Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş yeniyetmələr arasında VII açıq Qazax rayon turniri keçirilib
Bu gün Qazax rayon Gənclər və İdman İdarəsi və "Göyəzən” MMC-nin
birgə təşkilatçılığı, "Turanbank” ASC-nin maliyyə dəstəyi ilə ümummilli lider
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş sərbəst
güləş üzrə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında VII açıq Qazax
rayon turniri keçirilib. Qazax Olimpiya İdman Kompleksində baş tutan
turnirə şəhər və rayon olmaqla 12 komanda qatılıb. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə,
Samux, Göygöl, Ağdam, Bərdə, Goranboy Qəbələ, Sumqayıt şəhər
və rayon klublarının ümumilikdə 230-dan çox yeniyetmə idmançısı öz məharətlərini
göstərmək imkanına malik olublar. Turnir başlamazdan əvvəl təşkilat nümayəndələri və idmançılar ulu
öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstəsi
düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Qazax Olimpiya İdman Kompleksində turnirin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və müavin Gulaya Həsənova, icra aparatının məsul işçiləri, "Şöhrət” ordenli, "Tərəqqi” medallı, dünya şöhrətli idmançı, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, "Turanbank” ASC-ninnümayəndələri, veteran idmançılar və gənclər iştirak ediblər. Qazax rayon Gənclər və İdman İdarəsinin rəis müavini sahib Namazov
turniri açıq elan etdikdən sonra idmançılar yarış meydanına daxil olublar. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış
edərək idmançıları və turnirin təşkilatçılarını rayon rəhbərliyinin adından
salamlayıb. Ulu öndər Heydər Əliyevin vaxtilə idman sahəsinə, idmançılara daim
xüsusi qayğı ilə yanaşdığını qeyd edib. Azərbaycanda idman sahəsinin ən yüksək
səviyyədə inkişaf etməsi üçün uğurlu idman siyasətinin əsasını qoyduğunu
diqqətə çatdırıb. Bu gün həmin siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən
olduğu kimi icra edildiyini bildirib. Bugünkü yarışın məqsəd və əhəmiyyətindən
söz açan birinci müavin turnirdə mübarizə aparacaq idmançılara uğurlar arzulayıb.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov
çıxış edərək idmançıları salamlayıb və uğurlar arzu edib. Ölkə idmanının,
xüsusilə də sərbəst güləş idman növünün inkişaf etdirilməsi məqsədilə bu cür
turnirlərin təşkilinə görə təşkilatçılara minnətdarlığını çatdırıb. Qazaxın
tarixən güləş məktəbinin beşiyi sayıldığını, ölkənin idman sahəsində qazanılan
uğurlarında qazaxlı güləşçilərin böyük pay sahibi olduqlarını qeyd edib. Bu gün
Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınmasında ulu öndər Heydər
Əliyevin əsasını qoyduğu idman siyasətinin böyük rolu olduğunu bildirib. Bu gün
həmin siyasəti layiqincə davam etdirən dövlət başçısı İlham Əliyevin diqqət və
qayğısı sayəsində ölkə idmanının, o cümlədən də sərbəst güləşin gündən-günə
inkişaf etdiyini diqqətə çatdırıb. Son 15 ildə Azərbaycanda idman sahəsində
qazanılan uğur və nailiyyətlərdən söz açan dünya şöhrətli idmançı belə
qələbələrin, medal və kubokların, diplomların sayının bundan sonra da
artacağını vurğulayıb. Gənclərin sağlam əqidədə və mühitdə yetişməsi üçün bu
cür turnirlərin təşkil edilməsinin böyük əhəmiyyəti olduğunu bildirib. "Turanbank” ASC-nin audit komissiyasının
sədri Məhəmməd Kələşov çıxış edərək öz növbəsində idmançılara uğurlar arzulayıb
və bu cür turnirlərin keçirilməsinin artıq bir ənənə halını aldığını bildirib.
Qeyd edib ki, bankın dəstəyi ilə
keçirilən turnirin əsas məqsədi ölkəmizdə sərbəst güləş idman növünü inkişaf
etdirmək, populyarlaşdırmaq, yeniyetmələrin idmana həvəsini artırmaq və onların
vətənpərvərlik ruhunda tərbiyə olunmasına nail olmaqdır. Veteran idmançılardan Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Kamal Əhmədov, Əməkdar bədən
tərbiyəsi və idman xadimi Ramiz Tağıyev çıxış edərək ölkə idmanının
inkişaf etdirilməsi istiqamətində görülən işləri, həyata keçirilən layihələri
veteran idmançılar kimi yüksək qiymətləndirdiklərini vurğulayıblar. Sərbəst
güləşin Azərbaycanın bütün bölgələrində geniş şəkildə yayılması, yeniyetmələrdə
bu idman növünə olan marağın artırılması üçün bu cür turnirlərin təşkil
olunmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Rəsmi hissə başa çatdıqdan sonra yarışa start verilib. Gərgin idman mübarizəsi
şəraitində keçən turnirin qalibləri medallar, diplomlar və tutduqları yerlərə görə
müvafiq pul mükafatı ilə təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş