Prezident İlham Əliyev: İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir
Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq, dünyada islam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, islam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz islamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 95-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının Ramazan ayı münasibətilə iftar mərasimində iştirakı zamanı söylədiyi nitqində yer alıb.
Akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2019-cu ilin mayından avqust ayınadək olan dövrü əhatə edir.
Çoxcildliyin 95-ci kitabına Prezident İlham Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Polşa Respublikasının Prezidenti Andjey Duda, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Sürəyya Sadi Bilgiç, ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli, UNESKO-nun baş direktoru Odre Azule ilə görüşlərinə və danışıqlarına dair materiallar daxil edilib. Nəşrdə Azərbaycan Prezidentinin Çin, Almaniya, Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və digər dövlətlərin, Avropa İttifaqının, NATO-nun, Ümumdünya Gömrük Təşkilatının, Dünya Bankının yüksəkvəzifəli nümayəndələrini qəbul etməsi barədə xəbərlər verilib.
Oxucu bu kitabda Azərbaycan Prezidentinin 28 May – Respublika Günü münasibətilə keçirilmiş rəsmi qəbulda nitqinin mətni, XXVI Beynəlxalq "Xəzər Neft və Qaz-2019” sərgi və konfransının açılışında, Bakıda bir sıra infrastruktur obyektlərinin, paytaxtın Pirallahı rayonunda məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksinin açılış mərasimlərində iştirakı, həmçinin iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirə haqqında informasiyalarla tanış ola bilər.
Prezident İlham Əliyevin "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbriki, "Tarixi şəhərlərdə kütləvi turizm” beynəlxalq memarlıq forumunun, "Bakı ürək günləri” VI Beynəlxalq Konqresinin və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransının, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinin, "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Vyanada keçirilmiş beynəlxalq konfransın iştirakçılarına məktubları və digər məktublar da yeni nəşrə daxil edilib.
Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən buraxılan 95-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Facebook-da paylaş