Şöhrət ordenli məşqçimiz Firdovsi Umudov bu dəfə də öz həmyerlilərinin yanında oldu
Hər zaman beynəlxalq səviyyəli mötəbər yarışlarda, çempionatlarda, olimpiadalarda qazandığı qələbələrlə, əldə etdiyi nailiyyətlərlə ölkəmizi layiqincə təmsil edən, üçrəngli Azərbaycan Bayrağını yüksəklərdə dalğalandıran, Dövlət Himnimizi şərəflə səsləndirən "Şöhrət” ordenli məşqçi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov öz nəcib və xeyirxah əməlləri ilə də ürəkləri fəth edir. Həmişə qayğıya ehtiyacı olan insanların yanında olan F.Umudov bu dəfə də onları tək qoymayıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına və Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan F.Umudov hər zaman qazaxlıların, həmyerlilərinin yanında olduğunu bir daha göstərib. O, koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Qazaxda qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək olmaqla, sözün əsl mənasında birlik, həmrəylik nümayiş etdirib.
"Gənc Könüllülər”lə birlikdə həmyerlilərinin yanında olan F.Umudov tərəfindən Qazax rayonlararası Gözdən Əlillər Cəmiyyətinin 69 nəfər imkansız əlil üzvünə, Yuxarı Əskipara kəndindən məcburi köçkün olan 32 ailəyə, eləcə də 100-ə yaxın dəstəyə ehtiyacı olan aztəminatlı ailəyə gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı başda olmaqla rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının "Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq, hər zaman həmyerililərin yanında olan F.Umudova təşəkkürlərini çatdırıblar. Dövlətin dəstəyini hər an hiss etdiklərini qeyd edən sakinlər bu gün bunun bir daha şahidi olduqlarını dilə gətiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş