Əsas Səhifə > Manşet / Təhsil > Qazax məktəblərində keçirilən onlayn dərslərin mövcud vəziyyəti müzakirə edilib
Qazax məktəblərində keçirilən onlayn dərslərin mövcud vəziyyəti müzakirə edilib26-01-2021, 21:28 |
Bu gün Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində şəhər üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə "Virtual məktəb"dən qeydiyyatdan keçən və istifadə edən, əlavə proqramlardan istifadə edən müəllim və şagirdlər, teledərslərə cəlb olunanlar haqqında mövcud olan vəziyyət öyrənilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul işçilərinin, Rayon Təhsil Şöbəsinin əməkdaşlarının və şəhər məktəb direktorlarının iştirakı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarından irəli gələn məsələlər və qarşıda duran vəzifələr də müzakirə olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini qeyd edərək cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, Ulu Öndərin təhsil siyasətinin uğurla davam etdirildiyini söyləyib. Rayon rəhbəri pandemiya dövründə yaranmış vəziyyətin təhsil sahəsinə mənfi təsir göstərməməsi üçün lazımi tədbirlərin görüldüyünü, məhz bu səbəbdən onlayn dərslərin təşkil edildiyini diqqətə çatdırıb. Məktəblərdə keçirilən dərslərlə eyni səviyyədə olmasa da keçirilən bütün onlayn dərslərin məktəblilərin təhsildən geri qalmamaları üçün təşkil edildiyini qeyd edib. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən fevralın 1-dən məktəblərdə əyani dərslərin başlamasını qeyd edən rayon rəhbəri bunun üçün zəruri tədbirlərin görülməsini bildirib. İcra başçısı tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində bütün təhsil ictimaiyyətinin var gücü ilə çalışacağına əminliyini bildirib. Təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin, təhsil müəssisələrinə buraxılış rejiminin sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkil olunmasının, pandemiya ilə əlaqədar şagirdlərin dərsə başlamalarının növbəli şəkildə tənzimlənməsinin, şagirdlərin siniflərdə yerləşdirilməsinin, məktəbə daxil olan hər bir müəllimin və şagirdin temperaturunun ölçülməsinin, dezinfeksiyaedici məhlullardan, tibbi maskadan istifadənin vacibliyini bir daha vurğulayıb. Həmçinin, şagirdlərin temperaturlarını ölçmək üçün şəxslərin ayrılması, nəzarətə götürülməsi və ehtiyat maskaların təşkili, pandemiya qaydalarına necə əməl edilməsi ilə əlaqədar məktəbdə və siniflərdə maarifləndirici lövhələrin hazırlanması və vurulması və s. məsələlər barədə aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Hər bir vətəndaşın, o cümlədən də təhsil işçilərinin məsuliyyətlərini dərk edərək pandemiya ilə mübarizədə səfərbər olmalarını, dövlətin bu sahədə gördüyü işlərə öz töhfələrini vermələrini bildirib.
Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbəriyinə bütün təhsil işçiləri adından minnətdarlığını çatdırıb. N.Babanlı fevralın 1-dən ümumi təhsil müəssisələrində mərhələlərlə əyani tədrisə başlanılacağını vurğulayıb. Qeyd edilən tarixdən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq ənənəvi formada təşkil ediləcəyini bildirib. İbtidai siniflər üzrə əyani təhsilin şəhər məktəblərində həftədə 3 dəfə, digər kənd məktəblərində isə həftədə 4-5 dəfə olmaqla bərpasının planlaşdırıldığını qeyd edib. Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlb olunması barədə qərar veriləcəyini vurğulayıb. N.Babanlı hər zaman olduğu kimi, bu dəfə də rayonda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” müvafiq Qərarı əsasında təşkil ediləcəyini diqqətə çatdırıb. COVID-19 pandemiyası ilə əlaqədar təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssaslıqla yanaşıldığını, məktəblərdə davranış qaydalarına ciddi riayət edildiyini bildirib. Pandemiya dövründə müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, kütləvi tədbirlərin keçirilməməsi, sosial məsafənin gözlənilməsi, müəllimlərin maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadəsinə ciddi riayət olunmasının vacibliyini qeyd edib. Bütün məktəblərin tibbi maska, üz sipəri, spirt, dezinfeksiyaedici və qoruyucu vasitələrlə tam təmin edildiyini vurğulayıb. Sonra "Virtual məktəb"dən qeydiyyatdan keçən və istifadə edən, əlavə proqramlardan istifadə edən müəllim və şagirdlər, teledərslərə cəlb olunanlar haqqında mövcud olan vəziyyət müzakirə olunub. Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Bəsdi Ələkbərova, Səməd Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova və başqaları çıxış edərək ölkəmizdə yaşanan çətin bir vaxtda, koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda müəllim və şagirdlərin təhsildən geri qalmamaları üçün atılan addımları, görülən işləri, dövlətin, dövlət başçısının təhsilə olan qayğısını, dəstəyini bir ziyalı olaraq yüksək qiymətləndirib və bütün bunlara görə ölkə başçısına təhsil işçiləri adından minnətdarlıqlarını bildiriblər. Rəhbərlik etdikləri məktəblərdə keçirilən onlayn dərslər barədə məlumat verən məktəb direktorları həmin dərslərin əyani tədrisi əvəz etməsə də şagirdlərin təhsildən geri qalmamaları üçün mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Fevralın 1-dən başlayaraq əyani tədrisin bərpa olunmasını razılıq hissi ilə qarşılayan məktəb direktorları tədrisə qaldıqları yerdən başlayacaqlarını bildiriblər. Ölkə Prezidentinin rəhbərliyi altında həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində tez bir zamanda bu bəlanın yox olacağını, həyatın öz axarı ilə davam edəcəyini, o günün isə uzaqda olmadığını qeyd ediblər.
GOYEZEN.AZGeri qayıt |