Qazaxda koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblərin icrasına start verilib
Bütün dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə geniş tədbirlər planı həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində lazımi işlər görülür.
Respublikamızın şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər birmənalı şəkildə icra edilir.
Müvafiq ərazilərdə təmizlik və dezinfeksiya işləri isə xüsusi karantin rejimi dövrü bitənədək aşağıdakı tələblərə riayət edilməklə aparılmalıdır:
1. Açıq ərazilər gündə 1 dəfə təmizlənməli, hər iki gündə bir dəfə dezinfeksiya edilməlidir:
- avtomobil yolları, səkilər;
- körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri, avtomobil dayanacaqları;
- şəhər və dənizkənarı parklar.
2. Yaşayış və qeyri-yaşayış binaları:
- girəcəklər, pilləkən qəfəsələri, liftlər, yeraltı avtomobil dayanacaqları, həyətyanı sahələr hər gün təmizlənməli və həftədə 2 dəfə dezinfeksiya edilməlidir;
- tez-tez toxunulan bütün tutacaqlar, masalar, işıq açarları və s. səthlər gündə ən azı 1 dəfə, həftədə 2 dəfə isə dezinfeksiyaedici maddə ilə təmizlənməlidir.
3. Fəaliyyətinə icazə verilmiş ticarət və xidmət obyektlərində, apteklərdə ümumi istifadədə olan ərazilər, tez-tez toxunulan bütün tutacaqlar, masalar, işıq açarları və s. səthlər hər gün təmizlənməli və dezinfeksiya edilməlidir.
4. Bütün ödəniş terminalları, bankomatlar hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməlidir.
5. Sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələrinin tutacaqları və oturacaqları, dayanacaqlarının oturacaqları hər gün bir dəfədən az olmayaraq dezinfeksiya edilməlidir.
6. Məişət tullantılarının yığılması üçün istifadə olunan bütün konteynerlər, ictimai binalarda və ərazilərdə olan tullantı qabları gündə 1 dəfə təmizlənməli və həftədə 2 dəfə dezinfeksiya edilməlidir.
7. Epidemiya aşkarlanmış ərazilərdə təmizlik işləri 2-4 saatda bir dəfədən, dezinfeksiya işləri isə həftədə 2 dəfədən az olmayaraq aparılmalıdır.
8. İctimai yerlərdə istifadə olunan bütün əşyalar, qurğular fərqli vasitələrlə təmizlənməli və dezinfeksiya edilməlidir.
9. Bütün təmizlik işləri aşağıdakı qaydada aparılmalıdır;
- təmizlik işləri daha təmiz ərazidən başlanmalı və çirkli əraziyə doğru davam etdirilməlidir;
- təmizlik məqsədilə ümumi təyinatlı maye qələvi yuyucu vasitələrdən istifadə edilməlidir;
- işçilər əlcək və digər qoruyucu vasitələrlə təmin olunmalıdır;
- istifadə olunmuş əlcəklər təmiz yuyulmalı və qurudulmalıdır;
- yarasız hala düşmüş və ya zədələnmiş əlcəklər yeniləri ilə əvəz olunmalıdır;
- təmizlik işləri bitdikdən sonra istifadə olunan avadanlıqlar təmizlənməlidir;
- məişət tullantılarının yığılması üçün istifadə olunan konteynerlər və tullantı qutularına nəzarət edilməli və onların tam dolmaması üçün boşaldılaraq daşınması təmin edilməlidir.
10. Təmizlik və dezinfeksiya işlərindən sonra əllər və biləklər su və sabunla 20 saniyədən az olmayan müddətdə yuyulmalıdır.
Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tapşırıq və tövsiyələr Qazaxda da birmənalı şəkildə yerinə yetirilir.
Xüsusi karantin rejimi dövrü bitənədək müvafiq ərazilərdə təmizlik və dezinfeksiya işləri lazımi tələblərə riayət edilməklə aparılır. Əvvəlcədən başlanılan dezinfeksiya işləri qeyd olunan tələblər də daxil olunmaqla olduğu kimi icra olunur. Artıq tələblərdən irəli gələn işlərin həyata keçirilməsinə start verilib.
GOYEZEN.AZ
Facebook-da paylaş