İcra başçısı Səyyar “ASAN qatar”ın fəaliyyəti ilə tanış olub
Məlumat verdiyimiz kimi, sentyabr ayının 2-dən etibarən Səyyar "ASAN qatar” Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərməyə başlayıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Səyyar "ASAN qatar”ın yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb. "ASAN qatar” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstəmələri üçün yaradılan şəraitlə tanış olub. Sakinlərin fikirlərini öyrənib, necə xidmət göstərilməsi barədə soruşub.
Səyyar "ASAN qatar”ın qrup rəhbəri Elgiz Həsənov məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar”da vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.
Qrup rəhbəri qeyd edib ki, 3 vaqondan ibarət qatarda səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Sakinlərə 30 gün müddətində səyyar formada göstərilən xidmətlərə - torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi, "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər, tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir.
E.Həsənov rayon rəhbərinə bildirib ki, Səyyar "ASAN qatar”ın 2 gün öncə fəaliyyətə başlamasına baxmayaraq artıq bu günə kimi, müraciət etmiş 377 nəfərdən 349 nəfərə xidmət göstərilib. Qrup rəhbəri əsasən vətəndaşların ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti ilə bağlı müraciət etdiklərini qeyd edib. Müraciət edən vətəndaşlardan şəhərdə yaşayan sakinlərlə yanaşı, rayonun kəndlərində yaşayan sakinlərin də üstünlük təşkil etdiyini diqqətə çatdırıb.
Məlumat üçün qeyd edək ki, oktyabr ayının 1-dək fəaliyyət göstərəcək Səyyar "ASAN qatar”da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
Səyyar "ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.
Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqədilə təşkil olunmuş bu xidməti bu gün müraciət etmiş rayon sakinləri də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər. Vətəndaşlara göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab etdiklərini vurğulayıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş