Qazaxda Əməkdar bədən tərbiyəsi və idman xadimi Kamal Əhmədovun 85 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq rayon turniri keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Respublika Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Qırmızı Əmək Bayrağı Ordenli, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, respublika dərəcəli hakim Əhmədov Kamal Məhəmməd oğlunun 85 illik yubileyinə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib. Qazax Olimpiya İdman Kompleksində baş tutan turnirə şəhər və rayon olmaqla 7 komanda qatılıb. Qazax (4), Ağstafa (1), Tovuz (1),
Şəmkir (1) şəhər və rayonlarından ümumilikdə 110 idmançı öz məharətlərini nümayiş etdiriblər. Turnirin rəsmi
açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra
aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların
rəhbərləri, ziyalılar, məktəb direktorları, titullu idmançılar, turnirin hakimləri
və yarış iştirakçıları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Rayon Gənclər
və İdman İdarəsinin rəis müavini Sahib Namazov yarışın rəsmi açılışını elan etdikdən
sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yubilyarı təbrik edib, səmimi
arzularını çatdırıb. Ulu öndər Heydər Əliyevin vaxtilə
idman sahəsinə, idmançılara daim xüsusi qayğı ilə yanaşdığını qeyd edib. Ümummilli
liderin Azərbaycanda idman sahəsinin ən yüksək səviyyədə inkişaf etməsi üçün
uğurlu idman siyasətinin əsasını qoyduğunu diqqətə çatdırıb. Bu gün həmin siyasətin
ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən
olduğu kimi icra edildiyini bildirib. Azərbaycanda idmanın bütün sahələrinə
olduğu kimi, sərbəst güləşə də daim qayğı göstərildiyini vurğulayıb. İstər
Avropa, istərsə də dünya çempionlarının yetişməsində Qazax güləş məktəbinin,
xüsusilə də Əməkdar məşqçi Kamal Əhmədovun böyük xidmətləri olduğunu söyləyib. Hazırda
ölkəmizdə keçirilən XV Avropa Gənclər Olimpiya
Festivalından
söz açan icra başçısı istər həmin festivalda, istərsə də bugünkü turnirdə mübarizə aparan idmançılara uğurlar arzulayıb.
Rayon Gənclər
və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək Azərbaycan idmanının
inkişafında əməyi olan, Qazaxda sərbəst güləş idman növünün əsasını qoyan Kamal
Əhmədovu 85 illik yubileyi münasibətilə təbrik edib. Qazax güləş məktəbinin formalaşmasında
göstərdiyi misilsiz xidmətlərindən söz açaraq onun verdiyi tapşırıq və tövsiyələrə
bu gün də idmançılarımızın əməl etdiklərini qeyd edib.
Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi
və idman xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, bu
günlərdə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif
olunan Ramiz Tağıyev çıxış edərək yubilyara ürək sözlərini
çatdırıb. Qazax güləş məktəbində saysız-hesabsız dünya şöhrətli güləşçilərimizin
yetişməsində Kamal Əhmədovun böyük əməyinin olduğunu, onun Azərbaycan idmanını,
o cümlədən də sərbəst güləşi daim yüksəklərdə tutduğunu bildirib.
Respublika Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar
bədən tərbiyəsi və idman xadimi Kamal Əhmədov çıxış edərək idman sahəsinə dövlət
səviyyəsində göstərilən diqqət və qayğıya, idmançılara verilən yüksək dəyərə
görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. 85 illik
yubileyinin təntənəli şəkildə qeyd olunmasına görə Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova və əməyi keçən bütün insanlara sonsuz təşəkkürünü
çatdırıb. Bu gün turnirdə iştirak edən yeniyetmələrin arasından gələcəyin
Avropa və dünya çempionlarının yetişəcəyini, hər birinin dünya şöhrətli idmançılar
olacağını qeyd edib.
Tədbirdə yubilyar Kamal Əhmədova idmanın
inkişafında göstərdiyi xidmətlərə və 85 illik yubileyi münasibətilə Qazax Rayon
İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib. Rəsmi hissə başa çatdıqdan sonra yarışa start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin
qalibləri Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplom və medallarla
təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş