İcra başçısı payız-qış mövsümünə hazırlıqla əlaqədar görüləcək işlərlə bağlı yerində tapşırıq verib
Respublikamızın hər yerində olduğu kimi,
Qazax rayonunda da payız-qış mövsümünə hazırlıq və qarşıda duran
vəzifələr rayon rəhbərliyinin daim diqqət
mərkəzində saxladığı sahələrdəndir. Məhz bu səbəbdən yaxın günlərdə rayon sakinlərinin
payız-qış mövsümündə fasiləsiz qaz, elektrik enerjisi, su, eləcə də rabitə
xidməti ilə yüksək səviyyədə təmin olunması məqsədilə görüləcək işlərlə bağlı müşavirənin
keçirilməsi də planlaşdırılır. Bu gün isə Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və aidiyyatı xidmət
sahələrinin rəhbərləri ilə birlikdə rayonun İkinci
Şıxlı və Aslanbəyli kəndlərində olub. Payız-qış mövsümü ilə əlaqədar keçiriləcək müşavirədə müzakirəsi
nəzərdə tutulan, eləcə də kənd sakinlərinin səyyar görüşlər zamanı müraciətlərində
qeyd olunan məsələlərlə bağlı yerində baxış keçirib. Kənd sakinlərinin
payız-qış mövsümündə fasiləsiz elektrik enerjisi, qaz, rabitə və digər
xidmətlərlə yüksək səviyyədə təmin olunması ilə bağlı aidiyyatı xidmət
sahələrinin rəhbərlərinə görəcəkləri işlər barədə tapşırıq verib. Rayon rəhbəri
qəzalı vəziyyətdə olan rabitə və elektrik dayaqlarının, xətlərinin
dəyişdirilməsi, təmirə ehtiyacı olan qaz borularının yenilənməsi, xüsusilə də
kəndlərdə SİP kabelləşmə işinin aparılmasını bildirib. İcra başçısı hər bir
xidmət sahəsinin qeyd olunan məsələlərin mahiyyətini və sakinlərin məmnunluğunu
nəzərə alaraq görüləcək işlərə məsuliyyətlə yanaşmalarını qeyd edib. Payız-qış mövsümünə
hazırlıq tədbirləri ilə bağlı kəndlərdə bu cür baxışların mütəmadi olaraq
keçiriləcəyini vurğulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş