Gənclər hərbi xidmətə yüksək əhvali-ruhiyyə ilə gedirlər
Ermənistanla 168 kilometr həmsərhəd
olan Qazax rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində
çoxsaylı tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, onlar vətənin
keşiyini çəkmək üçün həqiqi hərbi xidmətə böyük həvəslə gedirlər. Bu
münasibətlə keçirilən mərasimlər bir növ gənclər və onların valideynləri üçün
əsl bayram olur. Növbəti
yolasalma mərasimində də belə xoş əhvali-ruhiyyə yaşanmışdır. Qazax Gənclərin
İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Gənclər Mərkəzinin qarşısında
keçirilən tədbirdə iştirakçılar və çağırışçılar əvvəlcə şəhərin mərkəzində
şəhidlərin şərəfinə ucaldılmış memorialı ziyarət etmişlər. Burada Azərbaycanın
ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhlarına dualar oxunmuş,
memorial önünə tər qərənfillər düzülmüşdür. Sonra Gənclər Mərkəzinin qarşısında
davam edən mərasimdə Dövlət Himni
səsləndirilmişdir. Qazax Gənclər İnkişaf və Karyera
Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək hərbi xidmətə yola düşən
gənclərə şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulamışdır. Qeyd
edilmişdir ki, bu mərkəz fəaliyyətə başladığı ilk gündən gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verir. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hərbi xidmətə yola düşənlərə,
onların valideynlərinə xoş arzularını bildirmişdir. Qeyd etmişdir ki, bu gün
Azərbaycan Ordusu dünyanın ən güclü ordularındandır. Belə bir orduda xidmət
etmək hər bir Azərbaycan gənci üçün şərəfdir. Əsası Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da
təkmilləşdirilən Azərbaycan Ordusu 2016-cı ilin aprelində nəyə qadir olduğunu
sübut etdi. O vaxt düşmənə verilən dərs deməyə əsas verdi ki, ordumuz Silahlı
Qüvvələrin Ali Baş Komandanının bir əmri ilə işğalda olan torpaqlarımızı azad
etməyə qadirdir. Tədbirdə
o da vurğulandı ki, çağırışçılar arasında düşmənin işğal etdiyi Qazaxın Aşağı
Əskipara və Bağanıs
Ayrım kəndlərindən də gənclər var. Onlar da digər gənclər kimi öz ata-baba
yurdlarının düşmən tapdağından azad olunması üçün hərbin sirlərini dərindən
mənimsəməli, müasir texnikanın sirlərini mükəmməl öyrənməlidirlər. Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi
Mehman Rəhimov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə
çatdıraraq demişdir ki, hərbi xidmətə yola düşən gənclər komandirlərin hər bir
əmrini sözsüz yerinə yetirməli, Aprel döyüşlərində qəhrəmanlıq göstərən mərd
oğulların davamçıları olmalıdırlar. Çıxışlar
başa çatdıqdan sonra meydan musiqi kollektivlərinə verilmişdir. Sonda
çağırışçılar Azərbaycan bayrağını öpərək hərbi hissələrə yola düşmüşlər. Sabir ƏLİYEV, "Azərbaycan” qəzetinin bölgə müxbiri 6 oktyabr 2019-cu il
Respublika mətbuatı
Qazax haqqında
Facebook-da paylaş