Qazax rayonunda sənaye zonası yaradılacaq
Foto - Reportaj
Müasir istehsal infrastrukturuna malik sənaye zonasının yaradılması ölkədə sənaye sahələrinin inkişafını, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye zonasının yaradılması, həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, ətraf rayonlarda məşğulluğun təmini baxımından xüsusilə əhəmiyyətlidir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq ölkəmizdə sənaye zonasının yaradılmasına başlanılmışdır. Artıq bu istiqamətdə işlər davam etdirilir, müvafiq Sərəncamdan irəli gələn vəzifələr həyata keçirilir.
Qazax rayonunda 2000-ci ildən fəaliyyət göstərən “Saloğlu” mebel fabriki nəinki respublikamızda, eləcə də artıq xarici ölkələrdə belə tanınır. Fabrik Qərb bölgəsinin ən böyük rəqabətli müəssisələrindən biridir. Fabrikin istehsal etdiyi məhsullar alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır.
Burada çalışan 350-dən artıq işçi Qazax və Ağstafa rayonlarını təmsil edir. Müəssisədəki müxtəlif adda olan 8 sexdə məhsullar öz profilinə uyğun olaraq hissə-hissə hazırlanaraq mebel və oradan fabrikin ölkəmizin müxtəlif yerlərində fəaliyyət göstərən satış mağazalarına göndərilir.
GOYEZEN.AZ saytının əməkdaşları fabrikdə olarkən müəssisədə çalışan işçilərlə söhbət aparıblar. Tikiş dəzgahının operatoru Orxan Abbasov, dərzi Elnarə Pənahova müəssisədəki işlərindən çox razılıqla söz açıblar Qeyd ediblər ki, fabrikdəki işlərindən, onlar üçün yaradılmış iş şəraitindən çox razıdırlar. Divan yastıqlarının doldurulması sexinin usta köməkçilərindən Vüsalə Şəmilova və Əfsanə Qocayeva da eyni fikirləri söyləyiblər.
Divan-döşəmə sexinin ustası Elfaq Yusifov, usta köməkçisi Kərəm Əkbərov, metal sexinin rəisi Elbrus Kərimov fabrikdə yaradılmış şəraitdən razılıq etməklə yanaşı aldıqları əmək haqlarının da normal olduğunu qeyd ediblər. Bildiriblər ki, həm işimiz yaxşıdı, həm də maaşımız. Ona görə də fabrikdə həvəslə çalışırıq.
Onu da qeyd edək ki, Qazax rayonunda yaradılacaq sənaye zonasında bir neçə yeni istehsal müəssisələri fəaliyyət göstərəcəkdir. Bunlardan tikiş fabrikini, süngər istehsalı fabrikini, metal işləmə fabrikini, elektrod istehsalat zavodunu misal göstərmək olar. Məqsəd idxaldan asılılığı azaltmaq, əlavə vəsait xərclənməsinin qarşısını almaq, əhalinin məşğulluluğunu artırmaqdır. Eyni zamanda əsas hədəflərdən biri məhsul istehsalını artırmaq, daxili bazarı gücləndirmək, ixrac potensialını genişləndirmək və ölkəyə valyutanın cəlb edilməsidir. Dövlət Proqramında qarşıya qoyulmuş bu vəzifə yerinə yetiriləcəkdir.
Elçin İSMAYIL
Facebook-da paylaş