Daş Salahlı kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2019-cu ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə keçirilən hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya dövlətləri arasında güclü dövlət kimi tanınır. Bu inkişaf və tərəqqini dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində ölkəmizin son 15 ildə qazandığı uğur və nailiyyətlərdən də aydın şəkildə görmək olar. Son illərdə ölkəmizin beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun artması bunun bariz nümunəsidir.
İcra başçısı qeyd edib ki, yanvarın 13-də cənab Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı ölkə başçısının söylədiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycan gündən-günə durmadan inkişaf edir. Müşavirədə ölkə başçısı 2019-cu il ərzində Azərbaycanda həyata keçirilmiş genişmiqyaslı işlərə, qazanılan uğur və nailiyyətlərə öz münasibətini bildirmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Ölkə başçısı öz çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bildirmişdir.
İcra başçısı bildirib ki, başa vurduğumuz 2019-cu il ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonu üçün də hər bir sahədə uğurlu olmuşdur. Bunu istər sosial obyektlərin inşasında, istər kənd təsərrüfatının inkişafında, istərsə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir. Rayonumuzda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıq sayəsində deyə bilərik ki, 2019-cu il kənd təsərrüfatı üçün məhsuldar bir il olmuşdur.
"2019-cu il həm də Qazax rayonu üçün tikinti-quruculuq ili kimi yadda qaldı”, - deyən rayon rəhbəriistər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş "Azerlime” Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən "İkinci Şıxlı Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını da işsizliyin aradan qaldırılması istiqamətində görülən işlər kimi vurğulayıb. Qeyd edib ki, hazırda rayonda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilişləri uğurla davam etdirilir.
Ölkə başçısının yeni avtomobil yollarının çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə, Sərəncamlara uyğun olaraq Qazaxda bu sahədə məqsədyönlü işlərin görüldüyünü qeyd edən icra başçısı rayonda olan təmirli yollardan söz açıb. Bildirib ki, bu gün rayonda olan yüksək keyfiyyətli yollara misal olaraq Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərində çəkilən yeni asfalt yolları göstərə bilərik.
Respublikamızda, eləcə də bölgələrimizdə
təhsilin inkişafı üçün görülən məqsədyönlü işlərdən danışan icra başçısı
Qazaxda "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra
edildiyini bildirib. İlin əvvəlində 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin əsaslı yenidənqurmadan
sonra istifadəyə verilməsini, daha sonra "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə
ehtiyacı olan 11 məktəbin salınmasını, Heydər Əliyev Fondu tərəfindən Xalq
yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd
tam orta məktəbin əsaslı tikintisini, 220 şagird yerlik Ş.Nəsibova adına Sarıvəlli
kənd tam orta məktəb üçün yeni binanın inşa olunmasını, Təhsil Nazirliyi tərəfindən 180 şagird yerlik Qaymaqlı kənd tam orta məktəbi üçün yeni binanın tikilməsini
gələcəyimiz olan uşaqlara, eləcə də təhsil sahəsinə olan diqqət və qayğı kimi
qeyd edib.
Bağçalarda
aparılan əsaslı yenidənqurma işlərindən söz açan icra başçısı yola saldığımız
2019-cu ilin bu sahədə əlamətdar olduğunu qeyd edib. 2019-cu ilin əvvəlində 90
yerlik şəhər 6 saylı körpələr evi-uşaq bağçasının və may ayında Qazaxbəyli
kənd uşaq bağçasının istifadəyə verilməsini bu sahədə görülən işlərin davamı
kimi göstərib. Vurğulayıb ki, beləliklə, son 3 ildə rayon üzrə olan 25
bağçadan 21-i müasir standartlara cavab verən səviyyəyə çatdırıldı. Həmin təmirli
bağçalardan ikisi də məhz Daş Salahlı kəndindədir.
İcra başçısı Daş Salahlı kəndində
mövcud olan problemlərdən birinin də məhz kəndin içməli və suvarma suyu ilə
bağlı olduğunu bildirib. Rayon rəhbəri bu məsələnin köklü şəkildə həll olunması
müvafiq tədbirlər görüləcəyini söyləyib.
Daş Salahlı kənd İƏD-si üzrə
nümayəndə Tahir Hüseynli hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, son illərdə,
xüsusilə də 2019-cu ildə ölkəmizin qazandığı uğurlardan
görmək olar ki, Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və
bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə
uğurla inkişaf edir. Respublikamızda gedən hərtərəfli inkişaf rayonumuzda, eləcə
də kəndlərimizdə də yüksək templə davam etdirilir.
