• Təqvim

  • Maraq



Qazaxda Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunub


Bu gün Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən artıq 22 ildir ki, martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Respublikamızın hər yerində olduğu kimi, Dövlət Təhlükəsizlik Xidməti Qazax rayon şöbəsinin əməkdaşları da peşə bayramlarını qeyd ediblər. Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətiləQazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, DTX-nin Qazax rayon şöbəsinin əməkdaşları, RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri, məktəb direktorları, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyəti, xüsusilə də Azərbaycanın milli təhlükəsizlik orqanlarının formalaşmasında göstərdiyi misilsiz xidmətləri ilə tanış olublar. Azərbaycanın qurucusu və memarı olan ümummilli liderin dövlət, xalq qarşısında görüdüyü işlərə, həyata keçirdiyi layihələrə bir daha nəzər salıblar.








Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev başda olmaqla xidmətin əməkdaşlarını, eləcə də Qazax rayon şöbəsinin kollektivini Azərbaycanın dövlət təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı qeyd edib ki, tarixən çətin, keşməkeşli, eyni zamanda, şərəfli bir yol keçmiş Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 100 il keçir. Bu gün Dövlət Təhlükəsizliyi Xidməti milli maraqlarımızın və təhlükəsizliyimizin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyəti ilə tarixinin şərəfli səhifələrini yazır, dövlətin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir.

"Təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”, - deyən rayon rəhbəri qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşıb. Təhlükəsizlik orqanlarının maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılıb.

İcra başçısı bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində daim təkmilləşən Dövlət Təhlükəsizliyi Xidməti hazırda inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Dövlət Təhlükəsizliyi Xidməti müstəqil Azərbaycan dövlətinin milli maraqlarının, təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində üzərinə düşən məsul vəzifələri yüksək səviyyədə, şərəflə və vicdanla yerinə yetirir.

Rayon rəhbəri qeyd edib ki, bu gün ölkəmizdə elə bir sahə tapılmaz ki, orada olan inkişaf nəzərə çarpmasın. İqtisadiyyat, kənd təsərrüfatı, sənaye, idman, təhsil, səhiyyə, mədəniyyət, ordu quruculuğu və bir çox sahələrdə əldə olunan nailiyyətlər müstəqil Azərbaycanın güclü dövlət olmasından xəbər verir. Vurğulayıb ki, bütün sahələrlə yanaşı, ölkəmizdə milli təhlükəsizliyin bərqərar olması üçün də məqsədyönlü işlər görülür. "Bu gün düşmənlə 168 km sərhəddi olan Qazax rayonu eyni zamanda beynəlxalq respublika ilə də qonşudur”, - deyən icra başçısı rayonumuzda milli təhlükəsizliyimizin təmin olunması sahəsində dövlət xidməti, eləcə də DTX-nin Qazax rayon şöbəsinin əməkdaşları tərəfindən görülən işlərdən, göstərdikləri xidmətlərdən də söz açıb.

DTX Qazax rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rəşad Əliyev çıxış edərək əlamətdar gün münasibətilə xidmətin, eləcə də şöbənin əməkdaşlarını təbrik edib, səmimi arzularını çatdırıb. Ölkəmizdə milli təhlükəsizlik orqanının yaranma tarixi haqqında ətraflı məlumat verərək bildirib ki, bu tarix 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin (kvartirmeyster) təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub.

Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub. Uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına imkan verilməyib. Yalnız gənc yaşlarından özünün yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitrətən kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların sayının artırılması, onların irəli çəkilməsi, eyni zamanda, azərbaycançılıq ruhunda tərbiyə edilməsi mümkün olub. Ümummilli lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Həyatının 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən ümummilli lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə siyasətinin əsasını qoydu və bu məqsədə nail oldu. Ulu öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və əlbəttə ki, təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynadı.


R.Əliyev qeyd edib ki, bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatların aparılmasını da diqqət mərkəzində saxlayır. Bu islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb.

Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib, onların tərkibinə daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.

Ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və qayğı göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin fəaliyyətinin mühüm tərkib hissəsidir.

Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlamətdar yubiley münasibətilə dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının hərbi qulluqçularının bir qrupunu ali hərbi rütbələr, orden və medallar, yüksək fəxri adla təltif etməsi təhlükəsizlik orqanları əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymət olmaqla yanaşı, bu sahədə çalışan hərbi qulluqçulara ikiqat bayram sevinci yaşatdı.

Ulu öndər Heydər Əliyev deyirdi: "Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun". Bu gün əlamətdar yubileyi və peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri göstərirlər.

Qazax rayon Prokuroru Əlirza Babayev, Polis şöbəsinin rəisi Ədalət Əliyev, Bakı Dövlət Universiteti Qazax filialının direktor müavini Məmməd Yusifov hüquqi və demokratik dövlət quruculuğu prosesində Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi rolundan danışaraq xidmətin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib, şərəfli və məsuliyyətli işlərində onlara uğurlar arzulayıblar. Ölkəmizin milli maraqlarının təmin edilməsində xüsusi xidmət orqanlarının fəaliyyətinə nəzər salan çıxışçılar ölkə prezidenti İlham Əliyevin bu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi və müasirləşdirilməsi, əməkdaşların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi Sərəncamların nəticələrini diqqətə çatdırıblar.



Sonda Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin bir qrup əməkdaşına Qazax Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı təqdim olunub. Fəxri fərmanla təltif olunan əməkdaşlar onların əməyinə verilən qiymətə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bundan sonra da müstəqil Azərbaycanın inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq Təhlükəsizlik Xidməti rayon şöbəsinin əməkdaşlarını peşə bayramları münasibətilə bir daha təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.






GOYEZEN.AZ



Facebook-da paylaş