Qazaxda "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” medalı sahiblərinə təqdim olunub
Respublika Prezidenti İlham Əliyevin
sərəncamı ilə "Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley
medalına respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da layiq görülənlər
olub. Qeyd edək ki,
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə
Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq
Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin
ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının
vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. Medalla
təltif olunanlar arasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, Qazax
Rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva və Əməkdar Bədən Tərbiyəsi və
İdman xadimi Ramiz Tağıyev də var. Bu gün Qazax Rayon İcra Hakimiyyətində medalların təqdim olunma mərasimi keçirilib. Mərasimdə
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul şəxsləri,
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,
təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəb direktorları, ziyalılar, KİV
nümayəndələri iştirak ediblər. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə
açaraq əvvəlcə "Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalına layiq görülən
bütün medal sahiblərini səmimi qəlbdən təbrik edib. İstər özünə, istərsə də digər
yoldaşlara yubiley medalının verilməsini qazaxlılara verilən ən böyük qiymət
kimi dəyərləndirib. İcra başçısı ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin
50 illiyi ilə bağlı keçirilən silsilə tədbirlərdən də söz açıb. Qeyd edib ki,
14 iyul tarixindən bir həftə keçməsinə baxmayaraq bu gün də Azərbaycan xalqının
ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin taleyində və
inkişafında böyük rolu və xidmətləri haqqında geniş məlumat verilir. Rayon rəhbəri
vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 14 iyul 1969-cu il
tarixində Azərbaycan Respublikasında dövlət rəhbəri kimi fəaliyyətə başlaması xalqmızın yaddaşında hər zaman dərin hörmətlə
anılır və bundan sonra da anılacaqdır. Çünki həmin tarixdən bizi ayıran ötən 50
ilin parlaq və şanlı səhifələri Ulu Öndərin mənalı və şərəfli ömür yolu ilə
bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar Ümummilli Lideri və müstəqil
dövlətçiliyinin rəmzidir. Sonra icra başçısı
Azərbaycan Xalq
Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər salıb, müstəqil Azərbaycan
Respublikasının Cümhuriyyətin varisi olduğunu vurğulayıb. Qeyd edib ki, hər
hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi
prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir. Azərbaycan
xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa
belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur.
Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən
ilk demokratik respublika kimi tarixə düşüb, xalqımız qısamüddətli olsa da,
müstəqillik ideallarına qovuşub. Qarşısına müstəqil, azad və demokratik
respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq
fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz
müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş
etdirib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100
illiyinin ölkəmizdə respublika səviyyəsində qeyd olunması, 2018-ci ilin
Azərbaycanda "Cümhuriyyət ili” elan olunması və bunun kimi silsilə tədbirlərin
keçirilməsi bir daha sübut etdi ki, doğrudan da Azərbaycan dövləti
Cümhuriyyətin varisi olduğunu atdığı bütün addımlarla sübut edir. Rayon rəhbəri vurğulayıb ki, ulu öndərin dediyi kimi "Müstəqilliyi qazanmaq
çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın
sınağından çıxdı və xalqımız növbəti dəfə müstəqilliyini itirmək təhlükəsi ilə
üz-üzə qalanda ulu öndər xalqımızı bu bəladan xilas etdi. Ona görə də birmənalı
şəkildə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah
əsəridir. İcra başçısı Ümummilli Liderin layiqli davamçısı İlham Əliyevin
müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırdığını
və ölkəmizin bütün dünyada güclü dövlət kimi tanındığını diqqətə çatdırıb. Bu gün Respublika Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində
ölkəmizin, o cümlədən də bölgələrimizin ildən-ilə inkişaf etdiyini qeyd edən
rayon rəhbəri həmin rayonlar arasında Qazaxın da öncül yerlərdə dayandığını
bildirib. Qazaxda bütün sahələrin – elmin, təhsilin, səhiyyənin, mədəniyyətin,
idmanın, kənd təsərrüfatının və eləcə də digər sahələrin artan templə inkişaf
etdiyini, rayonda genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığını qeyd
edib. Rayon rəhbəri bildirib ki, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə
hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə bütün sahələri əhatə edən məsələlərin
öz əksini tapması rayonun növbəti 5 ildə də uğurla inkişaf etməsi deməkdir.
Qeyd edib ki, xüsusilə də həmin Dövlət Proqramına 11 məktəb binasının əsaslı təmir
olunmasının salınması təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla
davam etdirilməsinin göstəricisidir. Qazaxda həmin Dövlət Proqramında əksini
tapan daha bir məktəbin - Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176
şagird yerlik Kosalar kənd tam orta məktəbin istismara yararsız olması nəzərə
alınaraq Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanılması Xalq
yazıçısının 100 illik yubileyi ərəfəsində qazaxlılara, Qazax ziyalılarına verilən
daha bir qiymətdir. İcra başçısı bütün qazaxlı ziyalılar adından Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya bir daha dərin minnətdarlığını
çatdıraraq Fondun atdığı bu addımı yüksək qiymətləndirib. Daha sonra
rayon rəhbəri "Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalını sahiblərinə təqdim
edib. Yubiley medalına layiq görülən Qazax Rayon
Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva və Əməkdar Bədən Tərbiyəsi və
İdman xadimi Ramiz Tağıyev çıxış edərək onların əməyinə verilən yüksək qiymətə
görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar. İdman və mədəniyyət
sahəsinə olan diqqət və qayğının məhz Ulu Öndər Heydər Əliyevin
hakimiyyətdə olduğu dövrlərdən başlandığını bildiriblər. Bu gün də onun layiqli
davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini
diqqətə çatdırıblar. Cümhuriyyət medalının onlara verilməsini bütün qazaxlı
ziyalılara verilən qiymət kimi dəyərləndiriblər. Rayon rəhbərliyinə onlara göstərilən
səmimi münasibətə görə təşəkkürlərini çatdırıblar. Tədbirdə
daha bir medal isə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Həsənova
Gulaya Ziyad qızına təqdim edilib. O, Dövlət qulluqçularının təltif edilməsi
haqqında Respublika Prezidenti İlham Əliyevin 22 iyun 2019-cu il tarixli Sərəncamı
ilə "Dövlət
qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Rayon rəhbəri medalı
təqdim edib və təbriklərini çatdırıb. Müavin Gulaya Həsənova da çıxış
edərək ilk öncə rayon rəhbərini "Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülməsi
münasibətilə bütün rayon ictimaiyyəti, ziyalıları adından səmimi qəlbdən təbrik
edib. Ölkə başçısı tərəfindən göstərilən bu diqqət və qayğını son 3 ildə rayon
rəhbərinin Qazaxda həyata keçirdiyi genişmiqyaslı işlərin mükafatı kimi
qiymətləndirib. Eyni zamanda qazaxlıların ünvanına atılan daha bir yüksək addım
kimi dəyərləndirib. Fəaliyyətinə verilən qiymətə, "Dövlət qulluğunda fərqlənməyə
görə” medalına layiq görülməsinə görə öz adından və ailəsi adından ölkə
başçısına bir daha sonsuz təşəkkürünü çatdırıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun
vuraraq medal sahiblərini bir daha təbrik edib, müstəqil Azərbaycanın
çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzulayıb.
GOYEZEN.AZ
Facebook-da paylaş