Əsas Səhifə > Manşet / Rəsmi > “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 97-ci kitabı çapdan çıxıb
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 97-ci kitabı çapdan çıxıb29-04-2020, 09:18 |
"İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 97-ci kitabı çapdan çıxıb. GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 97-ci kitabındakı materiallar 2019-cu ilin oktyabr-noyabr aylarını əhatə edir. Ötən il noyabrın 14-15-də Bakıda Dünya Dini Liderlərinin II Sammiti keçirilib. Prezident İlham Əliyev Sammitin açılış mərasimində geniş nitq söyləyib. Beynəlxalq təşkilatların və dünya dini liderlərinin Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında dəfələrlə fikir söylədiyini xatırladan, bu yüksək qiymətin reallığı əks etdirdiyini bildirən dövlətimizin başçısı deyib: "Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır”. Prezidentin milli dəyərlər, tolerantlıq, dinlərarası dialoqun əhəmiyyəti barədə bu və digər fikirlərinin yer aldığı dərin məzmunlu nitqinin mətni 97-ci kitaba daxil edilib. Nəşrdə Azərbaycan Prezidentinin Bakıda keçirilən "Qoşulmama hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə söylədiyi geniş nitqinin mətni, ölkəmizə gələn dövlət və hökumət rəhbərləri ilə görüş və danışıqlarına dair materiallar da toplanıb. Kitabda Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Rusiya və digər dövlətlərin yüksəkvəzifəli nümayəndələrini, MDB Müdafiə Nazirləri Şurası iclasının iştirakçılarını, ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etməsinə dair informasiyalar verilib. Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ kimi qaldırılır ki, bu da hər bir cilddə öz əksini tapır. Oxucular dövlətimizin başçısının Qəbələ və Ağdaş rayonlarına səfərləri zamanı bölgələrdə infrastruktur obyektlərinin açılış mərasimlərində çıxışlarının mətnləri, həmçinin ictimaiyyət nümayəndələri ilə görüşlərinə aid materiallarla bu kitabda tanış ola bilərlər. Yeni nəşrdə Prezident İlham Əliyevin məsul vəzifələrə təyin etdiyi şəxsləri qəbul etməsinə dair materiallar, "Neft daşları”nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərinə təbrik məktubu və digər məktubları da yer alıb. Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib. "Azərnəşr” tərəfindən buraxılan 97-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub. Geri qayıt |