Dövlət hər zaman öz vətəndaşının yanındadır
"Biz yaxşı bilirik ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Heydər Əliyev Fondu və şəxsən Fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən Qarabağ müharibəsi əlili Qurban Qurbanovun ölkə başçısının ona bəxş etdiyi və girovda olan evinin ona qaytarılması bir daha sübut etdi ki, müstəqil Azərbaycan dövlətində vətəndaş amili hər zaman yüksəkdə dayanır və bundan sonra da dayanacaqdır. Biz bir daha əmin olduq ki, biz Qarabağ qazilərinin arxasında dayanan, daim bizə dayaq olan dövlətimiz, İlham Əliyev kimi ölkə başçımız və hər kəsə Ana, bacı qayğısı ilə yanaşan Mehriban xanım kimi Birinci vitse-prezidentimiz var. Dövlətimiz, xüsusilə də Heydər Əliyev Fondu, şəxsən Mehriban xanım tərəfindən Qurban Qurbanovun səsinə səs verilməsi onun timsalında biz Qarabağ qazilərinə verilən qiymət, göstərilən qayğıdır”.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri ilə keçirilən tədbirdə səslənən bu fikirlər bir daha onu göstərir ki, Vətən, torpaq uğrunda öz qəhrəmanlığı, göstərdiyi şücaəti ilə seçilən, Azərbaycanın ərazi bütövlüyü tam olsun deyə öz sağlamlığından keçən Vətən oğulları hər zaman dövlətinə, Prezidentinə arxalanır. Dövlətini və ölkə rəhbərini özlərinə arxa, dayaq sanır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək əvvəlcə Qarabağ qazisi Qurban Qurbanovu və ailəsini təbrik edib, gözaydınlığı verib. İcra başçısı qeyd edib ki, dünən aldığımız xoş xəbər təkcə Qurban Qurbanovun ailəsində deyil, bütün Qarabağ əlillərinin ailəsində böyük sevincə səbəb oldu. Onun timsalında bu sevincdən bütün qazaxlılara pay düşdü.
Rayon rəhbəri bildirib ki, bu il aprelin 3-də Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə keçirilən görüşdə siz Qarabağ qazilərinə olan səmimi münasibəti izləyən hər kəs bir daha əmin oldu ki, ölkə prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman sizlərə dəstək olur, diqqət və qayğı ilə yanaşır. O görüş onu sübut etdi ki, dövlət və dövlət başçısı harda imtiyazlı ailələr, ehtiyacı olan insanlar varsa onların, eləcə də sizin kimi Vətən torpaqlarının azadlığı uğrunda sağlamlığını itirən mərd və igid oğulların arxasında, yanında dayanır. Necə ki, Mehriban xanım dünənki qərarı, atdığı dəyərli addımı ilə bir daha hər kəsə bunu nümayiş etdirdi. O addım ki, bir daha sübut etdi ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk gündən bu cür xeyirxah əməlləri ilə Azərbaycan xalqını, ölkənin hər bir vətəndaşını sevindirir. Mehriban xanımın həyata keçirdiyi bu xeyirxah əməllər tükənməzdir, davamlıdır və ən əsası da Ulu Öndər Heydər Əliyevin vətəndaşlara olan qayğısını özündə əks etdirən şərəfli bir missiyadır.
Rayon rəhbəri bildirib ki, bu gün cəmiyyətimizdə elə bir sahə tapılmaz ki, həmin sahələrdə istər ölkə başçısının, istərsə də Birinci vitse-prezidentin diqqət və qayğısı hiss olunmasın. Çünki yürüdülən məqsədyönlü siyasət və həyata keçirilən uğurlu layihələr, ən əsası da ölkə vətəndaşları ilə keçirilən səmimi görüşlər bunu söyləməyə əsas verir.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr əvəzi Xasay Balayev, müavin, I qrup Qarabağ müharibəsi əlili, baş leytenant Namiq Alıyev, birliyin üzvü Nüsrət Musayev, Silahlı Qüvvələrin "Ehtiyatda olan zabitlər” Konfederasiyası Qazax rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi əlili Baxış Hüseynov çıxış edərək Qurban Qurbanovu və ailəsini təbrik ediblər. Onun sevincinə şərik olaraq xoş təəssüratlarını bölüşüblər. Döyüşlərdə yaralanmış əsgər və zabitlərin, Qarabağ qazilərinin Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısını hər an hiss etdiklərini bildiriblər. Mehriban xanımın tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilməsini, neçə-neçə Qarabağ qazisinin Fond tərəfindən müalicə almasını, bütün bunları onlara verilən yüksək dəyər, göstərilən qayğı kimi qiymətləndiriblər. "Bu gün biz ayağımızı, gözümüzü, sağlamlığımızı itirsək də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü ölkə başçısından, Birinci vitse-prezidentimizdən alırıq. Çünki biz qazilər döyüş yolumuza nəzər salarkən bir daha qürur hissi keçiririk ki, nə yaxşı bizlər Vətən yolunda xidməti vəzifəmizi layiqincə yerinə yetirə bilmişik. Bugünkü qürur hissini isə bizlərə yenə də dövlətimiz və dövlət başçımız, Birinci vitse-prezidentimiz yaşadır. Onların biz qazilər, döyüşçülər haqqında söylədiyi dəyərli fikirlər bizi bir daha əmin edir ki, bizim arxamızda güclü dövlətimiz və Ali Baş Komandanımız dayanıb”. Mehriban xanımın atdığı addımı böyük sevinc hissi ilə qarşılayan çıxışçılar bu addımı Qurban Qurbanovun timsalında onlara olan qayğı kimi dəyərləndiriblər və sonsuz minnətdarlıqlarını çatdırıblar.
Qazax Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Şahin Hacıyev də çıxış edərək Qarabağ qazisini təbrik edib, müstəqil Azərbaycan dövlətində vətəndaş amilinin hər zaman ön planda dayandığını bir daha diqqətə çatdırıblar.
Evlərinin onlara bağışlanma xəbərini böyük ruh yüksəkliyi, sevinc hissi ilə qarşılayan Qurban Qurbanov və həyat yoldaşı Zeynəb Qurbanova da xoş təəssüratlarını bölüşüblər. Başda ölkə Prezidenti İlham Əliyev olmaqla, Birinci vitse-prezident Mehriban Əliyevaya ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Evin qaytarılmasında onun səsinə səs verib dəstək olan, əməyi keçən insanlara sonsuz təşəkkürlərini ifadə ediblər. Q.Qurbanov bildirib ki, "Bu gün mənim və ailəmin sevincinin həddi-hüdudu yoxdur. Mən və ailəm bir daha əmin olduq ki, bizim arxamız, dayağımız göydə Allah, yerdə dövlətimiz, ölkə başçımızdır. Dünən aldığımız sevincli xəbər nəinki bizi, eləcə də bütün Qarabağ qazilərini, qazaxlıları sevindirdi. Mehriban xanım təkcə bizim ailənin deyil, yüzlərlə, minlərlə ailənin sevincinə səbəb oldu. O, atdığı addımı ilə biz qazilər üçün Ana, bacı olduğunu bir daha sübut etdi. Mən və mənim kimi darda, çətində olan insanlara bir ümid yeri, arxa, dayaq olduğunu bir daha göstərdi”.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq istər dövlət, istərsə də rayon rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib. Bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib və Qarabağ qazilərinə müstəqil Azərbaycanın çiçəklənməsi naminə gördükləri işlərdə uğurlar arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş