Şəhər və Çaylı kənd sakinlərinin müraciətlərinə yerində baxılıb
S.Vurğun küçəsində yaşayan sakinlərin müraciətinə baxış
Ölkə başçısı İlham Əliyevin vətəndaşlara olan sonsuz diqqət və qayğısını rəhbər kimi təyin olunduğu ilk gündən iş fəaliyyətinin əsas tərkib hissəsi hesab edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Qazaxda vətəndaş amilini hər şeydən üstün tutması bu gün hər kəsə yaxşı məlumdur. Bunu son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibətdən, göstərilən qayğıdan da aydın şəkildə görmək olur. İstər şəhərdə, istərsə də kəndlərdə sakinlərlə keçirilən görüşlər, həmin görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə cavab verilməsi, vətəndaşların istəyinə əsasən yerində baxış keçirilməsi bu dediklərimizin bariz nümunəsidir. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi və həlli mümkün olan nə varsa edilməsi isə artıq bir ənənə halını alıb. Bu gün hər bir rayon sakini birmənalı şəkildə bilir ki, Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətə, yazdığı məktuba dəqiq və operativ şəkildə baxılacaq.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün ərizə ilə müraciət etmiş bir qrup şəhər və Çaylı kənd sakinlərinin istəklərinə əsasən onlarla görüşüb, sakinləri narahat edən məsələləri dinləyib.
Çaylı kənd sakinlərinin əkin sahələrinin suvarılması ilə bağlı müraciətlərinə əsasən yerində baxış keçirən icra başçısı onları narahat edən məsələ ilə maraqlanıb.
Ərizədə adı qeyd olunan sakinlərdən Elmar Musayev 20 hektara yaxın ərazidə gül kələmi əkdiklərini qeyd edib və təsərrüfatlarının suvarma suyu ilə təmin olunmasını xahiş edib. 30 ailənin çalışdığı təsərrüfata ziyan dəyməməsi, sahənin vaxtlı-vaxtında suvarılması üçün lazımi köməklik olunmasını bildirib. Vətənaşları diqqətlə dinləyən rayon rəhbəri istəkləri ilə bağlı həlli mümkün olan nə varsa ediləcəyini qeyd edib və əkin sahəsinin suvarma suyu ilə təmin olunması barədə aidiyyəti üzrə tapşırıq verib.
Təsərrüfat sahibləri qaldırdıqları məsələyə, yazdıqları məktuba bu cür operativ şəkildə baxılmasına, xüsusilə də rayon rəhbərinin təsərrüfatda olaraq onlara səmimi münasibət göstərməsinə görə təşəkkürlərini çatdırıblar.
Sonra icra başçısı şəhərin Səməd Vurğun küçəsində ərizə ilə müraciət etmiş sakinlərlə görüşüb. Vətəndaşlar müraciətlərində yaşadıqları məhəllədə yeni transformatorun qoyulmasını, eləcə də elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsini qeyd etdiklərini bildiriblər.
Sakinlərlə səmimi söhbət aparan icra başçısı hazırda rayonda, eləcə də kəndlərdə elektrik enerjisi ilə bağlı görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri şəhərin bir neçə küçələrində də SİP kabelləşmə işlərinin uğurla həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, davam etdirilməsi nəzərdə tutulan bir neçə küçə var ki, onlardan biri də Səməd Vurğun küçəsidir. Digər küçələr kimi, bu küçədə də yaxın vaxtlarda SİP kabelləşmə işinə başlanılacaq və qeyd olunan bütün məsələlər öz müsbət həllini tapacaq.
Qazax Elektrik Şəbəkəsinin rəisi Akif Əsgərov da qısa bir vaxtda bu işlərə start veriləcəyini qeyd edib. Rayon rəhbəri bu məsələ ilə bağlı bəzi tapşırıq və tövsiyələrini verib.
Məhəllə sakinləri adından çıxış edən Əsmər Yusifova son illər ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda görülən genişmiqyaslı işləri yüksək qiymətləndirib. Bu gün onların istəyini nəzərə alaraq görüşə gəlməsini, müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb, bütün sakinlər adından minnətdarlığını bildirib. Ölkə vətəndaşına göstərilən diqqət və qayğıya, səmimi münasibətə görə dövlət başçısına və rayon rəhbərinə bir daha sonsuz təşəkkürünü çatdırıb.
İcra başçısı daha sonra şəhərin Heydər Əliyev prospekti 144 ünvanında yaşayan sakin Paşayeva Dilşad Məhəmməd qızının da istəyini nəzərə alaraq onun evində olub. Ona məxsus torpaq sahəsinin zəbt olunması ilə bağlı məsələsinin araşdırılması ilə əlaqədar aidiyyəti üzrə tapşırıq verib. Yaşlı ananı narahat edən digər məsələlərlə maraqlanan icra başçısı bu cür görüşlərin məhz onların qayğılarının həllinə yönəldiyini qeyd edib. Hər bir müraciətin və görüşün arxasında vətəndaş məmnunluğunun dayandığını vurğulayıb. Ölkə başçısının vətəndaşlara olan qayğısının Qazaxda bundan sonra da olduğu kimi icra olunacağını diqqətə çatdırıb.
Çaylı kənd sakinlərinin müraciətinə baxış
S.Vurğun küçəsində yaşayan sakinlərin müraciətinə baxış
Heydər Əliyev prospekti 144-də yaşayan sakinin müraciətinə baxış
GOYEZEN.AZ
Facebook-da paylaş