• Təqvim

  • Maraq



Pandemiyaya mübarizədə həkimlər ön xəttədir və tibbi personal dövlətin qayğısını hiss edir, onlar bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışırlar


İyunun 9-da Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı olub.

Həmin tədbirdə dövlət başçısı həkimlərin fəaliyyətini, fədakarlığını bir daha yüksək qiymətləndirib. Ölkə Prezidenti qeyd edib ki, "Xüsusilə həkimlərin fəaliyyətini, fədakarlığını qiymətləndirmək istərdim. Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır”.

Ölkə başçısı İlham Əliyevin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında 18 mart 2020-ci il tarixli Sərəncamı da Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən daha bir qiymətdir.  Eyni zamanda bu Sərəncam təkcə tibb işçilərinə qayğı kimi deyil, həm də koronavirusa yoluxmuş, yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da qayğı kimi qiymətləndirilməlidir. Çünki hər xəstənin müalicəsi özlüyündə növbəti yoluxma hadisəsinin qarşısının da alınması deməkdir. Nəzərə almaq lazımdır ki, koronavirusa yoluxmuş bir xəstə təqribən yüz vətəndaşı yoluxdurma potensialına sahibdir və buna qarşı vaxtında mübarizə aparmaq lazımdır. Ona görə də ölkə Prezidentinin Sərəncamı həm də xəstəliyə qarşı önləyici tədbirləri motivasiya edən addım kimi də qiymətləndirilə bilər.

Ölkə başçısının pandemiya ilə mübarizə aparan həkimlərimizə, tibb işçilərinə verdiyi yüksək qiymət, böyük dəyər, xüsusilə də onların əməyini ayaq üstə alqışlaması bu gün hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır, hər birimiz onların əməyini yüksək qiymətləndirməliyik. Hər birimiz xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlərin danılmaz olduğunu, pandemiya ilə mübarizədə uğurun əldə edilməsində heç şübhəsiz ki, həkimlərin, tibb işçilərinin böyük rolu oldğunu bilməliyik. Çünki koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə "əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.

Qazax Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlər və tibb işçiləri də ölkəmizdə yaşanan bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə əsl güc, dəyanət nümayiş etdirirlər. Vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirərək üzərilərinə düşən işin öhdəsindən layiqncə gəlməyə çalışırlar.

Dövlət başçısının həkimlərimizə verdiyi böyük dəyər Qazaxda da nümunə götürülür. Aprelin 17-də Qazax Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində həkim infeksionist Yusifova Nərgiz Bahəddin qızına və Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində feldşer laborant Kosayeva Dilqənd Məhəmməd qızına koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanlarının və gül dəstələrinin təqdim olunması, həmçinin şöbədə çalışan bütün tibb işçilərinin mükafatlandırılması bu sahədə görülən işlərin bariz nümunəsidir.

GOYEZEN.AZ



Facebook-da paylaş