Q.Hacımahmudova adına şəhər ümumi orta məktəbin şagirdləri də 9 Noyabr – Dövlət Bayrağı Gününü böyük təntənə ilə qeyd edib
Üçrəngli
bayrağımız Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərimizdən
biridir. Dövlət bayrağı ölkəmizin hər bir vətəndaşı tərəfindən müqəddəslik,
azadlıq və qürur mənbəyi kimi qəbul olunur. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Məhz bu
səbəbdən 9 Noyabr – Dövlət Bayrağı Günü ölkəmizdə böyük təntənə ilə qeyd
olunur. Respublikamızın hər yerində olduğu kimi Qazaxda da bu əlamətdar gün
münasibətilə silsilə tədbirlər keçirilir. Bu
gün şəhid Qaratel Hacımahmudovanın adını daşıyan şəhər ümumi orta məktəbin
kollektivi də 9 Noyabr – Dövlət Bayrağı Gününü böyük ruh yüksəkliyi və coşqu
ilə qeyd edib. Ulu
Öndər Heydər Əliyevin adını daşıyan parkda təşkil olunmuş bayram tədbirində
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul
şəxsləri, məktəb direktorları, məktəbin müəllim-şagird kollektivi iştirak edib. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək 9
Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib,
xoş arzularını çatdırıb. Hər bir millətin bayrağının
onun milli kimliyini, dilini, mədəniyyətini, dini-mənəvi əxlaqını,
ideologiyasını ifadə etdiyini qeyd edən rayon rəhbəri ölkəmizdə bayrağa olan
hörmət və ehtiramın hər zaman yüksək səviyyədə olduğunu bildirib. Ölkə başçısı
cənab İlham Əliyev tərəfindən bayrağa verilən qiymətin, dəyərin hər zaman
şahidi olduğumuzu diqqətə çatdırıb. Rayon rəhbəri dövlət başçısının, Birinci
vitse-prezident Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin, o cümlədən
də ölkəmizdə təhsilin inkişafı, körpə fidanların daha yaxşı şəraitdə təhsil
almaları üçün gördükləri işlərdən də söz açıb. Təhsilə olan diqqət və qayğının
bariz nümunəsi kimi respublikamızın bütün bölgələrində yeni-yeni məktəb
binalarının inşa olunmasını, əsaslı şəkildə yenidən qurulmasını göstərib.
Qazaxda Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin tikintisini təhsil
sahəsinə olan diqqətin daha bir əyani sübutu kimi qiymətləndirib. Sonda bir
daha təbriklərini çatdıran icra başçısı üçrəngli Azərbaycan bayrağının işğal
altında olan torpaqlarımızda, eləcə də Qazaxın düşmən tapdağında qalan 7
kəndində - Bağanıs Ayrımda,
Barxudarlıda, Xeyrımlıda, Sofuluda, Aşağı Əskiparada, Yuxarı Əskiparada dalğalanmasını arzulayıb.
Q.Hacımahmudova
adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək əlamətdar
gün münasibətilə təbriklərini çatdırıb. Dövlət bayrağının keçdiyi şanlı tarixi
yoldan danışan məktəb direktoru Azərbaycan Respublikasının Dövlət bayrağının
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında Fətəli
xan Xoyski tərəfindən qəbul edildiyini və 1920-ci ilin aprel ayınadək dövlət
statusuna malik olduğunu bildirib. Həmin bayrağın 1990-cı ilin noyabrın 17-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət
bayrağı olaraq təsdiq edildiyini qeyd edib. 1991-ci il fevralın 5-də Azərbaycan
Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı
haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etdiyini, 1991-ci il
oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin
varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etdiyini
diqqətə çatdırıb. Qeyd edib ki, 1998-ci ildə Ulu Öndər
tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət
atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamda
vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram
hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun
möhkəmləndirilməsinin önəmi vurğulanır, dövlət atributlarının mahiyyətinin və
əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın
bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin
gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar müəyyən edilirdi. Ulu
Öndərin əsasını qoyduğu siyasət bu gün də davam etdirilir. Ümummilli Liderin
layiqli davamçısı Prezident cənab İlham Əliyev də Dövlət Bayrağımızın layiqincə
təmsil olunması, bütün dünyada tanınması üçün məqsədyönlü işlər görür. Ölkə başçısının rəhbərliyi ilə 2004-cü
il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi
qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə
qanunvericilik bazası təkmilləşdirilmişdir. Bundan əlavə, Respublika
Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də "Azərbaycan
Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” imzaladığı
Sərəncam bu sahədə görülən işlərin ən bariz nümunəsidir. Bu Sərəncama əsasən
hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət
Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik
Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha
sübut edir. Sonra məktəblilər milli suverenliyimizin
simvolu olan üçrəngli bayrağa həsr olunmuş şeirlər səsləndirib, mahnılar
oxuyublar.
GOYEZEN.AZ
Facebook-da paylaş