Aslanbəyli kənd İƏD-si üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının
Aslanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2019-cu ildə
görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Yığıncağın
aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib. Yığıncaqda
iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd
Alıyev giriş sözü ilə çıxış edərək rayon rəhbərliyinin
adından kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib
ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dinamik inkişaf
strategiyası Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində
uğurla davam etdirilir. Birinci müavin bildirib ki, Respublika Prezidenti İlham
Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədəki nitqindən
bir daha aydın oldu ki, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın
beynəlxalq aləmdə mövqeyi və nüfuzu daha da möhkəmlənib. M.Alıyev vurğulayıb ki, 2019-cu il Qazax rayonu
üçün hər bir sahədə uğurlu il oldu. Ölkə başçısının siyasətinin Qazaxda rayon rəhbərliyi
tərəfindən olduğu kimi icra olunması sayəsində rayonda bütün sahələr üzrə
uğurlu nəticələr əldə olundu. Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda elə
bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu istər sosial obyektlərin
inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, mədəniyyət,
idman sahələrində əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir. "2019-cu ilin
Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldığını”, - qeyd edən birinci müavin
istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə
tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti
tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP”
MMC tərəfindən tikilən "Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq”
MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun
istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata
keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel
firması tərəfindən yeni tikilən fabrikin inşasını da işsizliyin aradan
qaldırılması istiqamətində görülən işlər kimi vurğulayıb. Qeyd edib ki, hazırda
rayonda ən böyük layihələrdən biri olan 10 korpusdan ibarət 145 çarpayılıq
Rayon Mərkəzi Xəstəxana Kompleksinin tikintisi idi ki, bu iş yüksək səviyyədə
başa çatdırılıb. Bundan əlavə, yenə də böyük layihələr sayılan su və
kanalizasiya xəttinin, eləcə də Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil
yolunun çəkilişləri uğurla davam etdirilir. M.Alıyev rayonda aparılan abadlıq və
quruculuq işlərinin Aslanbəyli kəndindən də yan keçmədiyini bildirib. Qeyd edib
ki, 2019-cu ilin kənd üçün düşərli il olmasını burada görülən işlərdən də aydın
şəkildə görmək olar. Aslanbəyli kənd İƏD-si üzrə nümayəndə Məhəmməd Pirməmmədov
hesabat məruzəsi ilə çıxış edərək bildirib
ki, Aslanbəyli kəndi Qazax rayonunun qədim kəndlərindən biridir. Kəndin hazırda
976 təsərrüfatı, 4420 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə,
1 tam orta məktəb, 1 folklor evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 1 poçt, 1
rabitə şöbəsi, 1 ATS, 2 bərbərxana, 17 ticarət obyekti fəaliyyət göstərir. Kənd
ərazisində Hacımahmud Əfəndi ziyarətgahı və məscidi vardır. 2019-cu ildə görüləcək işlər haqqında iş planı tərtib
edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək
işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir. İcra nümayəndəliyi üzrə 2019-cu ildə 999 arayış
verilmiş, 24 məktub daxil olmuş, vətəndaşlardan müxtəlif mövzuda 16 yazılı, 22
şifahi müraciətlər daxil olmuşdur. Müraciətlərin hər biri öz müsbət həllini tapmışdır. 2019-cu ildə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aslanbəyli kənd sakinləri ilə səyyar görüş
keçirmiş, kənd sakinlərini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyatı üzrə tapşırıqlar vermişdir.
"DOST” MMC-nin xətti ilə kənddə 8 nəfər işçi fəaliyyət göstərir. Hesabat ilində kənddə bir çox
işlər görülmüşdür. Şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə bulaq
kompleksi quraşdırılmışdır. Əhalinin suya olan tələbatının yaxşılaşdırılması
üçün Respublika Prezidentinin müvafiq Sərəncamı ilə 1 ədəd subartezian quyusu qazılmışdır. 2020-ci ildə
kənddə iki ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. 9 ədəd köhnə
elektrik dirəkləri dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Su itkisinin
qarşısının alınması, suvarmanı optimal müddətdə başa çatdırmaq məqsədilə rayon
rəhbərliyinin tapşırığı ilə rayonun bütün kəndlərində olduğu kimi, Aslanbəyli kəndində də uzunluğu 13,5 km
olan suvarma arxının 5,4 km-i əl əməyi, 8,1 km hissəsi isə Suvarma Sistemləri
İdarəsinin texnikası ilə lildən, kol-kosdan təmizlənmişdir. Kənd sakinlərinin iştirakı ilə kəndarası
yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında
təmizlik işləri aparılmışdır. Belə iməciliklər
il ərzində kənd ərazisində mütəmadi olaraq keçirilmiş və kənd sakinləri iməcliklərdə yüksək fəallıq göstərmişlər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhunu əziz tutaraq şəhid
ailələrinə, onların doğmalarına, yaxınlarına daim diqqət və qayğı göstərir. Hər
zaman onların problemləri ilə maraqlanıb, qarşılaşdıqları çatışmazlıqların həlli
istiqamətində saysız-hesabsız işlər görüb. Nümayəndəlik ərazisində yaşayan şəhid
ailələrinə, imkansız ailələrə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Yeni il, Novruz, Qurban və Ramazan bayramı
münasibətilə bayram sovqatları verilmişdir. Aslanbəyli kənd tam orta məktəbində
378 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 40 nəfər müəllim
məşğul olur. Məktəbdə 19 nəfər texniki işçi işləyir. Keçən il məktəbi bitirmiş 32
nəfər şagirddən 8 nəfəri ali, 7 nəfəri isə orta ixtisas məktəbinə daxil
olmuşdur. Əhalinin sağlamlığına, onların
səhiyyə xidmətinə məsuliyyəti Aslanbəyli kənd həkim məntəqəsinin kollektivi daşıyır.
Kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması, ilkin tibbi yardım
günün tələblərinə cavab verir. Aslanbəyli kəndində 2019-cu ildə
elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Əhali istifadə etdiyi
elektrik enerjisinin və təbii qazın dəyərini nəzarətçilər tərəfindən verilən bildirişlər əsasında kənd poçtuna ödəyir.
Aslanbəyli kənd Poçt şöbəsi əhalidən enerji, qaz, telefon və müxtəlif pul
baratları, məktubları qəbul edib yola salır. Şöbədə nizam-intizam, xidmət səviyyəsi
qənaətbəxşdir. Nümayəndəlik ərazisində 512
nömrəli elektron ATS və mobil telefon stansiyaları Azərcell, Bakcell fəaliyyət
göstərir. Hesabat dövründə 36 doğum, 28 ölüm qeydə
alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi
qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və
qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır. Əhalidə olan mal-qara və
quşlar uçota alınaraq təsərrüfatbaşına uçot kitablarında qeydiyyat aparılmış və
statistika idarəsinə hesabat verilmişdir. Aslanbəyli kənd əhalisinin əsas
fəaliyyət sahəsi əkinçilik və heyvandarlıqdır. Əhalinin torpağa münasibəti müsbət tərəfə dəyişmiş, yüksək
məhsul istehsalına maraq artmışdır. 2019-cu
ilin məhsulu üçün kənd əhalisi tərəfindən 1350 hektarda səpin aparılmışdır. Ondan
785 hektarda buğda, 481,5 hektarda arpa, 190 hektarda yonca, 8 hektarda qarğıdalı,
11 hektarda üzüm və digər kənd təsərrüfatı bitkiləri əkilib becərilmişdir. Hər
hektardan 20-25 sentner buğda məhsulu götürülmüşdür. Bundan əlavə, 5 ton barama
istehsal olunmuşdur. Kənd təsərrüfatı
tərəfindən əkin əkən 695 nəfər əməkçilərə müəyyən olunmuş qaydada yanacaq və
sürtkü yağlarına görə 101455,90 manat subsidiya ödənilmişdir. 2020-ci ilin məhsulu üçün 1020
hektar əkin aparılmış, bundan 363 hektara buğda, 640 hektara isə arpa səpilmişdir.
Kənd əhalisi arasında heyvandarlıq, taxılçılıq, tütünçülük, barama istehsalını
və bağçılığı inkişaf etdirmək üçün geniş təbliğat işləri aparılır. Xüsusi
olaraq heyvandarlığı inkişaf etdirmək üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında
süni mayalanmadan istifadə edilməsi geniş təbliğ olunur. 01.01.2020-ci il tarixə əhali
və fermer təsərrüfatlarında 960 baş iribuynuzlu mal-qara, 6100 baş xırdabuynuzlu
qoyun-keçi, 11030 baş quş qeydiyyata alınmışdır. Aslanbəyli kəndinin Baytar həkimi
Mahir Yaqubov əhalinin mal-qarası və quşların zoobaytar xidmətinin təşkilinə məsuldur.
Epizotik tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasını təmin edir. Aslanbəyli kənd İcra nümayəndəliyi
kənd bələdiyyəsi ilə birlikdə istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində
kənd əhalisinə yaxından köməklik göstərir. Torpağın əkilməsində, səpilməsində, biçilməsində,
sahələrin qorunmasında çətinliklər olduqda birlikdə həmin çətinliklər aradan
qaldırılır. Aslanbəyli kənd İcra nümayəndəliyi
tərəfindən kəndarası yolların və məhlələrin təmizlənməsi, əhalinin içməli suya
olan tələbatının ödənilməsi, elektrik transformatorlarının və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində
məqsədyönlü fəaliyyət göstərilmişdir. Aslanbəyli kəndinin mərkəzi hissəsində
idarənin daş hasarının təmiri abadlıq işləri aparılmışdır. Aslanbəyli kəndində
olan şəhid ailələrinə, kimsəsizlərə, imkansızlara tarixi və dini bayramlarda
yardımlar verilmişdir. Sonra məruzə ətrafında çıxışlar olub. Sakinlərdən Asif
Seyidov, Simuzər Əliyeva, Xalidə Osmanova, Nəcəf Osmanov, Məzahir Yaqubov, Tükəzban
Abdullayeva və başqaları söz alaraq hesabat məruzəsi ilə əlaqədar öz fikirlərini
bildiriblər. Hesabat ilində kənddə görülmüş işləri
yüksək qiymətləndiriblər. 2019-cu ildə respublikamızda, eləcə də bölgələrimizdə
görülən işlərə, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına, əhaliyə göstərdiyi
diqqət və qayğıya görə Aslanbəyli kənd əhalisi adından Prezident İlham Əliyevə
və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını
bildiriblər. Sakinlər həyətyanı əkin sahələrinin suvarılması və içməli su təminatının
yaxşılaşdırılması ilə bağlı istək və təkliflərini bildirərək kənddə əlavə yeni
bir ədəd subartezian quyusunun qazılmasının, eyni zamanda qazılmış subartezian
quyusunun yanına 2 ədəd su çəninin qoyulmasının vacibliyini diqqətə
çatdırıblar. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd
Alıyev sakinləri diqqətlə dinlədikdən sonra bildirib ki, hər il olduğu kimi,
2020-ci ildə də rayonda subartezian quyularının qazılması nəzərdə tutulub ki,
onun da biri Aslanbəyli kəndində qazılacaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş