan neomüstəmləkəçiliyə qarşı mübarizənin
təşkilatçısı kimi çıxış edir Qoşulmama
Hərəkatına sədrlik edən Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə 30-dan
çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o
cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə
verib. Bəzi ölkələrin etinasızlığına baxmayaraq, Azərbaycan Qoşulmama
Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının COVID-lə bağlı
xüsusi sessiyasının keçirilməsinə nail olub. Azərbaycan
Prezidenti BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edərkən bütün
ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə təşəbbüsləri birləşdirməyə,
zəngin ölkələri məsuliyyət göstərməyə çağırıb. Bundan sonra vaksinlər uğrunda
mübarizə daha da kəskinləşə və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər. Prezident İlham Əliyev: "COVID-ə qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır”. Azərbaycan
Prezidenti zəngin ölkələri peyvəndi alıb kasıb ölkələrə də ötürməyə, şirkətləri
isə bu sahədə qazanc dalınca qaçmamağa çağırıb. Azərbaycan
dövləti Qoşulmama Hərəkatının sədri kimi öz bəyanatlarına sadiq qalır,
beynəlxalq hüququ və ədaləti müdafiə edir. Prezident İlham Əliyev: "Azərbaycan beynəlxalq qurumların fəaliyyətində özünü məsuliyyətli ölkə kimi
aparır və bundan sonra da öz səsini daim ucaldacaq”. Pandemiya
şəraitində müşahidə olunan ədalətsizliklər: · Dünya əhalisinin 14 faizini təşkil edən inkişaf etmiş
ölkələr bu günə qədər vaksinlərinin 53 faizini sifariş ediblər; · "Moderna” vaksininin 98 faizini, "Pfizer” vaksininin
96 faizini zəngin ölkələr sifariş ediblər; · Dünyanın aparıcı media qurumlarına bu məlumatları
gündəmdə saxlamaq sərf etmir; · Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe
sərgiləyən Kanada öz əhalisinin sayından dörd dəfə çox – 154 milyon əhali üçün
vaksin sifariş edib; · Bu, digər ölkələrdə 120 milyon insana vaksinlərin
çatmaması deməkdir; · Kasıb ölkələrin insanlarının haqları tapdalanır,
onların səhhəti, sağlamlığı risk altına düşür; · Bu yanaşmanın dərin kökləri müstəmləkəçilik dövrünə
aparır. Prezident İlham Əliyev: "Biz neomüstəmləkəçilik, yaxud da ki, elan edilməmiş
müstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik”. Neomüstəmləkəçi
ölkələrin başqalarını nədəsə ittiham etməyə mənəvi haqqı yoxdur. Azərbaycan
Qoşulmama Hərəkatının digər üzvlərinə mövcud ədalətsizliklə bağlı məsələni
beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmaq çağırışı edib. Prezidentin
Azərbaycan Televiziyasına müsahibəsi ilə zəngin ölkələrin bu praktikadan əl
çəkməsi üçün beynəlxalq kampaniyaya start verilir. Erməni faşizminin fəsadları Ermənipərəst,
anti-Azərbaycan, islamofob dairələr bilməlidirlər ki: · Ermənistan
Azərbaycan torpaqlarını zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb; · Füzuli şəhərində bir
dənə də bina yoxdur, bircə hərbi hissənin üç-dörd mərtəbəli binasıdır; · Cəbrayıl şəhərinin
girəcəyində bir hərbi hissə var, şəhər yoxdur; · Qubadlı və
Zəngilanda sadəcə olaraq bir neçə yarıdağılmış vəziyyətdə ev qalıb. O evlərdən
də onlar polis şöbəsi kimi, deməli hərbi baza kimi istifadə edilib; · Yol boyunca
kəndlərin bütün binaları dağıdılıb, talan edilib; · Müasir dünya ikinci belə
vəhşilik görməyib. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları
yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Prezident İlham Əliyev: "Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları,
beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də erməni vandalizmini
gizlətməyə çalışıblar”. İşğal
zamanı törədilmiş talançılığa, vəhşiliyə dünyanın diqqətini cəlb etmək üçün
oraya jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət edilir. Erməni
vandalizminin səbəbləri: · Hesab edirdilər ki,
bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara
qayıtmayacaqlar. Amma Azərbaycanın o faciədən sonra ayağa dura biləcəyini,
zəngin təbii ehtiyatlardan səmərəli şəkildə istifadə edib inkişaf edəcəyini
görə bilməyiblər. · Erməni faşist ideologiyasının
daşıyıcılarının ürəyində azərbaycanlılara qarşı düşmənçilik var. Prezident İlham Əliyev: "Azərbaycanın şanlı Qələbəsi bölgə üçün, dünya üçün
çox böyük əhəmiyyət daşıyır”. Prezident İlham Əliyev: "Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz
erməni faşizmini məhv etmişik, bölgəmizi faşist ideologiyasından tam xilas
etməsək də, onun böyük hissəsini məhv etmişik”. Prezident İlham Əliyev: "Erməni
faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı
məhv etdik”. Prezident İlham Əliyev: "İllər
keçdikcə erməni xalqı da bizə minnətdar olacaq ki, onları bu bəladan xilas
