• Təqvim

  • Maraq



“Biz Sizdən çox razıyıq”

Quşçu Ayrım kəndində keçirilən hesabat yığıncağında bu fikir səslənib


Qazax Rayon İcra Hakimiyyəti başçısının Quşçu Ayrım kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildə gördüyü işlər və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak ediblər.

Hər görüşdə olduğu kimi, bu dəfə də kənd sakinləri rayon rəhbərliyini böyük sevinc hissi və səmimiyyətlə qarşılayıblar.

Hesabat yığıncağının keçirilməsi üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə kənd sakinlərinə məlumat verilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağını giriş sözü ilə açaraq kənd sakinlərini salamlayıb, yeni ildə yeni-yeni uğurlar arzulayıb. Sonra icra başçısı 2018-ci ildə rayonumuzda görülmüş işlərdən, həyata keçirilən məqsədyönlü layihələrdən söz açaraq qeyd edib ki, yola saldığımız 2018-ci il tikinti-quruculuq, kənd təsərrüfatı, eləcə də təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə olduqca uğurlu bir il olub.

Ötən il sərhəddə yaşayan sakinlərlə on dəfə görüş keçirdiyini qeyd edən rayon rəhbəri bildirib ki, hər görüşdə çalışdıq ki, siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşidək, həlli mümkün olan nə məsələ varsa, onu aradan qaldıraq. Ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilini rayonumuzda olduğu kimi həyata keçirək. Məqsədimiz isə bir amala xidmət edir ki, o da vətəndaşların, xüsusilə də sərhəddə yaşayan siz sakinlərin rahatlığını, təhlükəsizliyini, məmnunluğunu təmin etməkdir.

2018-ci ildə aparılan quruculuq işlərindən söz açan rayon rəhbəri ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsini, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunu, hazırda son tamamlanma işləri aparılan İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkı, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunu, 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisini ötən ilin uğuru kimi qiymətləndirib.

Bağçalarda aparılan əsaslı yenidənqurma işlərindən danışan icra başçısı yola saldığımız 2018-ci ilin bu sahədə əlamətdar olduğunu qeyd edib. Qazax rayonu üzrə olan 25 bağçadan 18-də müasir standartlara cavab verən şəraitin yaradılmasını və körpə fidanların istifadəsinə verilməsini yüksək dəyərləndirib. Qeyd edib ki, ötən il bir neçə bağça əsaslı şəkildə təmir olundu ki, onlardan biri də Quşçu Ayrım kənd uşaq bağçasıdır. Bağçalarla bağlı görülən işlərin bu il də uğurla davam etdiriləcəyini vurğulayan rayon rəhbəri daha 7 bağçada əsaslı şəkildə yenidənqurma işlərinin aparılmasının nəzərdə tutulduğunu qeyd edib.

Rayon rəhbəri bildirib ki, yola saldığımız 2018-ci il əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə də yadda qalıb. Son iki il yarımda rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 129-nun təmir olunması və sakinlərin istifadəsinə verilməsi, bundan əlavə, rayonda sakinlərin istəyini nəzərə alaraq çoxmənzilli binaların həyətlərində xeyir-şər evlərinin tikilməsi bunun bariz nümunəsidir. Rayon rəhbəri həmin işlərin uğurla davam etdirildiyini və şəhərdə daha 4 binanın təmirinə başlanıldığını diqqətə çatdırıb.

Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib. İcra başçısı ötən il olduğu kimi, bu il də kənd sakinlərinin istər təsərrüfatda, istərsə də tikinti-abadlıq işləri ilə təmin olunması sahəsində məqsədyönlü işlər görüləcəyini bildirib.

Hesabat ilində Quşçu Ayrım və Məzəm kəndlərində də müvafiq işlərin görüldüyünü bildirən icra başçısı kənd sakinləri tərəfindən qaldırılan bütün məsələlərə həmişə diqqətlə yanaşıldığını, kənddə mövcud olan problemlərin zaman-zaman öz həllini tapdığını qeyd edib. Bildirib ki, bu gün sərhəd kəndləri fasiləsiz enerji, qaz ilə tam təmin olunur. Kəndin sərhəddə yerləşməsi nəzərə alınaraq əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkilib. Bundan əlavə, vətəndaşların xahişini nəzərə alaraq daha 5 evin qarşısına 88 p/m uzunluğunda istinad divarının çəkilməsi nəzərdə tutulub.

Rayon rəhbəri vurğulayıb ki, bu gün rayonda bir neçə kəndin su problemi var ki, həmin kəndlərdən ikisi də Məzəm və Quşçu Ayrım kəndləridir. Bu məsələnin də öz həllini tapması üçün lazımi işlərin görülməsi nəzərdə tutulub. Bundan əlavə, kənddə dam örtüyünün dəyişdirilməsinə ehtiyac olan evlər vardır ki, sizlər tərəfindən hər dəfə bu məsələ qaldırılıb. Bu il qeyd olunan həmin məsələ də öz müsbət həllini tapacaqdır.

