Qazax məktəblərində keçirilən onlayn dərslərin mövcud vəziyyəti müzakirə edilib
Bu gün Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində şəhər
üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə "Virtual
məktəb"dən qeydiyyatdan keçən və istifadə edən, əlavə proqramlardan
istifadə edən müəllim və şagirdlər, teledərslərə cəlb olunanlar haqqında mövcud
olan vəziyyət öyrənilib. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul işçilərinin,
Rayon Təhsil Şöbəsinin əməkdaşlarının və şəhər məktəb direktorlarının iştirakı
ilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin
təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli
Qərarından irəli gələn məsələlər və qarşıda duran vəzifələr də müzakirə olunub. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkəmizdə təhsilin
inkişafına böyük diqqət göstərildiyini qeyd edərək cənab Prezident İlham Əliyev
tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, Ulu Öndərin
təhsil siyasətinin uğurla davam etdirildiyini söyləyib. Rayon rəhbəri pandemiya
dövründə yaranmış vəziyyətin təhsil sahəsinə mənfi təsir göstərməməsi üçün
lazımi tədbirlərin görüldüyünü, məhz bu səbəbdən onlayn dərslərin təşkil
edildiyini diqqətə çatdırıb. Məktəblərdə keçirilən dərslərlə eyni səviyyədə
olmasa da keçirilən bütün onlayn dərslərin məktəblilərin təhsildən geri
qalmamaları üçün təşkil edildiyini qeyd edib. Nazirlər
Kabinetinin müvafiq Qərarına əsasən fevralın 1-dən məktəblərdə əyani dərslərin
başlamasını qeyd edən rayon rəhbəri bunun üçün zəruri tədbirlərin görülməsini bildirib.
İcra başçısı tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata
keçirilməsində bütün təhsil ictimaiyyətinin var gücü ilə çalışacağına
əminliyini bildirib. Təhsil
müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin
həyata keçirilməsinin, təhsil müəssisələrinə buraxılış rejiminin
sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkil olunmasının, pandemiya ilə
əlaqədar şagirdlərin dərsə başlamalarının növbəli şəkildə tənzimlənməsinin, şagirdlərin siniflərdə yerləşdirilməsinin, məktəbə daxil olan hər bir
müəllimin və şagirdin temperaturunun ölçülməsinin, dezinfeksiyaedici məhlullardan, tibbi maskadan istifadənin vacibliyini bir daha
vurğulayıb. Həmçinin, şagirdlərin temperaturlarını ölçmək üçün şəxslərin
ayrılması, nəzarətə götürülməsi və
ehtiyat maskaların təşkili, pandemiya qaydalarına necə əməl
edilməsi ilə əlaqədar məktəbdə və siniflərdə maarifləndirici lövhələrin
hazırlanması və vurulması və s. məsələlər barədə aidiyyəti üzrə müvafiq
tapşırıqlarını verib. Hər bir vətəndaşın, o cümlədən də təhsil işçilərinin məsuliyyətlərini
dərk edərək pandemiya ilə mübarizədə səfərbər olmalarını, dövlətin bu sahədə
gördüyü işlərə öz töhfələrini vermələrini bildirib.
Qazax
Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə
göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbəriyinə bütün təhsil
işçiləri adından minnətdarlığını çatdırıb. N.Babanlı fevralın 1-dən ümumi təhsil
müəssisələrində mərhələlərlə əyani tədrisə başlanılacağını vurğulayıb. Qeyd
edilən tarixdən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil
qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə
alınaraq ənənəvi formada təşkil ediləcəyini bildirib. İbtidai siniflər üzrə əyani
təhsilin şəhər məktəblərində həftədə 3 dəfə, digər kənd məktəblərində isə həftədə
4-5 dəfə olmaqla bərpasının planlaşdırıldığını qeyd edib. Fevralın 1-dən
sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi
qaydada cəlb olunması barədə qərar veriləcəyini vurğulayıb. N.Babanlı
hər zaman olduğu kimi, bu dəfə də rayonda fəaliyyət göstərən ümumtəhsil
müəssisələrində tədris və təlim-tərbiyə prosesinin Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi
dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin
fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” müvafiq Qərarı əsasında təşkil ediləcəyini diqqətə
çatdırıb. COVID-19 pandemiyası ilə əlaqədar təhsil müəssisələrində
sanitar-epidemioloji qaydalara həssaslıqla yanaşıldığını, məktəblərdə davranış
qaydalarına ciddi riayət edildiyini bildirib. Pandemiya dövründə
müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, kütləvi
tədbirlərin keçirilməməsi, sosial məsafənin gözlənilməsi, müəllimlərin
maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadəsinə ciddi riayət
olunmasının vacibliyini qeyd edib. Bütün məktəblərin tibbi maska, üz sipəri,
spirt, dezinfeksiyaedici və qoruyucu vasitələrlə tam təmin edildiyini
vurğulayıb. Sonra "Virtual məktəb"dən qeydiyyatdan
keçən və istifadə edən, əlavə proqramlardan istifadə edən müəllim və şagirdlər,
teledərslərə cəlb olunanlar haqqında mövcud olan vəziyyət müzakirə olunub. Səlim
Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Bəsdi Ələkbərova, Səməd
Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin
direktoru Tahirə Comərdova və başqaları çıxış edərək ölkəmizdə yaşanan çətin
bir vaxtda, koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda müəllim
və şagirdlərin təhsildən geri qalmamaları üçün atılan addımları, görülən işləri,
dövlətin, dövlət başçısının təhsilə olan qayğısını, dəstəyini bir ziyalı olaraq
yüksək qiymətləndirib və bütün bunlara görə ölkə başçısına təhsil işçiləri
adından minnətdarlıqlarını bildiriblər. Rəhbərlik etdikləri məktəblərdə keçirilən
onlayn dərslər barədə məlumat verən məktəb direktorları həmin dərslərin əyani tədrisi
əvəz etməsə də şagirdlərin təhsildən geri qalmamaları üçün mühüm əhəmiyyət
daşıdığını qeyd ediblər. Fevralın 1-dən başlayaraq əyani tədrisin bərpa
olunmasını razılıq hissi ilə qarşılayan məktəb direktorları tədrisə qaldıqları
yerdən başlayacaqlarını bildiriblər. Ölkə Prezidentinin rəhbərliyi altında həyata keçirilən
təxirəsalınmaz tədbirlər sayəsində tez bir zamanda bu bəlanın yox olacağını,
həyatın öz axarı ilə davam edəcəyini, o günün isə uzaqda olmadığını qeyd
ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş