“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 97-ci kitabı çapdan çıxıb
"İlham
Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 97-ci kitabı çapdan çıxıb.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir
ki, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 97-ci
kitabındakı materiallar 2019-cu ilin oktyabr-noyabr aylarını əhatə edir.
Ötən il
noyabrın 14-15-də Bakıda Dünya Dini Liderlərinin II Sammiti keçirilib.
Prezident İlham Əliyev Sammitin açılış mərasimində geniş nitq söyləyib.
Beynəlxalq təşkilatların və dünya dini liderlərinin Azərbaycanda dinlərarası
dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında dəfələrlə fikir söylədiyini
xatırladan, bu yüksək qiymətin reallığı əks etdirdiyini bildirən dövlətimizin
başçısı deyib: "Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli
köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz
çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik
ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır”. Prezidentin
milli dəyərlər, tolerantlıq, dinlərarası dialoqun əhəmiyyəti barədə bu və digər
fikirlərinin yer aldığı dərin məzmunlu nitqinin mətni 97-ci kitaba daxil
edilib.
Nəşrdə
Azərbaycan Prezidentinin Bakıda keçirilən "Qoşulmama hərəkatı”na üzv ölkələrin
dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə söylədiyi geniş nitqinin
mətni, ölkəmizə gələn dövlət və hökumət rəhbərləri ilə görüş və danışıqlarına
dair materiallar da toplanıb.
Kitabda
Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Koreya, Birləşmiş Ərəb
Əmirlikləri, Böyük Britaniya, Rusiya və digər dövlətlərin yüksəkvəzifəli
nümayəndələrini, MDB Müdafiə Nazirləri Şurası iclasının iştirakçılarını,
ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etməsinə dair informasiyalar
verilib.
Azərbaycan
Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır ki, bu da
hər bir cilddə öz əksini tapır.
Oxucular
dövlətimizin başçısının Qəbələ və Ağdaş rayonlarına səfərləri zamanı bölgələrdə
infrastruktur obyektlərinin açılış mərasimlərində çıxışlarının mətnləri,
həmçinin ictimaiyyət nümayəndələri ilə görüşlərinə aid materiallarla bu kitabda
tanış ola bilərlər.
Yeni nəşrdə
Prezident İlham Əliyevin məsul vəzifələrə təyin etdiyi şəxsləri qəbul etməsinə
dair materiallar, "Neft daşları”nın 70 illiyi münasibətilə Azərbaycan
neftçilərinə təbrik məktubu və digər məktubları da yer alıb.
Kitabda
"Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr”
tərəfindən buraxılan 97-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC)
materiallarından istifadə olunub.
Facebook-da paylaş