Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti - VİDEO
- Əziz
müəllimlər, tələbələr, şagirdlər. Mən
sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni
şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni
formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki,
Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu
məqsədi güdür. Bildirməliyəm
ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq
xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının
əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və
bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki,
bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz
görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının
böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs
ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar,
müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər. Biz
hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan
sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi,
Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə
danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq
mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır.
Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz
normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi
bərpa olunacaqdır. Biz
pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına
baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik,
eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi,
biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5
milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək
bu gün də davam etdirilir. Məktəb
tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə
tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə
gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur.
Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə
inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük
işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş
vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış "Yeniləşən Azərbaycana
yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur. Son
2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir
və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və
əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə
Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu,
bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda
hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və
yenidən inşa edilmişdir. Bu il, eyni zamanda, ali məktəblərin korpuslarının
tikintisi təmin edilmişdir. İyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin
yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilmişdir. Bu korpusun
sahəsi 22 min kvadratmetrdir. Sentyabr ayında isə Azərbaycan Dövlət İqtisad
Universitetinin yeni korpusu. Bu korpusun sahəsi 13 min kvadratmetrdir. ADA-nın
yeni iki korpusu istifadəyə verilmişdir və bu korpusların sahəsi 35 min
kvadratmetrdir. Beləliklə, cəmi bir il ərzində üç ali məktəbin 70 min
kvadratmetr sahəsi olan yeni korpusları tikilib. Təbii ki, bu, böyük vəsait
tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki təhsilə ayrılan vəsait gələcəyə
ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz "qara qızıl”ı insan kapitalına
çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki
təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali
məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti
artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim
məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar,
olimpiadaların qalibləri olurlar. Deyə bilərəm ki, müəllim peşəsinə maraq bərpa
olunub və artır, bu da özünü rəqəmlərdə göstərir. Müəllim peşəsini seçən
gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış
bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti
yaxşılaşıbdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər,
müəllimlərin əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən
müəllimlərimiz yüksək maaş alırlar. Əlbəttə ki, bu, gənclərimizin müəllim olmaq
istəyini əsaslandırır, eyni zamanda, müəllim peşəsi bütün dövrlərdə
Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur. Mən çox şadam ki, bu gün biz
bu peşənin prestijini bərpa edirik və bu, eyni zamanda, gələcəkdə Azərbaycanda
bilikli, savadlı insanların sayının artmasına gətirib çıxaracaq. Çünki müasir
dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən
edəcəkdir, bu, şübhəsizdir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə
baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf
etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına. Bu gün
dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş
ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər
bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü
daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir
ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir.
Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan
xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə
olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da
təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin
təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim
gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı
olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün
məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində
olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini
şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim
gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər -
ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki,
ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə
müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə
etməlidirlər. Bu gün biz qloballaşma adı altında böyük siyasətin
təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən
zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan,
şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin
edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona
görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi,
gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası
dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı
olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda,
vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli
adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda
Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək. Biz
bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə
Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün
Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır.
Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar.
Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan
ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan
nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili.
Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman,
hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq
Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə
ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı
bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt
heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad,
vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır. Mən
şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab
verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız,
gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi
xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər. Mən
sizi yeni dərs ilinin başlaması münasibətilə bir daha təbrik edirəm, sizə
uğurlar arzulayıram.
Facebook-da paylaş