Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda miqrasiya qanunvericiliyi sahəsində maarifləndirici tədbir keçirilib

Qazaxda miqrasiya qanunvericiliyi sahəsində maarifləndirici tədbir keçirilib


15-03-2019, 22:00


Bu gün Dövlət Miqrasiya Xidmətinin Gəncə Regional Miqrasiya İdarəsi tərəfindən ictimaiyyətin miqrasiya qanunvericiliyi sahəsində maarifləndirilməsi ilə bağlı tədbir keçirilib.

Qazax Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul işçiləri, Gəncə Regional Miqrasiya İdarəsinin rəisi Orxan Xıdırov, bölmə rəisi Vüsal Xəlilov və inspektor Azad Namazov, hüquq-mühafizə, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, ağsaqqal və ziyalılar, miqrasiya ilə bağlı problemi olan sakinlər, QHT-lər və KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbiri giriş sözü ilə açaraq öncə rayon rəhbərliyinin adından qonaqları və tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb.

Geniş məruzə ilə çıxış edən birinci müavin bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, siyasi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gündən-günə yüksəldilməsi, bu istiqamətdə qazanılan uğurların həyatımızın bütün sahələrinin dinamik inkişafına əlverişli zəmin yaratması, ölkənin hərtərəfli inkişafının təzahürü kimi Azərbaycana gələn əcnəbilərin sayının ilbəil əhəmiyyətli dərəcədə artmasına zəmin yaratmışdır.

Bu gün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu və yaşadığı yer üzrə qeydiyyatı, ölkədə olma müddətinin uzadılması, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq istəyən əcnəbilərə icazənin, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin, sığınacaq axtaran əcnəbilərə qaçqın statusunun verilməsi məsələləri ilə məşğul olur, vətəndaşlıq məsələlərinin həllində iştirak edir və qanunsuz miqrasiyaya qarşı mübarizə aparır.

Qeyd edib ki, Respublika Prezidentinin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılmışdır.

Prezident İlham Əliyevin 2010-cu il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u  Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd olunmağa başlayıb deyən birinci müavin Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov başda olmaqla xidmətin kollektivini qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edib ki, Dövlət Miqrasiya Xidməti yaradıldığı vaxtdan miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə zəruri normativ hüquqi aktlar qəbul edilmiş, bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilmişdir. Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi məqsədilə imzalanmış müvafiq Fərmana əsasən 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında "Bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanılmışdır. Bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilmişdir.

Qanunvericiliyin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli Qanunu ilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi qəbul edilmişdir. Beynəlxalq təcrübə, Avropa İttifaqı qanunvericiliyi, o cümlədən Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin təklifləri nəzərə alınmaqla hazırlanmış Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi 2013-cü ilin avqustun 1-dən qüvvəyə minmişdir.

M.Alıyev vurğulayıb ki, görülmüş işlərin nəticəsidir ki, bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.

Dövlət Miqrasiya Xidməti öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Ən əsası Dövlət Miqrasiya Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.


Dövlət Miqrasiya Xidməti öz fəaliyyətləri çərçivəsində həyata keçirilən tədbirlərin sırasına miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqin təşkil edilməsi, miqrasiya sahəsində vahid informasiya sisteminin yaradılması, miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, immiqrant statusunun verilməsi, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarın verilməsi, o cümlədən vətəndaşlıq, qaçqın statusunun müəyyənləşdirilməsi kimi məsələlər daxildir.

Eyni zamanda, ölkədə olan qanunsuz miqrantlarla bağlı araşdırma, təhlil və təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə də ciddi nəzarət edir. Yuxarıda sadalananları həyata keçirmək üçün Dövlət Miqrasiya Xidməti Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Dövlət Sərhəd Xidməti ilə birlikdə fəaliyyət göstərir və bu orqanların fəaliyyətini əlaqələndirir.

Miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə son illər həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir. Hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Dövlət Miqrasiya Siyasəti Konsepsiyası"nın (2004) gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün "Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı" təsdiq edilmişdir. Proqramda əsas fəaliyyət istiqamətləri olaraq miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində işlərinin əlaqələndirilməsi, mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi və eləcə də digər ölkələrin miqrasiya qurumları və əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulur. Dövlət Miqrasiya Proqramından irəli gələn məsələlərin həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin yaradılmasına yönəlmişdir.


Gəncə Regional Miqrasiya İdarəsinin rəisi Orxan Xıdırov iştirakçıları salamlayaraq tədbirin təşkilində göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilən bu cür maarifləndirici tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edib ki, bu gün xarici ölkələrdə yaşayan vətəndaşlarımızın çoxu miqrasiya ilə bağlı öz hüquqlarını bilmədiyi üçün həmin ölkədə kölə kimi yaşayırlar. Ona görə də bu cür tədbir maarifləndirici xarakter daşıyır, məqsəd bölgələrdə yaşayan vətəndaşların miqrasiya ilə bağlı problemlərinin aradan qaldırmasına təkan vermək və onlara öz hüquqlarını izah etməkdir.

İdarə rəisi bildirib ki, bu cür tədbirin Qazaxda keçirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Qərb qapısı sayılan rayonda belə tədbirlərin təşkil olunmasının səbəbi qonşu ölkələrlə sərhəddə yerləşməsi və daha çox vətəndaşın müraciət etməsidir.

"Sınıq Körpü” Buraxılış Məntəqəsində yeni yaradılmış "Şıxlı" miqrasiya bölməsinin fəaliyyətindən danışan O.Xıdırov miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət etdiyini bildirib. 24 saatlıq iş rejimində fəaliyyət göstərən yeni miqrasiya bölməsinin təkcə ölkəmizə "Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq xidmətlər göstərdiyini qeyd edib.

 

Gəncə Regional Miqrasiya İdarəsinin bölmə rəisi Vüsal Xəlilov çıxış edərək ölkəmizdə insan hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib. Gəncə Regional Miqrasiya İdarəsinin xidməti ərazisində vətəndaşsızlıq vəziyyətində olan şəxslərin və qanunsuz yaşayan əcnəbilərin sənədləşdirilməsi üçün yerli icra orqanları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulayıb.

 

Gəncə Regional Miqrasiya İdarəsinin inspektoru Azad Namazov maarifləndirici tədbirdə iştirakçılara miqrasiya qanunvericiliyinə edilən əlavə və dəyişikliklərlə bağlı məlumat verib. Həmçinin, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydaları, habelə vətəndaşlıq məsələləri ilə bağlı ətraflı məlumat çatdırıb. Ölkəyə gələn və xarici dövlətlərə gedən vətəndaşların 15 gün müddətində yaşadıqları şəhər və rayon üzrə qeydiyyatdan keçməli olduqlarını bildirib. Tədbir iştirakçılarına 3, 6 ay və ya 1 il müddətində yaşamaq hüququ əldə etmələri, müvəqqəti və daimi yaşamaq hüquqları, bununla bağlı dövlət rüsumları barədə dolğun məlumatlar verib. Gecikmə halları zamanı vətəndaşları cərimələr gözlədiyini diqqətə çatdıraraq bu sahədə daha diqqətli olmağa və əlavə xərclərə yol verməməyə çağırıb.


Rayon Təhsil şöbəsində metodkabinetin müdiri Məhəmməd Cəfərov ölkə başçısının tapşırığına əsasən bu cür maarifləndirici tədbirlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edərək minnətdarlığını bildirib. Sərhəddə yaşayan rayon sakinləri üçün belə tədbirlərin təşkil olunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbirə yekun vuraraq bu cür maarifləndirici tədbirin təşkil olunmasına görə Gəncə Regional Miqrasiya İdarəsinin rəhbərliyinəbir daha minnətdarlığını bildirib.

Sonda Gəncə Regional Miqrasiya İdarəsi tərəfindən səyyar miqrasiya xidmətləri göstərilib.




GOYEZEN.AZ


Geri qayıt