İcra nümayəndəsi bildirib ki, Daş
Salahlı kəndi rayonun ən böyük kəndlərindən biridir. Kəndin 10507 nəfər əhalisi,
3100 təsərrüfatı, 8120 hektar ərazisi vardır. Kənd ərazisində 1 bələdiyyə, 2
tam orta məktəb, 3 körpələr evi–uşaq bağçası, 1 poçt-rabitə xidməti, 2048 nömrəli
yeni elektron ATS və mobil telefon stansiyaları – Azərcell, Bakcell və Nar mobile,
1 həkim məntəqəsi, 1 polis bölməsi, 1 polis məntəqəsi, 1 mədəniyyət evi, 2
kitabxana, 1 folklor evi, 1 klub, "Daş Salahlı” Sudan İstifadə edənlər birliyi,
1 güləş dərnəyi, bir sıra respublika əhəmiyyətli sənaye obyekləri - 8 ədəd daş
karxanası, "AKKORD” sement zavodu, "Azrosprominvest” MMC, "Mətanət A” şirkəti,
"Gilan” MMC, "AAC” MMC kimi müəssisələr fəaliyyət göstərir ki, həmin təşkilatlarda
yüzlərlə Daş Salahlı kənd sakini işlə təmin olunmuşdur. Bu da kənd əhalisinin
maddi rifah halının yaxşılaşması üçün vacibdir.
Kənd ərazisində fəaliyyət göstərən
Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbində 784 nəfər şagird
təhsil alır ki, onların tərbiyəsi ilə 81 nəfər müəllim məşğul olur. 26 nəfər texniki
işçi çalışır. Hesabat ilində 1 nömrəli məktəbin 36 nəfər məzunu olmuş, onlardan
22 nəfəri ali məktəblərə sənəd vermiş, 14 nəfər ali, 6 nəfəri isə orta ixtisas
məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə daxil olan məzunların 3 nəfəri 400-dən
yuxarı bal toplamışdır.
Şahin Cəbiyev adına Daş
Salahlı kənd 2 nömrəli tam orta məktəbində isə 647 nəfər şagird təhsil alır ki,
onların təhsili ilə 70 nəfər müəllim məşğul olur. 21 nəfər texniki işçi işləyir.
2019-cu ildə 2 nömrəli məktəbin 31 nəfər məzunu olmuş, onlardan 18 nəfəri ali məktəblərə
sənəd vermişdir. Ali məktəbə daxil olmaq üçün sənəd vermiş həmin məzunlardan 15
nəfəri ali təhsil ocaqlarına qəbul olunmuş, 3 nəfər 500-dən yuxarı bal
toplamışdır.
Əvvəlki illərdə
olduğu kimi, 2019-cu il də Daş Salahlı kəndi üçün uğurlu olmuşdur. Son 4 il ərzində
olduğu kimi, 2019-cu ildə də kənd ərazisində ölkə Prezidentinin və rayon rəhbərliyinin
köməkliyi ilə bir sıra işlər görülmüşdür. Belə ki, ölkə başçısı cənab İlham Əliyevin
müvafiq Sərəncamı ilə Daş Salahlı kəndini Bakı–Ələt-Qazax Gürcüstan və Qazax–Quşcu
Ayrım avtomobil yolları ilə birləşdirən 11,5 km uzunluğunda dairəvi avtomobil yolu yenidən qurularaq istifadəyə
verilmiş, yol kənarında yerləşən yaşayış evlərinin üzəri və hasarları rənglənmişdir.
Hesabat ilində kənd ərazisində yeni yaradılmış "AzerLime” Əhəng zavoduna gedən
1,2 km yola yeni asfalt örtüyü çəkilərək yolun çiyinləri təmir edilmiş, yol kənarında
yerləşən yararsız çəpərlər sökülərək yerinə 500 metr uzunluğunda yeni metal tor
və beton dayaqlar basdırılmışdır.
