Müqəddəs Qurban bayramı günlərində
insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan
şəraitdə yerinə yetirmələri mühüm əhəmiyyət kəsb edir. Hazırda dünyanı bürüyən
COVID-19 pandemiyası ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi və
təlimatı əsasında əksər ölkələrdə bir sıra kütləvi tədbirlərin, eləcə də dini
ayin və mərasimlərin keçirilməsi təxirə salınıb və yaxud ciddi məhdudiyyətlər
tətbiq olunan şəraitdə həyata keçirilir. Bir sıra müsəlman ölkələrində olduğu
kimi, Azərbaycanda da müqəddəs Qurban bayramında pandemiya dövrünün tələblərinə
ciddi şəkildə əməl olunmasına böyük önəm verilir.
Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu məsələ ilə bağlı videokonfrans
keçirilib. Videokonfransda Qazax RİH başçısı aparatında Ərazi idarəetmə və
yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev, Qazax Rayon Polis Şöbəsində rəis müavini Şakir Rüstəmov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional bölməsinin rəisi Gündüz Qəmbərov, Qazax
Ət Kəsimi Məntəqəsinin rəhbəri Murad Alıyev, Şıxlı Ət Kəsimi Məntəqəsinin rəhbəri Natiq
Məmmədov, RİH başçısının şəhər və kənd İnzibati Ərazi
Dairələri üzrə nümayəndələri iştirak ediblər.
Qazax RİH başçısı aparatında Ərazi
idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil
Vəliyev giriş sözü ilə çıxış edərək videokonfrans iştirakçılarını salamlayıb, qarşıdan
gələn müqəddəs Qurban bayramı münasibətilə rayon rəhbərliyinin adından təbrik
edib, səmimi arzularını çatdırıb. Keçirilən videokonfransın məqsədindən danışan
A.Vəliyev Qurban bayramı tədbirlərinin, xüsusilə də qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşaraq həyata
keçirilməsinin birmənalı şəkildə yolverilməz olduğunu diqqətə çatdırıb. Bu
haqda istər vətəndaşlar, istərsə də ət kəsimi və satışı ilə məşğul olan
sahibkarlar arasında maarifləndirmə işinin aparılmasını, xəbərdaredici
bildirişlərin paylanılmasını bildirib. Həmin bildirişlərə məhəl qoymayaraq
qurbanlıq heyvanların kütləvi şəkildə satışını, kəsimini təşkil edən, eləcə də
xüsusi karantin rejimi dövründə pandemiya qaydalarına ciddi şəkildə əməl
etməyən sahibkarlar və vətəndaşlar barəsində qanunamüvafiq qaydada tədbirlər
görüləcəyini qeyd edib.
A.Vəliyev Qazax Rayon İcra Hakimiyyətinin
təşəbbüsü ilə yaşayış məntəqələri üzrə tərkibində bir nəfər DİN əməkdaşı
olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairələri
üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən
ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən Qurban bayramı günlərində
reydlər keçiriləcəyini bildirib. Həmçinin AQTA Tovuz Regional bölməsinin əməkdaşları tərəfindən də lazımi
tədbirlərin görüləcəyini vurğulayıb.
Qazax Rayon Polis Şöbəsində rəis
müavini Şakir Rüstəmov çıxış edərək öz növbəsində videokonfrans iştirakçılarını
və xalqımızı qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Qurban bayramı ərəfəsində pandemiya qaydalarını pozaraq kütləvi şəkildə ət
kəsimi və satışına yol verən vətəndaşlar, eləcə də sahibkarlar haqqında
aidiyyəti üzrə məlumat vermələrini bildirib.
AQTA Tovuz Regional bölməsinin
rəisi Gündüz Qəmbərov çıxış edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin
rəsmi tapşırığına əsasən yerli İcra Hakimiyyəti orqanlarının, AQTA Regional
bölmələrinin və Daxili İşlər Nazirliyinin yerli Polis şöbələrinin əməkdaşları
tərəfindən məqsədyönlü tədbirlər həyata keçiriləcəyini bir daha diqqətə
çatdırıb. Bildirib ki, tədbirlərin keçirilməsində məqsəd vətəndaşların kütləvi
şəkildə toplaşmasının və yoluxma sayının artmasının qarşısını almaqdır.
A.Vəliyev videokonfransa yekun
vuraraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması
istiqamətində bu günə kimi görülmüş məqsədyönlü tədbirlərin bundan sonra da
olduğu kimi, həyata keçiriləcəyini və Qurban bayramında kütləvi tədbirlərin
təşkilinə yol verilməyəcəyini bildirib. Sonda bir daha aidiyyəti üzrə lazımi tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ
Geri qayıt
|