Qazaxda “Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib
Bu gün Qazaxda
fəaliyyət göstərən şəhər bağçaları arasında ikinci dəfə olaraq ilin ən yaxşı bağçasının müəyyənləşdirilməsi məqsədilə genişmiqyaslı
şəkildə vətənpərvərlik ruhunda "Yurdumuza Bahar gəlir” adlı müsabiqə keçirilib. Qazax Rayon
İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas
məqsədi bağçaların və kollektivlərinin yaradıcılıq imkanlarının,
dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək,
sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etməkdir. "İlin
bağçası"nı seçmək, ən əsas da körpə balaların vətənpərvərlik ruhunda
tərbiyəsini artırmaq, onların Vətəninə, xalqına, doğma el-obasına sevgisini
göstərməkdir. Müsabiqədə
Qazax şəhər 1 saylı körpələr evi–uşaq bağçasının "Tumurcuq”, şəhər 2 saylı uşaq
bağçasının "Qönçə”, şəhər 3 saylı körpələr evi–uşaq bağçasının "Yasəmən”, şəhər
4 saylı uşaq bağçasının "Qaranquş”, şəhər 5 saylı körpələr evi–uşaq bağçasının
"Nərgiz” və şəhər 6 saylı körpələr evi–uşaq bağçasının "Buta” komandaları
iştirak edib. 4 nominasiya:
şeir, mahnı, rəqs və səhnəciklər üzrə keçirilən müsabiqədə komandalar
bir-birindən maraqlı çıxışlar nümayiş etdiriblər. Mədəniyyət
Mərkəzində keçirilən bayram əhval-ruhiyyəli yarışmada Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB aparatının məsul işçiləri, idarə,
müəssisə, təşkilat rəhbərləri, təhsil, səhiyyə,mədəniyyət işçiləri, bağça
müdirləri, valideynlər, rayon ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri
və mətbuat işçiləri iştirak edib. Balaca
fidanların ixtiyarına verilmiş Mədəniyyət Mərkəzinin böyük zalı al-əlvan
şarlarla, gül-çiçəklə bəzədilmişdi. Bir-birindən gözəl, rəngarəng geyimli gül
balaların üzlərində təbəssüm, könüllərində xoş ovqat hissi vardı. Sıra ilə
düzülmüş körpə balalar öz çıxışlarını nümayiş etdirmək üçün səbirsizliklə
gözləyir, öz şıltaq hərəkətləri ilə ətrafa sevinc bəxş edirdilər. Dövlət Himninin
səsləndirilməsi ilə başlayan tədbirdə aparıcılar Akif Əmirov və Zəmanə Dərviş çıxış
edərək ölkəmizdə, eləcə də rayonumuzda körpə balaların azad və firəvan şəkildə
böyümələri üçün göstərilən diqqət və qayğıdan söz açıb, münsiflər heyətinin
üzvlərini və komandaları tədbir iştirakçılarına təqdim ediblər. Bayram əhval-ruhiyyəli tədbirdə qeyd olunub ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər vaxtilə
bu sahəyə xüsusi diqqət ayırmış, uşaq və
yeniyetmələrin sağlam, bilikli və hərtərəfli böyümələri
yönündə bir sıra tədbirlər həyata keçirmiş,
Fərman və Sərəncamlar imzalamışdır. Dahi şəxsiyyət Heydər Əliyev uşaqların təhsilinə, onların savadlı və cəmiyyət üçün yararlı olmalarına çalışmışdır. O, hər zaman "Uşaqlar bizim gələcəyimizdir” deyirdi.
Bu gün onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev də dahi şəxsiyyətin
xeyirxah ənənələrini uğurla həyata keçirir. Dövlət başçısının
2009-cu ilin "Uşaq ili” elan edilməsi haqqında Sərəncamı da
ölkədə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bildirilib ki, bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək
sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı
ilk beynəlxalq sənəd - Uşaq Hüquqları Haqqında Konvensiya Beynəlxalq Qadınlar
Federasiyasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1949-cu
ildə qəbul olunub. 1950-ci ildən başlayaraq hər ilin 1 iyun tarixi beynəlxalq səviyyədə
uşaqların müdafiəsi günü kimi qeyd olunur. Bu əlamətdar gündə ilk növbədə uşaqların
söz, dini etiqad azadlığı, təhsil, sağlamlıq, istirahət və əyləncə, fiziki və
psixoloji zorakılıqdan, istismardan qorunmaq kimi hüquqları böyüklərin diqqətinə
çatdırılır. Vurğulanıb ki, uzaqgörən siyasi lider
olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də
uğurla davam etdirilir. Respublika Prezidenti İlham Əliyevin uşaq hüquqlarının
müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin
hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli
rol oynayacağına zəmanət verir. Ölkə
prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
vaxtaşırı yeni tikilmiş bağçaların açılışında iştirak etməsi ölkə rəhbərliyinin
uşaqlara verdiyi böyük qiymətin təzahürüdür. Bundan əlavə, hər il onlarla, yüzlərlə yeni-yeni bağça tikilib istifadəyə verilir,
bir o qədər sayda bağça isə əsaslı təmir olunaraq ən müasir vəziyyətə gətirilir.Ölkəmizdə bu sahədə aparılan əsrarəngiz
işlərə Qazax rayonunda da hər addımda rast gəlmək mümkündür. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax rayonuna təyin olunduğu ilk gündən
öz diqqət və qayğısını rayonumuzun körpələrindən əsirgəməmişdir. Şəhərdəki körpələr-evi
uşaq bağçalarında yeni qrupların açılmasına ehtiyac olduğundan 2018-ci ilin yanvar ayında Qazax şəhər 4
saylı uşaq bağçasında əlavə 3 qrup, 5 saylı körpələr evi-uşaq bağçasında əlavə
2 qrup, 6 saylı körpələr evi-uşaq bağçasında əlavə 1 qrup açılaraq əhalinin
istifadəsinə verilmişdir. Bu qruplara ümumilikdə 35 nəfər yeni işçi götürülmüş
və 135 nəfər uşaq cəlb edilmişdir. "Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na
uyğun olaraq Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması
üzrə Agentliyi tərəfindən Qazax şəhəri Bakı küçəsində 3 mərtəbədən ibarət 1 saylı körpələr evi-uşaq bağçası
tikilmiş, ən müasir avadanlıq və inventarlarla təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir. Həmçinin, 2018-ci
ilin 9 ayı ərzində rayonda fəaliyyət göstərən bütün körpələr evi-uşaq
bağçalarına diqqətin artırılması nəzərdə tutulduğu üçün şəhərdə fəaliyyət göstərən
2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçalarının binalarında bərpa
gücləndirmə, Bala Cəfərli kənd uşaq bağçası, Quşçu Ayrım kənd uşaq bağçası,
Canalı kənd uşaq bağçası və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası
binalarında əsaslı təmir işləri aparılmış, yüksək səviyyədə müasir tələblərə
cavab verən inventar avadanlıqlarla təchiz olunaraq azyaşlıların istifadəsinə
verilmişdir. Bu ilin yanvarında Qazax
şəhər 6 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri yekunlaşaraq
körpə balaların istifadəsinə verilmişdir. Rayon üzrə qalan 8 məktəbəqədər
təhsil müəssisəsində isə təmir-tikinti işlərinin aparılması nəzərdə
tutulur. Qazax şəhərinin
bütün bağçaları artıq hər bir uşağın, hətta, valideynin arzuladığı formada
fəaliyyət göstərir. İstilik sistemi ilə tam təchiz edilmiş işıqlı
auditoriyalarda rəngarəng nağıllar dünyasını xatırladan atmosfer uşaqların
gələcəyə möhkəm dayaqlar üzərində hazırlanmasını şərtləndirir. Bağçaların
rəhbərliyi, müəllimləri hər bir uşağa öz övladı kimi yanaşaraq, onların
yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması yönündə yorulmaz işlər
görürlər. Bu sahədə
görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu
inkişafı təmin etmək məqsədilə bu gün Rayon İcra hakimiyyətinin təşəbbüsü və
təşkilatçılığı ilə ikinci dəfə genişmiqyaslı şəkildə Qazax şəhərində fəaliyyət
göstərən bağçalar arasında keçirilən müsabiqə də məhz bu amala xidmət edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək bütün tədbir iştirakçılarını milli bayramımız
olan Novruz bayramı və təşkil olunan möhtəşəm bayram tədbiri münasibətilə
səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, ölkəmizdə
uşaqlar daim yüksək diqqət, qayğı və nəvazişlə əhatə olunublar. Cəmiyyətimiz
həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam, gümrah, eyni zamanda,
savadlı və vətənpərvər ruhda böyümələri üçün əllərindən gələni əsirgəməyib.
