• Təqvim

  • Maraq



Qazaxda daha bir binanın təmirdən sonra açılışı olub

Respublika Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, göstərdiyi diqqət və qayğı sayəsində respublikamızın bütün bölgələri, o cümlədən də Qazax gündən-günə inkişaf edir, abadlaşır. Təkcə son 3 ildə rayonda aparılan genişmiqyaslı quruculuq işləri, yeni asfalt yolların çəkilməsi, bağçaların, məktəblərin inşa olunması, sosial obyektlərin istifadəyə verilməsi, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə qazanılan nailiyyətlər bunu söyləməyə əsas verir.

Daim diqqət mərkəzində saxlanılan və vətəndaş məmnunluğuna səbəb olan işlərdən biri də rayonda mövcud olan çoxmənzilli yaşayış binalarının əsaslı təmir olunması sahəsində görülən işlərdir. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunub. Ölkə Prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən yaşayış binalarının təmiri vətəndaşlara göstərilən diqqət və qayğı ilə yanaşı, yeni iş yerlərinin yaradılması, burada çalışan rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından da böyük əhəmiyyət kəsb edir.

Məlumat verdiyimiz kimi, şəhərin Heydər Əliyev prospektində yerləşən 171 saylı çoxmənzilli yaşayış binası da əsaslı şəkildə təmir olunurdu. 3 aya yaxındır ki, aparılan təmir işləri artıq başa çatıb.

Bu gün 2 mərtəbədən, 2 giriş blokundan və 12 mənzildən ibarət olan həmin yaşayış binasının əsaslı təmirdən sonra açılış mərasimi olub. Binanın qarşısında keçirilən açılış mərasimində bina sakinləri ilə yanaşı aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əvvəlcə əsaslı şəkildə təmir olunan binaya baxış keçirib. Tədbir iştirakçıları binalarda yaradılan şəraiti, aparılan təmir işlərini yüksək qiymətləndiriblər.

Rayon rəhbəri çıxış edərək bina sakinlərini salamlayıb, xoş arzularını çatdırıb. Açılış mərasimi münasibətilə bina sakinlərini səmimi qəlbdən təbrik edən icra başçısı bu gün dövlətimiz və dövlət başçısı tərəfindən nəinki əhalinin sosial rifah halının yaxşılaşdırılması, eyni zamanda mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm işlər görüldüyünü bildirib. Dövlət başçısı tərəfindən ölkə vətəndaşlarının rifahı naminə imzalanan çoxsaylı Fərman və Sərəncamlardan söz açan rayon rəhbəri əmək haqqının, təqaüdlərin, sosial müavinətlərin artırılması, vətəndaşları narahat edən problemli kreditlərin həlli ilə bağlı atılan mühüm addımları bu sahədə görülən işlərin əyani sübutu kimi qiymətləndirib.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərdən, istifadəyə verilən sosial obyektlərdən, eləcə də yeni iş yerlərinin yaradılmasından, kənd təsərrüfatının inkişaf etməsindən, tikinti-quruculuq işlərinin geniş vüsət almasından söz açan rayon rəhbəri görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib. Rayon rəhbəri su-kanalizasiya xəttinin çəkilişindən, 145 çarpayılıq rayon mərkəzi xəstəxanasında görülən işlərdən də danışıb.

Çoxmənzilli yaşayış binalarında, xüsusilə də 171 saylı binada görülən işlərdən söz açan icra başçısı qeyd edib ki, çalışdıq ki, bütün işlər keyfiyyətlə yerinə yetirilsin. Bütün işlər ölkə başçısının tapşırığına və siz sakinlərin istəyinə uyğun olsun.

Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sakinlərlə olan görüşlərindən, onlara göstərdikləri səmimi münasibətdən söhbət açan rayon rəhbəri Azərbaycanda vətəndaş amilinin hər zaman ön planda olduğunu bildirib.

Rayon rəhbəri qeyd edib ki, bu gün hər bir dövlət məmurunun əsas vəzifəsi siz sakinləri dinləmək, qaldırdığınız, səsləndirdiyiniz ən xırda bir məsələyə belə qayğı ilə yanaşmaqdır.

Bina sakinlərindən Fatma Tomtuyeva, Sima Əfəndiyeva səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə ölkə Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, biz sakinlərin Sizin yanınıza getməyə ehtiyac qalmır. Çünki Siz hər zaman sakinlərin yanında olursunuz. Biz bunu təmir başlayan ilk gündən mütəmadi olaraq binada görülən işlərlə yaxından tanış olmağınızdan, hər dəfə gəlişiniz zamanı qayğılarımızla maraqlanmağınızdan bir daha əyani şəkildə gördük.


 

Məlumat üçün bildirək ki, ikimərtəbəli, 171 saylı bina 2 giriş blokundan ibarətdir. 12 mənzilli binada 36 nəfər sakin yaşayır. Binanın daxili və xarici fasadında suvaq işləri aparılıb, göz oxşayan rənglərlə boyanıb. Pilləkan qəfəsləri də əsaslı təmir olunaraq rənglənib. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Blokların pəncərələri yenilənib. Blokların giriş hissəsində olan günlüklər yenidən qurulub. Qaz, elektrik və rabitə xətləri səliqəyə salınıb. 

GOYEZEN.AZ



Facebook-da paylaş