etmək istədik”. Azad edilmiş torpaqlarla bağlı hədəflər Azad
edilmiş torpaqların bərpası ilə bağlı dövlət başçısı tərəfindən bir çox mühüm
qərarlar qəbul edilib, qərargah yaradılıb. Bütün təkliflər, bütün təşəbbüslər
qərargaha göndərilməlidir. Prezident İlham Əliyev: "Bütün
torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün yaradılan şərait
dünyaya nümunə olacaq”. Azad
olunmuş torpaqlarda görüləcək işlərin ardıcıllığı: · Minalardan təmizləmə
aparılır. Bu, böyük prosesin aparılması məqsədilə ANAMA yenidən qurulur. · Minalar
təmizləndikdən sonra dəymiş ziyan qiymətləndirilməlidir, əks halda qaldırılacaq
təzminat davasında uğur qazanılmayacaq. · Beynəlxalq şirkətlər
özləri tədqiqat aparacaq və Ermənistana qarşı açılacaq təzminat davasında kömək
göstərəcəklər. · "Ağıllı şəhər”
konsepsiyası, "ağıllı kənd” konsepsiyası əsasında bütün şəhərlərin baş planları
hazırlanır. · Bu işlər görüldükdən
sonra infrastruktur layihələri icra ediləcək. · Evlərin tikintisi
ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət
ocaqları, idman qurğuları tikiləcək. · Beləliklə, keçmiş
köçkünlərin azad olunmuş torpaqlara qayıtması təmin ediləcək. Şuşanın
ərazisi 300 hektardır. Birinci təhlil aparılmalı, ondan sonra o tarixi binalar
bərpa edilməlidir. Bərpa zamanı mütəxəssislərin rəyi nəzərə alınacaq. Şuşada
tarixi binaların bərpası, "xruşşovkalar”ın yerində müasir 4-5 mərtəbəli yaşayış
binalarının tikilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev: "Mütəxəssislər,
memarlar, tarixçilər, şuşalılar şəhəri necə görmək istədiklərinə özləri qərar
verməlidirlər”. Prezidentin məmurlara xəbərdarlığı Şuşa
şəhəri Azərbaycan Prezidenti tərəfimdən ölkəmizin
mədəniyyət paytaxtı elan edilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də
dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşanı
zəbt etmək istəyənlərin siyahısı: · Mərkəzi Bankın sədrinin təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin
açılacağını bildirməsi özbaşınalıqdır. · "Azəravtoyol”un
rəhbəri Şuşada qurumunun regional mərkəzini açmaq üçün Prezidentə müraciət
edib. Şuşada "Azəravtoyol”un regional mərkəzinin nə işi var? · AZAL-ın rəhbəri də
müraciət edib ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu,
prinsipcə absurddur. · Dövlət Gömrük
Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət
edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun? · Fövqəladə hallar
naziri Şuşada Nazirliyinin Qarabağ regional mərkəzini yaratmaq üçün müraciət
edib. · Dövlət Sərhəd
Xidmətinin rəisi sərhəd xidmətinin Şuşa zastavasını da yaratmaq istəyir. A
kişi, Şuşada sərhəd var? İndi bizim o boyda sərhədimiz yaranıb, ta şimaldan
cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl
rayonunda İranla sərhəd, get orada yarat da. · Hamısı dövlət
hesabına Şuşada özlərinə rezidensiya inşa etdirmək, bu işə pullar israf etmək,
özləri üçün şərait yaratmaq, o torpağı zəbt etmək istəyirlər. Prezident İlham Əliyev: "Ucuz
populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə yeni ofis yaratmaq üçün
açıqlamalar verilməsi tamamilə qəbuledilməzdir”. Prezident İlham Əliyev: "Ucuz
populyarlıq dalınca qaçanların axırı pis olur. Heç kim özbaşınalıq edə bilməz”. Məmurlar
dövlət qulluqçusunun etik davranış normalarına əməl etməli, öz yerlərini
bilməli, öz işləri ilə məşğul olmalıdırlar. Qarabağın
azad olunması ilə dövlət idarəçiliyinə də yeni yanaşma, yeni model gəldiyini
hər kəs hiss etməlidir. Məmurlar
həmişə Prezidentin "Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək
göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli
sürməməlidir” devizini öz fəaliyyətlərində əsas götürməlidirlər. Azərbaycan
vətəndaşlarını yersiz qıcıqlandıran, onların dövlət aparatına etimadını azaldan
heç bir hərəkət cavabsız, cəzasız qalmayacaq. Prezident İlham Əliyev: "Mənim
də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da, məmurlar da bilsinlər”. Prezident İlham Əliyev: "Mən
Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” Prezident İlham Əliyev: "Bərpa
ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır”. İctimai
nəzarət olmasa, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək,
hərə özü üçün bir obyekt tikəcək. Prezident İlham Əliyev: "Artıq
gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu”. Prezident İlham Əliyev: "Heç
bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey
planlı və əsaslı şəkildə olmalıdır”. Dağıdılmış
şəhərlər tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, oraya qayıdacaq
insanların rahatlığı təmin olunsun, müasir, güclü Azərbaycanın gücü bütün
dünyaya nümayiş etdirilsin. GOYEZEN.AZ
Facebook-da paylaş