Səyyar “ASAN qatar” Qazaxda
Prezident
İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı
regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki
avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar” bu gün Qazax rayonuna gəlib.
Sentyabr ayının 3-dən etibarən Qazax
şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında fəaliyyət göstərəcək
Səyyar "ASAN qatar” vasitəsilə sakinlərə 25 gün müddətində səyyar formada xidmət
göstəriləcəkdir.
Səyyar "ASAN qatar”ın qrup
rəhbəri Elgiz Həsənov bildirib ki, səyyar formada göstərilən xidmətlərə - bank
xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın
təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların
verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına
alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində
mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin
qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş
pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi
və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, foto xidməti, tərcümə
xidməti, tibb xidməti daxildir.
Məlumat üçün qeyd edək ki, sentyabr ayının 27-dək fəaliyyət
göstərəcək Səyyar "ASAN qatar” gözləmə zalı,
laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan
ibarətdir. "ASAN qatar”da ölkəmizdə dəmir yolu nəqliyyatının inkişafında böyük
xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu
sahəyə diqqət və qayğısının, həmçinin "ASAN xidmət” mərkəzlərinin açılışlarında
iştirakının əks olunduğu fotoguşə yaradılıb.
Səyyar "ASAN qatar” xidmətinin həyata
keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni
və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin
məmnunluğuna nail olmaqdır. GOYEZEN.AZ
Facebook-da paylaş