Qazaxda miqrasiya qanunvericiliyi sahəsində maarifləndirici tədbir keçirilib
Bu gün
Dövlət Miqrasiya Xidmətinin Gəncə Regional Miqrasiya İdarəsi tərəfindən
ictimaiyyətin miqrasiya qanunvericiliyi sahəsində maarifləndirilməsi ilə bağlı tədbir
keçirilib. Qazax
Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Məmməd Alıyev, icra aparatının məsul işçiləri, Gəncə
Regional Miqrasiya İdarəsinin rəisi Orxan Xıdırov, bölmə rəisi Vüsal Xəlilov və
inspektor Azad Namazov, hüquq-mühafizə, idarə,
müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri,
bələdiyyə sədrləri, sahibkarlar,
ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, ağsaqqal
və ziyalılar, miqrasiya ilə bağlı problemi olan sakinlər, QHT-lər və KİV
nümayəndələri iştirak ediblər. Qazax Rayon
İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbiri giriş sözü
ilə açaraq öncə rayon rəhbərliyinin adından qonaqları və tədbir iştirakçılarını
salamlayıb, qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik
edib, xoş arzularını çatdırıb. Geniş
məruzə ilə çıxış edən birinci müavin bildirib ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, siyasi və hərbi
qüdrətinin, beynəlxalq nüfuzunun gündən-günə yüksəldilməsi, bu istiqamətdə
qazanılan uğurların həyatımızın bütün sahələrinin dinamik
inkişafına əlverişli zəmin yaratması, ölkənin hərtərəfli inkişafının təzahürü
kimi Azərbaycana gələn əcnəbilərin sayının ilbəil əhəmiyyətli dərəcədə
artmasına zəmin yaratmışdır. Bu gün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu və yaşadığı yer üzrə
qeydiyyatı, ölkədə olma müddətinin uzadılması, ölkə ərazisində müvəqqəti və
daimi yaşamaq istəyən əcnəbilərə icazənin, haqqı ödənilən əmək fəaliyyəti ilə
məşğul olmaq üçün iş icazələrinin, sığınacaq axtaran əcnəbilərə qaçqın
statusunun verilməsi məsələləri ilə məşğul olur, vətəndaşlıq məsələlərinin
həllində iştirak edir və qanunsuz miqrasiyaya qarşı mübarizə aparır. Qeyd edib ki, Respublika Prezidentinin 19 mart 2007-ci il tarixli
Fərmanı ilə Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin
idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri
həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
yaradılmışdır. Prezident İlham Əliyevin 2010-cu il 17 mart tarixli Sərəncamı ilə hər
il martın 19-u Azərbaycan Respublikası
miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd olunmağa başlayıb deyən
birinci müavin Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov
başda olmaqla xidmətin kollektivini qarşıdan gələn peşə bayramları münasibətilə
təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd
edib ki, Dövlət Miqrasiya Xidməti yaradıldığı vaxtdan miqrasiya proseslərinə
dövlət nəzarətinin gücləndirilməsi məqsədilə zəruri normativ hüquqi aktlar
qəbul edilmiş, bir sıra institusional və təşkilati tədbirlər həyata
keçirilmişdir. Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında
tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi məqsədilə imzalanmış müvafiq
Fərmana əsasən 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında
"Bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanılmışdır. Bu prinsip üzrə
vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidmətinə həvalə edilmişdir. Qanunvericiliyin
müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə Azərbaycan
Respublikasının 2013-cü il 2 iyul tarixli Qanunu ilə Azərbaycan Respublikasının
Miqrasiya Məcəlləsi qəbul edilmişdir. Beynəlxalq təcrübə, Avropa İttifaqı qanunvericiliyi,
o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təklifləri nəzərə alınmaqla
hazırlanmış Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi 2013-cü ilin
avqustun 1-dən qüvvəyə minmişdir. M.Alıyev vurğulayıb ki, görülmüş işlərin nəticəsidir ki, bu gün
Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir
əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna,
harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət
olunur. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən və
hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Ən əsası Dövlət Miqrasiya Xidməti
fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və
humanizm prinsipləri əsasında qurur. Dövlət Miqrasiya Xidməti öz fəaliyyətləri çərçivəsində həyata
keçirilən tədbirlərin sırasına miqrasiya proseslərinin təhlili,
proqnozlaşdırılması və monitorinqin təşkil edilməsi, miqrasiya sahəsində vahid
informasiya sisteminin yaradılması, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi, immiqrant statusunun verilməsi, Azərbaycan Respublikasına
gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma
müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən vətəndaşlıq,
qaçqın statusunun müəyyənləşdirilməsi kimi məsələlər daxildir. Eyni zamanda, ölkədə olan qanunsuz miqrantlarla bağlı araşdırma,
təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə də
ciddi nəzarət edir. Yuxarıda sadalananları həyata keçirmək üçün Dövlət
