Səyyar görüşlər zamanı qaldırılan məsələlərə yerində baxılıb
Bu gün tam əminliklə söyləyə bilərik ki, Qazaxda
vətəndaş amili hər şeydən üstün tutulur. Ölkə başçısı İlham Əliyevin
vətəndaşlara olan sonsuz diqqət və qayğısı Qazaxda da əsas götürülür. Son 3
ildə rayon rəhbərliyi tərəfindən sakinlərə olan səmimi münasibətin, göstərilən
qayğının ən bariz nümunəsi isə istər şəhərdə, istərsə də kəndlərdə sakinlərlə
keçirilən görüşlər, həmin görüşlər zamanı səslənən müraciətlərə operativ
şəkildə cavab verilməsi, vətəndaşların istəyinə əsasən yerində baxış
keçirilməsidir. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq
verilməsi və həlli mümkün olan nə varsa edilməsidir. Bu gün hər bir rayon
sakini birmənalı şəkildə bilir ki, Rayon İcra Hakimiyyətinə ünvanladığı
müraciətə, yazdığı məktuba dəqiq və operativ şəkildə baxılacaq. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu
gün ümumi qəbul zamanı müraciət etmiş Alpout kənd sakinlərinin, bu həftə ərzində Ürkməzli və İkinci Şıxlı kəndlərində keçirilən səyyar
görüşlər zamanı müraciət edən vətəndaşların istəyinə əsasən həmin kəndlərdə
olub. Qəbul zamanı Alpout kənd sakinlərinin su məsələsi ilə bağlı müraciətlərini dinləyən və həlli üçün
yerindəcə tapşırıq verən rayon rəhbəri bu gün həmin məsələ ilə əlaqədar görülən
işlərlə maraqlanıb, kənd sakinləri ilə görüşüb. İcra başçısına bildirilib ki,
verilən tapşırığa əsasən artıq bu məsələ öz müsbət həllini tapıb. Belə ki,
kənddə mövcud olan subartezian quyusundan 60 nəfər kənd sakininin yaşadığı
əraziyə 870 metr uzunluğunda plastik boru vasitəsilə su xətti çəkilir. Eyni
zamanda 10 tonluq su çəni də qoyulub. Görülən işlərlə tanış olan rayon rəhbəri
sakinlərlə səmimi söhbət edib, onları narahat edən digər hər hansı bir
məsələnin olub-olmaması ilə maraqlanıb. Rayon rəhbəri kənd sakinlərinin
istəyini nəzərə alaraq kəndin digər hissəsinə də bir ədəd 10 tonluq su çəninin
qoyulması üçün aidiyyəti şəxslərə tapşırıq verib. Ürkməzli kənd sakinləri də səyyar görüş zamanı su məsələsi ilə
bağlı müraciət etdiklərini qeyd ediblər. Rayon rəhbəri bütün görüşlərdə olduğu
kimi, bu görüşdə də məsələnin həll olunması üçün sakinlərin təkliflərini nəzərə
alaraq yerində baxış keçirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıq verib. İcra başçısı bu gün isə sakinlərin məsələnin həlli ilə əlaqədar
təklif etdikləri həmin ərazidə olub, onların istəklərini bir daha dinləyib.
Sakinlər Daş Salahlı arxından nasos vasitəsilə kəndə su verilməsini təklif
ediblər. Vətəndaşları diqqətlə dinləyən rayon rəhbəri bu məsələnin də həlli
istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. İkinci Şıxlı kənd sakinlərinin kənddə
fəaliyyət göstərən "Lukoil” yanacaqdoldurma məntəqəsi ilə bağlı qaldırdıqları
müraciətə də həssaslıqla yanaşılıb. Belə ki, rayon rəhbəri sakinlərin istəyini
nəzərə alaraq həmin yanacaqdoldurma məntəqəsində olub, sakinlərlə görüşüb,
onları narahat edən məsələləri dinləyib. Vətəndaşlar məntəqə ərazisində dayanan
yük maşınları tərəfindən yaranan səs-küylə bağlı narazılıqlarını, yaranmış bu
vəziyyətin onların rahat yaşayışlarına maneə törətdiyini qeyd ediblər. Sakinləri dinləyən rayon rəhbəri onların haqlı narazılığına
səbəb olan bu məsələyə də diqqətlə baxılacağını vurğulayıb. Məsələ ilə bağlı yanacaqdoldurma
məntəqəsinin rəhbərliyinə iradını bildirib. Qeyd olunan məsələnin qısa bir
vaxtda aradan qaldırılması, vətəndaşların rahatlığının təmin olunması
istiqamətində tapşırıqlar verib. Hər üç kənddə sakinlər onların istəyini nəzərə alaraq
görüşə gəlməsini, müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə
qarşılayıb, bütün kənd sakinlərinin adından minnətdarlıqlarını bildiriblər.
Ölkə vətəndaşına göstərilən diqqət və qayğıya, səmimi münasibətə görə dövlət
başçısına və rayon rəhbərinə sonsuz təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZAlpout kəndi
Alpout kəndi
Ürkməzli kəndi
İkinci Şıxlı kəndi
Facebook-da paylaş