Aztəminatlı ailələrin
işə cəlb edilməsi məqsədilə yaradılmış yeni iş yerlərində 8 nəfər Daş Salahlı kənd
sakini işlə təmin olunmuş, eyni zamanda rayon rəhbərliyinin köməkliyi sayəsində
2 nəfər kənd sakini Daş Salahlı kənd İcra nümayəndəliyində işlə təmin
olunmuşdur. Kənd əhalisinin rabitə xidmətinin yaxşılaşdırması məqsədilə 100
telefon nömrəlik daxili xətt şəbəkəsi genişləndirilərək əhalinin istifadəsinə
verilmiş, Qazax Sement Zavoduna məxsus su xəttindən kənd qəbiristanlığına 40
mm-lik boru ilə 1,3 kilometr uzunluğunda yeni su xətti çəkilmiş, kəndin S.Vurğun
küçəsindəki 300 mm-lik məişət su xəttinin 500 metrlik hissəsi dəyişdirilərək təmir
edilmişdir. Rayon rəhbərliyinin və Daş Salahlı kənd bələdiyyəsinin köməkdarlığı
hesabına "Dəli Qac” adlanan daxili suvarma arxının yeni beton üzlüyə alınmasına
və kənd ərazisindəki məişət tullantılarının tökülməsi üçün 1 hektar ərazidə iri
tutumlu quyunun qazılmasına və ətrafının metal torla əhatəyə alıması işlərinə
başlanılmışdır. Hazırda işlər davam etdirilir. Kənddaxili yollarda yaranan
çala-çuxurlar mütəmadi olaraq qum-çınqıl verilərək hamarlanır.
Respublikamızda kənd
təsərrüfatına aid aparılan məqsədyönlü fəaliyyət Daş Salahlı kəndində də uğurla
davam etdirilir. Son 3 ilin statistik rəqəmlərinə baxsaq bunu aydın şəkildə görərik.
Belə ki, 2016-cı ildə cəmi əkin sahəsi 1980,8 hektar olduğu halda, 2019-cu ildə
652,2 hektar və ya 33 faiz artaraq 2633,0 hektara çatmışdır. Artan əkin sahələrindən
405 hektarında buğda və arpa, 247,2 hektarında isə digər kənd təsərrüfatı məhsulları
əkilmişdir. Daş Salahlı sakinləri hər il olduğu kimi, bu il də taxıl zəmilərindən
yüksək məhsuldarlıq əldə etmişlər. Əkilmiş 1205 hektar buğda sahəsindən 4554,9
ton, yəni hektara 37,8 sentner, 700 hektar arpa sahəsindən isə 1799 ton və ya
hektara 25,7 sentner məhsul götürmüşlər. 2020-ci il üçün Daş Salahlı ərazisində
2700 hektar sahədə əkin aparılması nəzərdə tutulmuşdur ki, bunun da 1172
hektarında buğda, 750 hektarında arpa, 778,0 hektarında isə yonca və digər kənd
təsərrüfatı məhsullarının əkilməsi nəzərdə tutulmuşdur. Bu günədək 1950 hektar ərazidə
şumlama işləri aparılmış, 1172 hektar sahədə payızlıq buğda, 750 hektar sahədə
isə arpa əkini başa çatdırılmışdır. 2019-cu il taxılçılar kimi baramaçılar üçün
də uğurlu il olmuşdur. 480 kq barama planına qarşı baramaçılar 485 kq barama
yetişdirərək Şəki ipək zavoduna təhvil vermişlər ki, qarşıya qoyulmuş tapşırığa
101 faiz əməl olunmuşdur. 2019-cu ildə kənd ərazisində 4 hektar tütün əkilmiş, sahələrdən
6800 kq tütün yığılaraq tütün fabrikinə təhvil verilmiş, plana 100 faiz əməl
edilmişdir. 2020-ci ildə də kənd ərazisində 4 hektar tütün əkilməsi nəzərdə
tutulmuşdur. Kənd təsərrüfatı məhsullarının inkişafındakı artımın əsas səbəblərindən
biri də Qazax Rayon İcra Hakimiyyəti başçısının bilavasitə rəhbərliyi ilə suvarma
arxlarında aparılan təmizlik işləridir ki, uzun illərdir diqqətdən kənarda
qalmış arxlarda son 4 il ərzində çox böyük işlər görülmüşdür. Belə ki, əhalinin
suya olan tələbatını vaxtında və itkisiz ödəmək üçün 2016-2017-ci təsərrüfat
ilində 25,3 km arxın təmizlənməsi nəzərdə tutulmuş, 26, 32 km arx təmizlənmişdir.
Bunun da 20,84 km–i texnika, 5,48 km-i isə əl əməyi ilə təmizlənmişdir. 2017-2018-ci
təsərrüfat ilinə hazırlıq məqsədilə 18,39 km arx təmizlənmişdir ki, bunun da
13,89 km-i texnika, 4,5 km-i isə əl əməyi ilə, 2018-2019-cu təsərrüfat ili üçün
isə nəzərdə tutulan 17,25 km arx təmizlənmiş, 2019-2020-ci təsərrüfat ilində isə
18,6 km arxın təmizlənməsi nəzərdə tutulmuşdur. Bu günədək 15,75 km arx təmizlənmişdir
ki, bunun da 7,25 əl əməyi ilə, 8,50 km isə texnika vasitəsilə təmizlənmişdir.