Sərhəddə yaşayan sakinlərlə yanaşı, məcburi köçkün ailələrinə göstərilən dövlət qayğısından söz açan icra başçısı Rəcəb Babaşov qeyd edib ki, Qazaxbəyli kəndində salınmış yeni qəsəbə, əlavə olaraq 300-ə yaxın ailənin məskunlaşacağı yeni 8 binanın tikilməsi də dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğının əyani sübutudur. Eyni zamanda, əlavə olaraq məktəb, bağça, dükan, bərbər və bir sıra infrastrukturlar yaradılacaq ki, bu, əlavə iş yerlərinin olması deməkdir.


Quşçu Ayrım kənd İƏD-si üzrə nümayəndə Yusif Nəbiyev hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə nümayəndəlik tərəfindən görülən işlərdən və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuza rəhbər təyin edildikdən sonra rayonmuzun siması əsaslı şəkildə dəyişmiş, böyük abadlıq, quruculuq işləri görülmüş və bu proses artan sürətlə davam etməkdədir. Qeyd edib ki, rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən sərhəddə yerləşən Quşçu Ayrım və Məzəm kəndlərinə dəfələrlə gəlmiş, əhali ilə görüşmüş, əhalinin sosial problemləri ilə yerində tanış olmuş və bu problemlərin həll edilməsi ilə bağlı öz göstərişlərini vermişdir. İcra başçısı hər bir kənd sakinini fərdi dinləmiş, kənd sakinlərinin problemləri yerindəcə həll edilmişdir.

Bildirib ki, nümayəndəlik özündə iki kəndi - Quşçu Ayrım və Məzəm kəndlərini birləşdirir. Quşçu Ayrım kəndində 324 ailə, 1169 nəfər, Məzəm kəndində isə 126 ailə, 405 nəfər, cəmi nümayəndəlik üzrə 450 ailə, 1574 nəfər əhali qeydiyyatdadır. Nümayəndəliyin ərazisi 11,5 kv.km-dir. Nümayəndəlik üzrə 1 nəfər Milli Qəhrəman və 24 nəfər şəhid var. Bundan əlavə, nümayəndəlikdə 18 şəhid ailəsi, 2 nəfər gözdən əlil, 1 nəfər Çernobıl əlili, 8 nəfər Qarabağ müharibəsi əlili yaşayır. Quşçu Ayrım kəndində 1 feldşer-mama məntəqəsi, 1 kitabxana, 1 klub, 1 EATS, Quşçu Ayrım və Məzəm kəndlərinə 1 poçt məntəqəsi əhaliyə xidmət göstərir. Müvafiq olaraq Məzəm kəndində də 1 feldşer-mama məntəqəsi, 1 kitabxana, 1 klub, 1 EATS əhaliyə xidmət göstərir. Quşçu Ayrım kəndində 4 mağaza, 1 çayxana, Məzəm kəndində 1 köşk əhaliyə iaşə xidməti göstərir. 2018-ci il ərzində Quşçu Ayrım və Məzəm kəndlərinin marşrutla təminatında heç bir problem olmamışdır.

Şəhid ailələrinə rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı göstərilir. Bu qayğı və diqqətin nəticəsi olaraq şəhid ailələri və gözdən əlil sakinlərə bayram sovqatları paylanılmış, Qurban bayramı münasibətilə şəhid ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrəsi təşkil edilmişdir.

Hesabat ilində müxtəlif məsələlərlə əlaqədar nümayəndəliyə daxil olan ərizələrin sayı 5 ədəd təşkil etmişdir. Müvafiq olaraq daxil olan müraciətlərdən 2-si ayrı təsərrüfat olmaq üçün, 3-ü isə digər müraciətlərlə bağlı olmuşdur. Yazılı müraciətlərlə yanaşı nümayəndəliyə 50 nəfər şifahi müraciət etmişdir. Onların da müraciətləri müsbət həll edilmişdir.

2018-ci il ərzində nümayəndəliyə digər idarə, müəssisə və təşkilatlardan 32 məktub daxil olmuşdur. Nümayəndəlik tərəfindən isə il ərzində vətəndaşlara, digər idarə, müəssisə və təşkilatlara 827 arayış və məktublar göndərilmişdir. Bunlardan 47-si ünvanlı sosial yardım, 780-i isə digər idarə, müəssisə və təşkilatlara göndərilmişdir.

