• Təqvim

  • Maraq



Qazaxda Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilib

Xəbər verdiyimiz kimi, 2019-cu il aprelin 6-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın (Ağdərə rayon sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlər) ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəlib. Gənc ailənin qız övladının dünyaya gəlməsi ilə vətəndaş sayı 10 milyon olan Azərbaycanda bu körpənin gəlişi sevinclə qarşılanıb. Bu əlamətdar hadisə respublikamızda silsilə tədbirlərlə qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdən əvvəl bu əlamətdar gün münasibətilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Qazax Rayon İcra Hakimiyyəti tərəfindən ağacəkmə kampaniyası təşkil olunub. Rayonun fəal gənclərinin iştirakı ilə şəhərin mərkəzində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan parkda şam tingləri əkilib.

Sonra Rayon Mədəniyyət Mərkəzinin qarşısında bayram tədbiri təşkil olunub. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, gənclər, RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri, "Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər.


Aparıcılar Akif Əmirov və Zəmanə Dərviş bayram tədbirini açıq elan edərək bütün Azərbaycan xalqını əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək  tədbir iştirakçılarını salamlayıb, Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Körpənin valideynlərinə gözaydınlığı verərək Vətəninə, xalqına, millətinə layiqli övlad olmasını arzulayıb.

Qeyd edib ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, bu gün isə onun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ölkəmiz gündən-günə inkişaf edir.

Bildirib ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial sahədə inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Ölkəmizdə olan bu inkişaf Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır.

 

Qeyd edib ki, bütün dünyada güclü dövlət kimi tanınan Azərbaycan artıq 10 milyonluq bir ölkədir. Bu, təkcə əhalinin say artımı deyil, eyni zamanda, ölkəmizin son dövrlərdə olan iqtisadi inkişafı deməkdir.

Birinci müavin qeyd edib ki, bu əlamətdar hadisə ilə əlaqədar Respublika Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızı, yeni doğulmuş körpənin valideynlərini təbrik etdilər. Bu təbrik bir daha onu göstərdi ki, ölkə başçısı və birinci xanım hər zaman Azərbaycan xalqının yanındadır. Sevincli gündə də, kədərli gündə də daim öz vətəndaşı ilə maraqlanır, diqqət və qayğı göstərir. Bu gün bu xoş xəbərin ölkəmizdə toy, bayram kimi yüksək səviyyədə qeyd olunması bunu bir daha sübut edir.

M.Alıyev sonda xalqımızı, rayon sakinlərini 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasbətilə bir daha təbrik edib.

Sonra bayram tədbiri müğənnilər və aşıqların ifasında konsert proqramı ilə davam edib.

MuğənnilərdənNəsimi Kamaloğlunun, Lütviyyə Musayevanın, Heydər Babayevin, Lalə Əliyevanın və Gültəkin Hüseynovanın, gənc meyxanaçı Əmir Qazaxlının bir-birindən şən mahnıları alqışlarla qarşılanıb.

Aşıqlardan Camoy Qurbanovun, Yaşar Gülümcanovun, Şahin Süleymanovun sazda ifa etdikləri qədim el havaları əsl bayram əhval-ruhiyyəsi yaradıb. Gənc rəqqasların milli rəqsləri də alqışlarla qarşılanıb və tədbirə toplaşanlara xoş ovqat bəxş edib.

10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə keçirilən bayram tədbiri gənclərin təşkil etdikləri Fləshmob və əsgərlərin rəqsi ilə başa çatıb.


















GOYEZEN.AZ



Facebook-da paylaş