Hazırda arxların təmizlənməsi davam etdirilir. Suvarma arxlarının təmizlənməsində
Qazax SSİ-nin texnikalarından, ”Daş Salahlı” SİB-in işçilərindən və kənd əhalisinin
köməyindən istifadə olunmuşdur. Sahibkarların torpaqlarının əkib becərilməsində
kənd ərazisində fəaliyyət göstərən mexanizatorlar və aqro lizinq xidmət işçiləri
yaxından iştirak edirlər. Belə ki, kənd əhalisinə xidmət üçün 21 ədəd traktor, 13
kotan, 10 ədəd taxılbiçən kombayn, 8 ədəd toxumsəpən, 5 ədəd otbiçən QDR, 4 ədəd
gübrə səpən, 5 ədəd dırmıq, 7 ədəd otbağlayan və digər kənd təsərrüfatı texnikaları
mövcuddur. Ölkə Prezidentinin "Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinə
dair” 13 yanvar 2007-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası
ilə əlaqədar hesabat ilində kənd təsərrüfatı məhsulları əkən 1699 nəfər əməkçiyə
müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 159220 manat subsidiya
ödənilmişdir.
01.01.2020-ci il tarixə
əhali və fermer təsərrüfatlarında 4502 baş iribuynuzlu, 32070 baş xırdabuynuzlu
heyvan, 11000 baş quş qeydiyyata alınmışdır.
Qazax Rayon İcra
Hakimiyyəti başçısının Daş Salahlı kənd İƏD-si üzrə nümayəndəliyi 2019-cu il fəaliyyəti dövründə də işlərini Azərbaycan
Respublikası Prezidentinin 6 iyun 2012-ci il 648 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olan səlahiyyətlərdən
istifadə etməklə həll etməyə çalışmışdır. Kənddə aparılan hər hansı işin əhali
ilə ünsiyyətinə, qaşıya çıxan sosial-iqtisadi problemlərin həllində ictimaiyyətin
iştirakına üstünlük verilmişdir. Görüləsi vacib olan məsələlər ilin əvvəlindən
prespektiv iş planına daxıl edilmişdir. Buna vətəndaşların qəbulu, ərizə, şikayət və təkliflərinə baxılması, kargüzarlıq işləri,
maliyyə uçotu işlərinin yaxşılaşdırılması, təhsil, səhiyyə, poçt, rabitə və digər
xidmət sahələrinin xalqa göstərdiyi xidmət səviyyəsinin artırılması, buraxılmış
nöqsanların aradan qaldırılması, asayişin qorunması, kənd təsərrüfatı sahəsində
əhaliyə aqrotexniki, zootexniki və baytarlıq xidməti sahələrinin
yaxşılaşdırılması, şəhid ailələrinə, Qarabağ və Böyük Vətən Müharibəsi əlillərinə,
imkansız, aztəminatlı ailələrə qayğı, gənclərin təlim-tərbiyəsi işlərinin
yaxşılaşdırılması, onların vətənpərvər ruhda tərbiyə edilməsi və s. kimi tədbirlər
iş planına daxil edilmiş, görüləcək işlərin icrası üçün məsul şəxslər
ayrılmışdır.
2019-cu il ərzində
Daş Salahlı kənd nümayəndəliyi "Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında”Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların
qəbulunu həyata keçirmiş, onların ərizə, təklif və şikayətlərinə baxılaraq
lazımi tədbirlər görülmüş, görülmüş işlərin nəticəsi barədə vətəndaşlara məlumat
verilmişdir. Vətəndaşların qəbulu üçün nümayəndəlikdə şərait yaradılmış, bütün
iş günlərində vətəndaşların şikayət və müraciətlərinə baxılmışdır. Hesabat
dövründə vətəndaşlardan 39 ədəd yazılı ərizə daxil olmuş və ərizələrin hamısı
müsbət həllini tapmışdır. Vətəndaşları narahat edən müxtəlif formada 53 şifahi
müraciət daxil olmuşdur. Hər bir müraciətə nümayəndəlikdə vaxtında vətəndaşların
özlərinin iştirakı ilə baxılaraq həll edilmiş və ya aidiyyatı üzrə yönləndirilmişlər.