İl ərzində nümayəndəlikdə 13 ölüm, 4 nigah, 23 doğum qeydə alınmışdır.

2018-ci ildə nümayəndəlik üzrə vətəndaşlara məxsus iribuynuzlu mal-qaranın sayı 800 baş, xırdabuynuzlu davarların sayı isə 4970 baş təşkil etmişdir. Keçən illə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 10 baş, xırdabuynuzlu davarların baş sayı isə 110 baş artmışdır.

Quşçu Ayrım və Məzəm kəndlərində 76 nəfər kənd sakininin 1298 arı ailəsinə identifikasiya nömrələri vurulmuşdur.

Hesabat dövründə nümayəndəlik ərazisində 88 hektar buğda əkilmiş, 322,08 ton məhsul götürülmüş, məhsuldarlıq 36,6 sentner olmuşdur. 2019-cu ilin məhsulu üçün 131 hektar sahədə əkin aparılmış, bundan 88 hektarda buğda, 43 hektarda isə yonca əkilmişdir. Müvafiq olaraq Quşçu Ayrım kəndində 30 nəfər tərəfindən 18 hektar, Məzəm kənd sakinləri tərəfindən 70 hektar sahədə buğda əkilmişdir.

2018-ci ildə 30 nəfərdən artıq Quşçu Ayrım kənd sakini "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC-də mövsümü, 1 nəfər isə daimi işlə təmin edilmişdir.

Hesabat ilində rayonun digər kəndlərində olduğu kimi, Quşçu Ayrım və Məzəm kənd qəbiristanlıqlarında və kənd ərazisində mütamadi olaraq iməciliklər keçirilmiş, səliqə-səhman yaradılmışdır.

Quşçu Ayrım kəndi ərazisində olan artezian ilə Məzəm kənd Coğaz su dəryaçasından gələn su xətti birləşdirilərək, əlavə yeni su nasosu quraşdırılmış və Quşçu Ayrım kənd əhalisinin istifadəsinə verilmişdir. Sıradan çıxmış su nososu rayon rəhbərliyi tərəfindən tez bir zamanda təmir edilərək kənd sakinlərinin istifadəsinə verilmişdir.

Quşçu Ayrım kəndində 12 km uzunluğunda məhəlləarası yollara qum-çınqıl döşənmişdir.

Quşçu Ayrım kəndində sıradan çıxmış bir ədəd elektrik transformatoru, telefon xətləri və dayaqları təmir edilmişdir. Məzəm və Quşçu Ayrım kəndlərində SİB kabelləşmə işləri tam başa çatmışdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığı ilə Quşçu Ayrım kənd uşaq bağçası əsaslı surətdə təmir edilmiş və körpələrin istifadəsinə verilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən "Özünüməşğulluq” Proqramı çərçivəsində Quşçu Ayrım və Məzəm kəndlərində bir neçə aztəminatlı ailə iribuynuzlu və xırdabuynuzlu davarlarla təmin olunmuşdur.

Məzəm kənd sakini, şəhid anası Tamella Süleymanova, Quşçu Ayrım kənd sakinlərindən - şəhid atası Aslan Pirvəliyev və Abbas Mirzəyev çıxış edərək şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova şəhid ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu qeyd edən şəhid valideynləri rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırmasını, onların ailə üzvlərinə daim qayğı ilə yanaşmasını bir valideyn olaraq yüksək qiymətləndirdiklərini bildiriblər. Son iki il yarımda şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və 285 şəhidin adı, şəkli əks olunmuş lövhələrin vurulmasının şəhidlərə verilən ən böyük qiymət olduğunu qeyd ediblər.

Məzəm kənd sakinləri Bəhruz Süleymanov, ağsaqqal Süleyman Süleymanov, Quşçu Ayrım kənd sakini Nisə Alıyeva, Quşçu Ayrım kənd uşaq bağçasının müdiri Adilə Quluyeva söz alaraq kənddə görülən işlərdən danışıblar. Qeyd ediblər ki, "Biz Sizdən çox razıyıq. Bu gün Siz rayon rəhbərinin biz sakinlərə ailə üzvünüz, doğmanız kimi yanaşmağınız sərhəddə yaşayan sakin olaraq bizi çox sevindirir. Bu gün hər bir evdə rayon rəhbərliyinə böyük bir inam var. Bu da icra başçısının vətəndaş amilini ön plana çəkməsindən, sərhəd kəndlərində yaşayan sakinlərə daim diqqət və qayğı göstərməsindən irəli gəlir”.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov hesabat yığıncağına yekun vuraraq bildirib ki, "Siz çox mərd və dəyərli insanlarsınız. Ona görə Siz hər cür diqqət və qayğıya layiqsiniz”.




GOYEZEN.AZ

 



Facebook-da paylaş