Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Gənclər hərbi xidmətə yüksək əhvali-ruhiyyə ilə gedirlər

Gənclər hərbi xidmətə yüksək əhvali-ruhiyyə ilə gedirlər


6-10-2019, 13:03

Respublika mətbuatı Qazax haqqında


Ermənistanla 168 kilometr həmsərhəd olan Qazax rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, onlar vətənin keşiyini çəkmək üçün həqiqi hərbi xidmətə böyük həvəslə gedirlər. Bu münasibətlə keçirilən mərasimlər bir növ gənclər və onların valideynləri üçün əsl bayram olur.

Növbəti yolasalma mərasimində də belə xoş əhvali-ruhiyyə yaşanmışdır. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Gənclər Mərkəzinin qarşısında keçirilən tədbirdə iştirakçılar və çağırışçılar əvvəlcə şəhərin mərkəzində şəhidlərin şərəfinə ucaldılmış memorialı ziyarət etmişlər. Burada Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhlarına dualar oxunmuş, memorial önünə tər qərənfillər düzülmüşdür.

Sonra Gənclər Mərkəzinin qarşısında davam edən mərasimdə Dövlət Himni səsləndirilmişdir.

Qazax Gənclər İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək hərbi xidmətə yola düşən gənclərə şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulamışdır. Qeyd edilmişdir ki, bu mərkəz fəaliyyətə başladığı ilk gündən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hərbi xidmətə yola düşənlərə, onların valideynlərinə xoş arzularını bildirmişdir. Qeyd etmişdir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularındandır. Belə bir orduda xidmət etmək hər bir Azərbaycan gənci üçün şərəfdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilən Azərbaycan Ordusu 2016-cı ilin aprelində nəyə qadir olduğunu sübut etdi. O vaxt düşmənə verilən dərs deməyə əsas verdi ki, ordumuz Silahlı Qüvvələrin Ali Baş Komandanının bir əmri ilə işğalda olan torpaqlarımızı azad etməyə qadirdir.


Tədbirdə o da vurğulandı ki, çağırışçılar arasında düşmənin işğal etdiyi Qazaxın Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərindən də gənclər var. Onlar da digər gənclər kimi öz ata-baba yurdlarının düşmən tapdağından azad olunması üçün hərbin sirlərini dərindən mənimsəməli, müasir texnikanın sirlərini mükəmməl öyrənməlidirlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Mehman Rəhimov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdıraraq demişdir ki, hərbi xidmətə yola düşən gənclər komandirlərin hər bir əmrini sözsüz yerinə yetirməli, Aprel döyüşlərində qəhrəmanlıq göstərən mərd oğulların davamçıları olmalıdırlar.

Çıxışlar başa çatdıqdan sonra meydan musiqi kollektivlərinə verilmişdir. Sonda çağırışçılar Azərbaycan bayrağını öpərək hərbi hissələrə yola düşmüşlər.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzetinin bölgə müxbiri

6 oktyabr 2019-cu il



Geri qayıt