2019-cu ildə yuxarı icra orqanlarından, idarə və təşkilatlardan cəmi 42 ədəd məktub
daxil olmuş, Daş Salahlı İcra Nümayəndəliyi tərəfindən isə yuxarı icra
orqanlarına, idarə və təşkilatlara, vətəndaşlara il ərzində 2441 ədəd müxtəlif
məzmunlu məktublar və arayışlar verilmişdir. Vətəndaşlara verilmiş arayışların əksəriyyəti
yaşayış yeri barədə, ailə tərkibi haqqında və digər məzmunlu arayışlardan ibarətdir.
İstər daxil olan, istərsə də göndərilən sənədlər möhürlənmüş kitablarda qeydə
alınmışdır. Nümayəndəlikdə aparılan kargüzarlıq işləri təlimata uyğun
aparılmışdır. Hesabat dövründə nümayəndəlik ərazisində 33 nəfərin nikah
qeydiyyatı, 130 nəfərin doğum qeydiyyatı, 72 nəfərin isə ölüm qeydiyyatı
aparılmışdır.
Daş Salahlı kəndi
Qarabağ müharibəsi zamanı 21 nəfər şəhid vermişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə
başladığı ilk gündən şəhidlərimizin ruhunu əziz tutaraq şəhid ailələrinə,
onların doğmalarına, yaxınlarına daim diqqət və qayğı göstərir. Hər zaman
onların problemləri ilə maraqlanıb, qarşılaşdıqları çatışmazlıqların həlli
istiqamətində saysız-hesabsız işlər görüb. Nümayəndəlik ərazisində yaşayan şəhid
ailələrinə, imkansız ailələrə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Yeni il,
Novruz bayramı və Qurban bayramı münasibətilə bayram sovqatları verilmişdir.
Daş
Salahlı kəndində qəzalı vəziyyətdə olan 2 ağac elektrik dirəyi dəmir dayaqlarla
əvəz edilmiş, kənd ərazisindəki transformatorlarında təmir işləri aparılmışdır.
Eyni zamanda elektrik xətlərinə dəyən və yaxın olan ağacların budanması işləri
aparılmışdır.
Məruzə ətrafında
çıxış edən kənd sakinlərindən Tofiq Cəfərli, Yaqub Osmanov, İslam Əliyev, Nemət
Əliyev, Bayram
Əliyev, ağsaqqal Akif Yusifov, Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin
sinif müəllimi Qətibə Kazımova və başqaları söz alaraq hesabat ilində kənddə görülən bütün işlərə
görə kənd sakinləri adından ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını
bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini
çatdırıblar. Sakinlər qeyd ediblər ki, bu gün istər şəhərin mərkəzində, istərsə
də kəndlərdə qaldırılan hər bir məsələ öz müsbət həllini tapır. Siz rayon rəhbərliyi
biz sakinlərlə görüşən zaman kənd yolunun asfaltlanması barədə müraciət
etmişdik. Bu gün biz sevinirik ki, həmin müraciətimiz həll olundu və Daş
Salahlı yolu da abad yollar sırasına daxil oldu. İstər rayonda, istərsə də kəndimizdə
olan bu dinamik inkişaf və genişmiqyaslı abadlıq işləri bizi çox sevindirir.
Biz bir daha əmin oluruq ki, görülən işlərin təməlində, kökündə vətəndaş amili
dayanır. Ən əsası da son 3 ildir ki, Qazaxda həmin vətəndaş amili hər zaman ön
planda tutulur. Ölkə başçısının söylədiyi "Hər bir işin əsasında xalqa xidmət
dayanır” cümləsinin şahidi oluruq.
Hesabat yığıncağında
təqaüdə çıxan Daş Salahlı kənd bələdiyyəsinin keçmiş sədri Quliyev Mahir Şamxal oğluna uzun müddətli səmərəli
fəaliyyətinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim
olunub. Fəxri Fərmanı təqdim edən rayon rəhbəri fəaliyyəti dövründə öz işinə məsuliyyətlə
yanaşaraq dövlətə, dövlətçiliyə olan sadiqliyinə görə bir daha minnətdarlığını
bildirib və ona gələcək həyatında uğurlar arzulayıb.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağa yekun vuraraq qeyd edib ki,
2019-cu ildə qarşıda daha mühüm vəzifələr durur. Rayon rəhbərliyi dövlətimizin
çiçəklənməsi naminə bu mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində kənd
sakinlərinə səmərəli fəaliyyət və uğurlar diləyib.
GOYEZEN.AZ
Facebook-da paylaş