Hərbi xidmətə yüksək əhvali-ruhiyyə ilə
Respublika mətbuatı Qazax haqqında
Qazax rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində çoxlu sayda tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, çağırış yaşına çatmış gənclər həqiqi hərbi xidmətə çox böyük ruh yüksəkliyi ilə gedirlər. Növbəti çağırış zamanı da yolasalma mərasimində əsl izdiham yaşandı.
Gənclər Mərkəzinin qarşısında keçirilən mərasimdə Rayon İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, mədəniyyət, eləcə də Qarabağ müharibəsi əlilləri, həmçinin çağırışçıların valideynləri iştirak edirdilər. Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra dahi rəhbərin adını daşıyan mərkəzdə Ulu Öndərin həyat və siyasi fəaliyyətindən, ordu quruculuğundakı xidmətlərindən bəhs edən sənədli filmin nümayişi oldu.
Tədbir torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam etdirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək gəncləri və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edərək çağırışçılara hərbin sirlərini öyrənməkdə uğurlar arzuladı. Qeyd edildi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, 2016-cı ilin aprel ayında ordumuz işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad etmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov hərbi xidmətə yola düşən gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir əmrini səylə yerinə yetirməyi tövsiyə etdi.
Şəhid anası Tamella Süleymanova, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, əsgər atası Baxış Hüseynov Vətən qarşısında gənclərin ordu sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliklərini bildirdilər.
Məktəblilər və rayonun incəsənət ustaları vətənpərvərlik mövzusunda şeirlər səsləndirdi, mahnılar oxudu. Axırda çağırışçılar üçrəngli Azərbaycan bayrağını öpərək hərbi hissələrə yola düşdülər.
Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetininin bölgə müxbiri
18 iyul 2019-cu il
Facebook-da paylaş