Qazaxda medallar sahiblərinə çatdırıldı
Respublika mətbuatı Qazax haqqında
Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalına respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da layiq görülənlər olub. Medalla təltif olunanlar arasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, Qazax Rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva və Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev də var.
Qazax Rayon İcra Hakimiyyətində medalların təqdim olunma mərasimi
keçirilib. Mərasimdə İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul
şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,
təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəb direktorları, ziyalılar, KİV nümayəndələri
iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov tədbiri giriş sözü ilə açaraq əvvəlcə "Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi (1918–2018)” yubiley medalına layiq görülən bütün medal sahiblərini
səmimi qəlbdən təbrik edib. İstər özünə, istərsə də digər yoldaşlara yubiley
medalının verilməsini qazaxlılara verilən ən böyük qiymət kimi dəyərləndirib.
İcra başçısı ümummilli lider Heydər Əliyevin
siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı keçirilən silsilə tədbirlərdən
də söz açıb. Qeyd edib ki, 14 iyul tarixindən bir həftə keçməsinə baxmayaraq bu
gün də Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər
Əliyevin ölkəmizin taleyində və inkişafında böyük rolu və xidmətləri haqqında
geniş məlumat verilir. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndərin dediyi
kimi "Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir”
sözləri zamanın sınağından çıxdı və xalqımız növbəti dəfə müstəqilliyini itirmək
təhlükəsi ilə üz-üzə qalanda Ümummilli Lider xalqımızı bu bəladan xilas etdi. Ona görə də birmənalı şəkildə deyə bilərik ki, müstəqil Azərbaycan
dövləti Heydər Əliyevin şah əsəridir. İcra başçısı Ümummilli Liderin layiqli davamçısı
İlham Əliyevin müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə
çatdırdığını və ölkəmizin bütün dünyada güclü dövlət kimi tanındığını diqqətə
çatdırıb.
Bu gün Respublika Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin, o cümlədən də bölgələrimizin ildən-ilə inkişaf etdiyini qeyd edən rayon rəhbəri həmin rayonlar arasında Qazaxın da öncül yerlərdə dayandığını bildirib. Qazaxda bütün sahələrin – elmin, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın, kənd təsərrüfatının və eləcə də digər sahələrin artan templə inkişaf etdiyini, rayonda genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığını qeyd edib.
Daha sonra rayon rəhbəri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalını sahiblərinə təqdim edib. Yubiley medalına layiq görülən Qazax Rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva və Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar. Çıxış edən digər şəxslər Cümhuriyyət medalının onlara verilməsini bütün qazaxlı ziyalılara verilən qiymət kimi dəyərləndiriblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq medal sahiblərini bir daha təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzulayıb.
Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri
27 iyul 2019-cu il
Facebook-da paylaş