• Təqvim

  • Maraq



Qurban bayramında pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyənlərə qarşı lazımi tədbirlər görüləcək


Müqəddəs Qurban bayramı günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirmələri mühüm əhəmiyyət kəsb edir. Hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi və təlimatı əsasında əksər ölkələrdə bir sıra kütləvi tədbirlərin, eləcə də dini ayin və mərasimlərin keçirilməsi təxirə salınıb və yaxud ciddi məhdudiyyətlər tətbiq olunan şəraitdə həyata keçirilir. Bir sıra müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da müqəddəs Qurban bayramında pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl olunmasına böyük önəm verilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu məsələ ilə bağlı videokonfrans keçirilib. Videokonfransda Qazax RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev, Qazax Rayon Polis Şöbəsində rəis müavini Şakir Rüstəmov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional bölməsinin rəisi Gündüz Qəmbərov, Qazax Ət Kəsimi Məntəqəsinin rəhbəri Murad Alıyev, Şıxlı Ət Kəsimi Məntəqəsinin rəhbəri Natiq Məmmədov, RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri iştirak ediblər.

 

Qazax RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev giriş sözü ilə çıxış edərək videokonfrans iştirakçılarını salamlayıb, qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə rayon rəhbərliyinin adından təbrik edib, səmimi arzularını çatdırıb. Keçirilən videokonfransın məqsədindən danışan A.Vəliyev Qurban bayramı tədbirlərinin, xüsusilə də qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşaraq həyata keçirilməsinin birmənalı şəkildə yolverilməz olduğunu diqqətə çatdırıb. Bu haqda istər vətəndaşlar, istərsə də ət kəsimi və satışı ilə məşğul olan sahibkarlar arasında maarifləndirmə işinin aparılmasını, xəbərdaredici bildirişlərin paylanılmasını bildirib. Həmin bildirişlərə məhəl qoymayaraq qurbanlıq heyvanların kütləvi şəkildə satışını, kəsimini təşkil edən, eləcə də xüsusi karantin rejimi dövründə pandemiya qaydalarına ciddi şəkildə əməl etməyən sahibkarlar və vətəndaşlar barəsində qanunamüvafiq qaydada tədbirlər görüləcəyini qeyd edib.


A.Vəliyev Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaşayış məntəqələri üzrə tərkibində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən Qurban bayramı günlərində reydlər keçiriləcəyini bildirib. Həmçinin AQTA Tovuz Regional bölməsinin əməkdaşları tərəfindən də lazımi tədbirlərin görüləcəyini vurğulayıb.

Qazax Rayon Polis Şöbəsində rəis müavini Şakir Rüstəmov çıxış edərək öz növbəsində videokonfrans iştirakçılarını və xalqımızı qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Qurban bayramı ərəfəsində pandemiya qaydalarını pozaraq kütləvi şəkildə ət kəsimi və satışına yol verən vətəndaşlar, eləcə də sahibkarlar haqqında aidiyyəti üzrə məlumat vermələrini bildirib.

 

AQTA Tovuz Regional bölməsinin rəisi Gündüz Qəmbərov çıxış edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi tapşırığına əsasən yerli İcra Hakimiyyəti orqanlarının, AQTA Regional bölmələrinin və Daxili İşlər Nazirliyinin yerli Polis şöbələrinin əməkdaşları tərəfindən məqsədyönlü tədbirlər həyata keçiriləcəyini bir daha diqqətə çatdırıb. Bildirib ki, tədbirlərin keçirilməsində məqsəd vətəndaşların kütləvi şəkildə toplaşmasının və yoluxma sayının artmasının qarşısını almaqdır.

A.Vəliyev videokonfransa yekun vuraraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində bu günə kimi görülmüş məqsədyönlü tədbirlərin bundan sonra da olduğu kimi, həyata keçiriləcəyini və Qurban bayramında kütləvi tədbirlərin təşkilinə yol verilməyəcəyini bildirib. Sonda bir daha aidiyyəti üzrə lazımi tapşırıq və tövsiyələrini verib.

 

GOYEZEN.AZ



Facebook-da paylaş