İcra başçısı kəndlərdə ipəkqurdunun saxlanma şəraiti ilə tanış olub
Respublikamızın hər yerində
olduğu kimi, Qazax rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini
təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir. Dövlət başçısı İlham
Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və
sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü
tədbirlər həyata keçirilir. İldən-ilə əkin sahəsinin hektarı artırılan Qazax rayonunda
kənd təsərrüfatının demək olar ki, bütün sahələri - taxılçılıq, kartofçuluq,
tütünçülük, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə
olunur. Respublika Prezidentinin "Azərbaycan
Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər
üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti
İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamının icrası ilə
əlaqədar olaraq son 3 ildə rayonda baramaçılığın inkişaf etdirilməsi
istiqamətində uğurlu tədbirlər həyata keçirilir. Dövlət
başçısının ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam,
tapşırıq və tövsiyələrə əsasən bu il artıq dördüncü il olacaq
ki, rayonda barama yetişdiriləcək. Bu sahədə görülən məqsədyönlü işlərin
nəticəsidir ki, rayonumuzda barama istehsalı ildən-ilə artmaqdadır.
2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623 kq olmuşdur. Ötən il isə rayon üzrə
qazaxlı kümçülər tərəfindən 5000 kq yaş baramanın yetişdirilməsi nəzərdə
tutulduğu halda, 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində yerləşən "Azəripək”
ASC-yə təhvil verilmişdir. Bu il isə 8 ton yaş baramanın yetişdirilməsi
nəzərdə tutulub. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident
Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə rayonun Yuxarı Salahlı, Daş Salahlı və Xanlıqlar kəndlərində olub, ipəkqurdunun
saxlanma şəraiti və mövcud vəziyyətlə maraqlanıb. Rayon rəhbərliyi əvvəlcə Yuxarı Salahlı kəndində ipəkqurdunun saxlanma şəraiti ilə tanış olublar. Burada barama yetişdirən Günaya Ocaqquluyeva bildirib ki, respublikada ipəkçiliyin
inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biz rayon baramaçılarının bu sahəyə
olan marağını xeyli artırıb. Hər il məhsulun bəhrəsini görən kümçülər
cari ildə də daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Sonra Daş
Salahlı kəndində barama saxlanılacaq yerlərə
baxılıb və ipəkqurdunun mövcud vəziyyəti öyrənilib. Rayon rəhbərinə məlumat verilib
ki, ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım gələn
bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Daha sonra rayon rəhbəri və
administrasiya nümayəndəsi kənddə yaşayan sakinlərlə görüşüb, onların qayğıları
ilə maraqlanıblar. Rayon rəhbərliyi ilə səmimi söhbət edən kənd sakinləri son
illər ölkəmizdə, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı abadlıq və
quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rayonun digər kəndləri kimi Daş Salahlı kəndinin də gündən-günə inkişaf
etdiyini qeyd ediblər. 10 mindən çox əhalisi olan Daş Salahlı kəndində yeni asalt
yolun çəkilməsini vətəndaşlara göstərilən qayğının əyani təzahürü kimi qiymətləndirdiklərini
söyləyiblər. Bu gün rayonda bütün sahələrin inkişaf etdiyini və bu inkişafın
Daş Salahlı kəndindən də yan keçmədiyini vurğulayıblar. Kənddə içməli su məsələsinin
olduğunu bildirən sakinlər dövlətin və dövlət başçısının, eləcə də rayon rəhbərliyinin
qayğısı sayəsində bu məsələnin də öz müsbət həllini tapacağını qeyd ediblər. Xanlıqlar kəndində
ipəkqurdunun saxlanma şəraiti ilə tanış olan rayon rəhbərliyinə yüksək məhsul əldə
etmək üçün bütün lazımi tədbirlərin görüldüyünü bildiriblər. Hər üç kənddə mövcud vəziyyətlə yerində tanış olan
icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş