“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 94-cü kitabı çapdan çıxıb
"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 94-cü kitabı çapdan
çıxıb. GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir
ki, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 94-cü
kitabındakı materiallar 2019-cu ilin martından may ayınadək olan dövrü əhatə
edir. Ötən il mayın 2-də və 3-də Bakıda "Ayrı-seçkilik, qeyri-bərabərlik və
zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Prezident İlham Əliyev
Forumun açılış mərasimində geniş nitq söyləyib. Azərbaycanın əsrlərboyu
müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə
yaşayıb-yaratdığı məkan olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Tarix
və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət
ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz
bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi
həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar
da əsrlərboyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda
yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik”. Dövlətimizin başçısının Forumun açılış mərasimində dərin məzmunlu nitqinin
mətni 94-cü kitaba daxil edilib. Nəşrdə Prezident İlham Əliyevin Avstriya Respublikasına, Çin Xalq
Respublikasına, Belçika Krallığına işgüzar səfərləri zamanı bu ölkələrin
rəhbərləri ilə görüş və danışıqlarına dair materiallar, Pekində "Bir kəmər –
bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışının, habelə Çinin "Sinxua”
agentliyinə müsahibəsinin mətnləri verilib. Dövlətimizin başçısı bütün görüş və
danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya
ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və
prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb. Oxucu yeni kitabda Prezident İlham Əliyevin Azərbaycanın 10 milyonuncu
sakininin dünyaya gəlməsi münasibətilə xalqımıza təbriki, ümummilli lider
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun
yaradılmasının 15 illiyinə həsr edilmiş təntənəli mərasimdə söylədiyi nitqin
mətni ilə tanış ola bilər. Prezident İlham Əliyevin
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqlərinin,
Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış yeni yaşayış
kompleksinin, habelə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST)
və ilk DOST Mərkəzinin inzibati binasının açılış mərasimlərində çıxışlarının
mətnləri, Qobustan rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə
görüşünə dair materiallar da nəşrə daxil edilib. Kitabda "Qeydlər”,
"Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib. "Azərnəşr” tərəfindən
buraxılan 94-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC) materiallarından istifadə olunub.
Facebook-da paylaş