Miqrasiya Xidməti Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Dövlət Sərhəd Xidməti ilə birlikdə
fəaliyyət göstərir və bu orqanların fəaliyyətini əlaqələndirir. Miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə son
illər həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar
atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir. Hökumət qurumları qarşısında
əsas məqsədləri müəyyən edən "Dövlət Miqrasiya Siyasəti
Konsepsiyası"nın (2004) gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə
nail olmaq üçün "Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət
Miqrasiya Proqramı" təsdiq edilmişdir. Proqramda əsas fəaliyyət
istiqamətləri olaraq miqrasiya sahəsində idarəetmə mexanizminin
təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin
artırılması, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində işlərinin
əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək
miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının
alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi və eləcə də digər
ölkələrin miqrasiya qurumları və əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq
nəzərdə tutulur. Dövlət Miqrasiya Proqramından irəli gələn məsələlərin həyata
keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına
yönəlmişdir. Gəncə Regional Miqrasiya İdarəsinin rəisi Orxan
Xıdırov iştirakçıları salamlayaraq tədbirin təşkilində
göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilən bu cür
maarifləndirici tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edib ki, bu
gün xarici ölkələrdə yaşayan vətəndaşlarımızın çoxu miqrasiya ilə bağlı öz
hüquqlarını bilmədiyi üçün həmin ölkədə kölə kimi yaşayırlar. Ona görə də bu
cür tədbir maarifləndirici xarakter daşıyır, məqsəd bölgələrdə yaşayan
vətəndaşların miqrasiya ilə bağlı problemlərinin aradan qaldırmasına təkan
vermək və onlara öz hüquqlarını izah etməkdir. İdarə
rəisi bildirib ki, bu cür tədbirin Qazaxda keçirilməsi olduqca böyük əhəmiyyət
kəsb edir. Qərb qapısı sayılan rayonda belə tədbirlərin təşkil olunmasının
səbəbi qonşu ölkələrlə sərhəddə yerləşməsi və daha çox vətəndaşın müraciət
etməsidir. "Sınıq Körpü” Buraxılış Məntəqəsində yeni yaradılmış "Şıxlı" miqrasiya
bölməsinin fəaliyyətindən danışan O.Xıdırov miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrinin təmin
olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya
sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan
əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi,
onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və
məmnunluğunun artırılmasına xidmət etdiyini bildirib. 24
saatlıq iş rejimində fəaliyyət göstərən yeni miqrasiya bölməsinin təkcə
ölkəmizə "Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən
əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq
xidmətlər göstərdiyini qeyd edib. Gəncə Regional Miqrasiya İdarəsinin bölmə rəisi
Vüsal Xəlilov çıxış edərək ölkəmizdə insan hüquqlarının müdafiəsinin
möhkəmləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Gəncə
Regional Miqrasiya İdarəsinin xidməti ərazisində vətəndaşsızlıq vəziyyətində
olan şəxslərin və qanunsuz yaşayan əcnəbilərin sənədləşdirilməsi üçün yerli
icra orqanları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulayıb.
Gəncə Regional Miqrasiya İdarəsinin inspektoru Azad
Namazov maarifləndirici tədbirdə iştirakçılara miqrasiya
qanunvericiliyinə edilən əlavə və dəyişikliklərlə bağlı məlumat verib. Həmçinin,
əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata
alınması, ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydaları, habelə
vətəndaşlıq məsələləri ilə bağlı ətraflı məlumat çatdırıb. Ölkəyə gələn və
xarici dövlətlərə gedən vətəndaşların 15 gün müddətində yaşadıqları şəhər və
rayon üzrə qeydiyyatdan keçməli olduqlarını bildirib. Tədbir iştirakçılarına 3,
6 ay və ya 1 il müddətində yaşamaq hüququ əldə etmələri, müvəqqəti və daimi
yaşamaq hüquqları, bununla bağlı dövlət rüsumları barədə dolğun məlumatlar
verib. Gecikmə halları zamanı vətəndaşları cərimələr gözlədiyini diqqətə
çatdıraraq bu sahədə daha diqqətli olmağa və əlavə xərclərə yol verməməyə
çağırıb. Rayon Təhsil şöbəsində metodkabinetin müdiri Məhəmməd
Cəfərov ölkə başçısının tapşırığına əsasən bu cür maarifləndirici tədbirlərin
keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edərək minnətdarlığını bildirib. Sərhəddə
yaşayan rayon sakinləri üçün belə tədbirlərin təşkil olunmasının böyük əhəmiyyət
kəsb etdiyini vurğulayıb. Qazax Rayon
İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbirə yekun vuraraq
bu cür maarifləndirici tədbirin təşkil olunmasına görə Gəncə Regional Miqrasiya İdarəsinin rəhbərliyinəbir daha minnətdarlığını bildirib. Sonda Gəncə Regional Miqrasiya İdarəsi tərəfindən səyyar
miqrasiya xidmətləri göstərilib. GOYEZEN.AZ
Facebook-da paylaş