Azərbaycanda uşaq problemlərinin həlli həmişə dövlət siyasətinin prioritet
istiqamətlərindən birini təşkil edir. İcra başçısı
qeyd edib ki, bu gün əminliklə deyə bilərəm ki, Qazax şəhərinin bütün bağçaları
artıq hər bir uşağın, hətta, valideynin arzuladığı formada fəaliyyət göstərir
və onların ən sevimli məkanına çevrilib. Bu gün fidan balalar özlərini
evlərindəki kimi hiss edirlər. Bu rahatlığı isə onlara dövlətimiz və dövlət
başçımız yaradır. Bu gün biz qazaxlılar yaradılan bu yüksək şəraitə görə ölkə
rəhbərinə minnətdar olmalıyıq.
Rayon rəhbəri
bildirib ki, mənim üçün tək münsiflərin verdikləri qiymətləndirməyə əsasən
qalib olan bağça deyil, bütün bağçalar qalibdir. Mən bütün bağçaların kollektivlərinə
uğurlar arzu edirəm. Sonra söz körpə
fidanlara verilib. Uşaqlar bir-birindən maraqlı şeirlər söyləyib, mahnılar
oxuyub, rəqs edib, səhnəciklər nümayiş etdiriblər. Balacaların
dahi şair Səməd Vurğunun "Bahar” şeirini söyləməsi ilə müsabiqə açıq elan
olunub. Körpə
fidanların dilindən səslənən "Azərbaycan”, "Novruz əldə gül gəlir” şeirləri
iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Müsabiqənin
mahnı nominasiyası üzrə keçirilən mərhələsində körpə fidanlar vətənpərvərlik
ruhunda olan mahnılar ifa edərək öz məharətlərini göstəriblər. "Bahar”, "Səməni
nazlı gəlin”, "Yaz gəldi”, "Bayram gəlir elimə” mahnıları tədbirə toplaşanlarda
əsl bayram əhval-ruhiyyəsi yaşadıb. Qədim və milli
rəqs nümunələrinin yer aldığı üçüncü mərhələdə "Turacı”, "Qazaxı”, "Saz”,
"Qoçəli”, "Səməni” və "Naz eləmə” kimi rəqslərimiz körpə balaların ifasında tədbirə
başqa bir rəng qatıb. Nəhayət,
müsabiqənin dördüncü nominasiyası üzrə təqdim olunan mərhələdə körpələrin
sərbəst mövzuda hazırladıqları səhnəciklər yer alıb. Olduqca bir-birindən
maraqlı olan səhnəciklər tədbirə toplaşanlarda qürur hissi ilə yanaşı kövrək
anlar da yaşadıb. "Novruza bəzəkdi çərşənbələr”, "Ananın əsgər sovqatı” adlı və
bunun kimi onlarca belə səhnəciklər körpə fidanların vətənpərvərlik ruhundan,
döyüş əzmindən xəbər verib, kövrək duyğulu hisslər bəxş edib. Qazax RİH
başçısının köməkçisi, baş münsif Əmin Abıyev, aparatın məsləhətçisi Babək
Alıyev, AYB Qazax zona filialında ədəbi məsləhətçi
Mustafa Rasimoğlu, Qazax Dövlət Dram Teatrının direktoru Saqif
İskəndərov, şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Gülnarə Əmiraslanova,
şəhər 1 saylı klubda mədəni təşkilatçı Sərgül Kazımova, rayon Təhsil şöbəsinin
metodisti Şəfa Yadigarova, şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif
müəllimi Bahar Orucova, 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Könül
Kərimova, 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Albina Yəhyayeva, 4
saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aynurə Alıyeva, 5 saylı tam orta
məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova, məktəb–liseyin ibtidai sinif
müəllimi Könül Hüseynova, Çaylı kənd 2 saylı tam orta məktəbin ibtidai sinif
müəllimi Tahirə Həsənova, Birinci Şıxlı kənd tam orta məktəbin ibtidai sinif
müəllimi Tamella Abdullayeva, Qaymaqlı kənd tam orta məktəbin ibtidai sinif
müəllimi Söylü Məmmədova, Kosalar kənd tam orta məktəbin ibtidai sinif müəllimi
Sakibə Məmmədova, Yuxarı Salahlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi
Mailə Mansurova və Daş Salahlı kənd 1 saylı tam orta məktəbin ibtidai sinif
müəllimi Fəxriyyə Salmanovanın üzv olduğu münsiflər heyəti hər nominasiya üzrə
çıxışları qiymətləndirərək 10 ballıq sistem üzrə müvafiq qiymətlərini veriblər. Hər 4
nominasiya üzrə toplanan yekun qiymətlərə görə qalib və digər yerləri tutan
komandaların adları bəlli olub. Yekun qiymətləndirməyə görə Qazax şəhər 4 saylı
uşaq bağçasının "Qaranquş” komandası 718 balla birinci yeri tutaraq "İlin
bağçası” adına layiq görülüb. Şəhər 1 saylı körpələr evi–uşaq bağçasının
"Tumurcuq” komandası 704 balla müsabiqənin ikincisi olub. Üçüncü yeri isə 693
bal toplayan şəhər 2 saylı uşaq bağçasının "Qönçə” komandası qazanıb. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qalib olan bağçanın kollektivinə
Fəxri Fərman, gül dəstələri, hədiyyələr təqdim edib. Digər yer tutan komandalar
və müsabiqənin təşkilati işlərində göstərdikləri xidmətlərə görə bağçaların
tərbiyəçiləri, əməyi keçən işçi qrupunun üzvləri də Fəxri Fərmanlarla, gül
dəstələri və müvafiq hədiyyələrlə mükafatlandırılıblar. Rayon rəhbəri
sonda ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva
başda olmaqla bütün Azərbaycan xalqını, eləcə də qazaxlıları, tədbir
iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən bir
daha təbrik edib, ən xoş arzularını yetirib. Qeyd edib ki, körpə fidanların da
söylədiyi kimi tezliklə işğal altında olan torpaqlarımız, eləcə də Qazaxın
işğalda olan 7 kəndi azad olunsun və biz növbəti müsabiqələri o torpaqlarımızda
keçirək. Rayon rəhbəri ölkə başçısının, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında qələbə müjdəli xəbərin bütün dünyaya yayılacağı günün uzaqda
olmadığını bildirib. Sonda
müsabiqənin təşkilində əməyi keçən müəllimlərə, tərbiyəçilərə, eləcə də işçi
qrupunun üzvlərinə minnətdarlıq edən icra başçısı bu cür müsabiqələrin bundan
sonra da keçiriləcəyini qeyd edib və yeni-yeni uğurlar arzulayıb. Bayram
əhval-ruhiyyəli tədbir sonda xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb. GOYEZEN.AZ
Facebook-da paylaş