Qazaxlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Qəbələ, Şəki və Zaqatala rayonlarına yola düşüb
Artıq altıncı ildir ki, Azərbaycanın
orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin "Ölkəmizi tanıyaq”
devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları
təşkil olunur. Ölkə başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident
Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halını
alıb. Layihənin əsas
məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi,
mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər
Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış
etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın
dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın
yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Ötən müddət ərzində ildə iki dəfə
olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR,
Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz,
Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə
olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Bu il noyabrın 13-16 və 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada isə 4
istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından,
ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, "Ölkəmizi tanıyaq”
tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq. 18-21
noyabr tarixlərində həyata keçiriləcək aksiyaya Qazaxməktəbliləri də qatılıblar. 4 gün davam edəcək tur-aksiyada rayon məktəbliləri ölkə
iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdən Qəbələ-Şəki-Zaqatala rayonlarının
görməli yerləri ilə tanış olacaqlar. Bu gün səhər saatlarında "Ölkəmizi tanıyaq”
tur-aksiyasında iştirak edən 40 nəfər məktəbli və təhkim olunmuş şəxslər Ulu Öndərin
adını daşıyan Heydər Əliyev parkına toplaşıblar. Tur-aksiyada iştirak edən məktəblilərin yolasalma
mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının
məsul şəxsləri, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı və şöbənin əməkdaşları,
məktəb direktorları, müəllimlər, valideynlər də iştirak ediblər. Əvvəlcə rayon
rəhbərliyi, məktəblilər və müəllimlər Ümummilli Lider Heydər Əliyevin abidəsi
önünə gül düzərək dahi şəxsiyyətin əziz xatirəsini yad ediblər. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəblilərə xoş istirahət və
rayonumuza qələbə sevinci ilə qayıtmağı arzulayıb. Övladlarını yola salan valideynlər, eləcə də
məktəblilər belə bir möhtəşəm tur-aksiyanın təşkilinə görə ölkə Prezidenti
cənab İlham Əliyevə bir daha minnətdarlıqlarını bildiriblər. Əllərində üçrəngli Azərbaycan bayraqları tutmuş,
üzərində "Qazax" sözləri yazılmış gödəkcələr geyinmiş tur-aksiya
iştirakçıları xatirə şəkilləri çəkdirdikdən sonra avtobusa əyləşərək saat
08:00-da Heydər Əliyev parkından yola düşüblər.
GOYEZEN.AZ
Facebook-da paylaş