• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmış Şükür Cürənovu ziyarət edib


Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi! Haqq səsimizi dünyaya çatdıran haqq savaşımız! Bu, o müharibədir ki, Azərbaycan dövləti 44 günlük savaşda tarixi ədaləti bərpa etdi. Azərbaycan İkinci Qarabağ müharibəsində Qələbə qazandı. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz canı-qanı bahasına mənfur düşmənin "məğlubedilməz erməni ordusu” mifini 44 günə dağıtdı, yerlə-yeksan etdi. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Və bu müharibə hərb tariximizə Azərbaycanın şanlı Qələbəsi kimi yazıldı.

Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında payı olan oğullarımızdan biri də Cürənov Şükür İbrahim oğludur. O, 16 sentyabr 1999-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbi bitirib. Hələ hərbi xidmətdə olarkən bacarıqlı, çalışqan, cəsur hərbi qulluqçulardan biri kimi komandiri tərəfindən Təşəkkür məktubu alan Şükür Vətən müharibəsində də seçilməyi bacarıb. Ön cəbhədə vuruşub. 2020-ci ilin may ayının 8-dən Azərbaycan Ordusunun "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlayan Şükür Cürənov Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 10 noyabr 2020-ci il tarixdə saat 06:30-da Xocavənd rayonunda sol qolunun yuxarı hissəsindən yaralanıb. Müalicəsini Tovuz Rayon Mərkəzi Xəstəxanasında alan Şükür noyabrın 25-dən doğulduğu Daş Salahlı kəndinə ailəsinin yanına qayıdıb. Səhhəti ilə əlaqədar məzuniyyətdə olan Şükür sağlamlığına qovuşan kimi yenə öz işinin başına, döyüş yoldaşlarının yanına qayıdacağı günü səbirsizliklə gözləyir. 

Bu gün bizlər də vətəndaş olaraq Vətən uğrunda canını fəda edən, sağlamlığını itirən əsgər və zabitlərimizi, hərbçilərimizi, qanları ilə dastan yazan şəhidlərimizi tanımalı və tanıtmalıyıq. Onlarla hər zaman qürur duymalıyıq.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə qayğı göstərməyi fəaliyyətinin əsas hissəsi hesab edir. Bu amili əldə rəhbər tutan icra başçısı bu gün də öz ənənəsini davam etdirir.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə yaralı hərbçimiz Şükür Cürənovu da evində ziyarət edib. "Sizlərin hər biri bizim üçün qəhrəmansınız. Sizlər hər şeyin ən yaxşısına layiqsiniz”, - deyən icra başçısı yaralımızın səhhəti və qayğıları ilə maraqlanıb.

Ölkə Prezidenti tərəfindən hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan söz açan rayon rəhbəri həmin qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

Vətən uğrunda gedən döyüşlərdə yaralanan Şükür Cürənov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun "İrəli!” əmrini layiqincə yerinə yetirən igid Vətən oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. "İşğaldan azad olunan torpaqlarımıza mənim, eləcə də döyüş yoldaşlarımın qanı tökülüb. Bizlər bir daha imkan verməməliyik ki, yağı düşmən bizim torpaqlara yad gözlərlə baxsınlar”, - deyən Şükür əldə edilən Qələbə münasibətilə xalqımızı təbrik edib. Vətən uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tez zamanda sağalmağı arzulayıb.

Yaralımızın yaxını Ələsgər Məhərrəmov Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizlə fəxr etdiyini dilə gətirib. Şükürə, eləcə də digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və icra başçısına minnətdarlığını bildirib.

Dörd bacının bir qardaşı olan Şükürə biz də tez zamanda sağalmasını və yenidən Vətənin keşiyində dayanmasını arzu edirik.


 

GOYEZEN.AZ



Facebook-da paylaş