Prezident İlham Əliyev: “Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir”
Sentyabrın 14-də "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin
nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev açılışda iştirak edib. Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı
və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ümumilikdə 2019-cu ildə
Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki,
bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6
ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye
Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi
9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının
ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda Parkda
fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub. Ölkə Prezidenti qeyd edib ki: "Sumqayıt bu
gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir.
Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə
başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və daxili tələbatımızı təmin
edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə
uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik.
Bu da böyük nailiyyətdir”. Dövlət başçısının da vurğuladığı kimi: "Daxili
tələbat nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir. Burada
Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki son
illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas
işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha
böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da
texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük
diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu
verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir. Güzəştli
kreditlər ayrılmalıdır ki, idxaldan asılılıq maksimum dərəcədə azalsın. Çünki hər
bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq
çalışmalıdır”. Ölkə başçısı onu da bildirib ki: "Tədiyə
balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli
ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki
bu gün tədiyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz
amilidir. Amma çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında
həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək
istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə
başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər
azalıbdır. Bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi 300
milyon manata qənaət edilib. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da
var. Çalışmaq lazımdır ki, istehsalat artsın və bu məhsul ixrac edilsin”. Dövlətimizin başçısı onu da qeyd edib ki: "O
cümlədən təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki,
qadağalar qüvvəyə minibdir. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyönümlü
müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. İndi bizim tütün
istehsalımız, keyfiyyətli avadanlığımız var. Tütün istehsalı olmayan bəzi ölkələr
nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal
edib satırlar. Siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq
qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə,
kənd təsərrüfatının inkişafına da təkan verilsin”. Ölkə rəhbəri bildirib ki, "Bu gün biz
Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı
görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə
bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr,
həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə
burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur”. Dövlət başçısı onu da qeyd edib ki: "Xaricdə
yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan
onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan
onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə
iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar
da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar.
Bütün bu amillər düzgün istiqamətə səfərbər edilsə, onda Azərbaycana investisiya
axını dayanmayacaq. Əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya
nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib.
Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən
hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf
dinamikasına sahib olaq”. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının
ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində
açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk
dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır.
Bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir
infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri
aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın
rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də
Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə
etmək imkanı qazanacaqlar.
GOYEZEN.AZ
Facebook-da paylaş