• Təqvim

  • Maraq



Kosalar kəndində 2018-ci ildə görülmüş işlərə dair hesabat yığıncağı keçirilib


Qazax Rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov, kənd sakinləri iştirak ediblər. Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.

Kosalar kənd İƏD-si üzrə nümayəndə Ramiz Əsədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2018-ci il Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından mühüm il olub. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, əhalinin rifah halının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan öz uğurlu inkişafını davam etdirib.

İcra nümayəndəsi qeyd edib ki, respublikamızda gedən iqtisadi inkişaf rayonumuzda da öz əksini tapmışdır. İcra başçısı Rəcəb Babaşovun gərgin əməyi nəticəsində son iki il yarım ərzində Qazax şəhərində və eləcə də kəndlərimizdə 10 illərə bərabər işlər görülmüşdür.

R.Əsədov nümayəndəlik haqqında məlumat verərək bildirib ki, Kosalar kəndinin 1151 təsərrüfatı, 4511 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 mədəniyyət evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 3 bağça, 1 poçt  şöbəsi, 1 EATS fəaliyyət göstərir. Hesabat dövründə nümayəndəlikdə 64 nəfərin doğum, 39 nəfərin isə ölüm qeydiyyatı aparılmışdır.

Kosalar kənd tam orta məktəbində 572 nəfər şagird təhsil alır. 65 nəfər müəllim və 21 nəfər texniki işçi kollektivi çalışır. Məktəbin məzunlarından 4 nəfəri respublikanın ali məktəblərinə daxil olmuşdur.

Kənd təsərrüfatı sahəsində görülən işlərdən danışan icra nümayəndəsi bildirib ki, 2018-ci ilin məhsulu üçün kənd əhalisi 368,93 hektar sahədə payızlıq taxıl əkmişdir. Bundan 346,76 hektarı buğda, 22,17 hektarı isə arpadır. 2,26 hektarda dən üçün qarığdalı, 226,71 hektarda yonca, 2,02 hektarda bostan, 8,04 hektarda tərəvəz, 1,05 hektarda kartof və s. kənd təsərrüfatı bitkiləri əkib becərmişlər. Kənd sakinləri 2019-cu ilin məhsulu üçün sentyabr–dekabr aylarında 270 hektarda payızlıq taxıl əkmişlər. İndiyə kimi suvarılan sahələrdə 120 hektarda suvarma aparılmışdır. Bundan əlavə, 2016-2018-ci illər ərzində Kosalar kəndində 4000 ədəd tut tingi əkilmiş və yüksək aqrotexniki qaydada becərilir.

2018-ci ildə 623 nəfər kənd sakininə əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 45532,90 manat pul yardımı edilmiş, 113 nəfər sakinə isə 46 tona yaxın güzəştli yolla mineral gübrə satılmışdır. Kənddə bitkiçiliklə yanaşı heyvandarlıq sahəsinin inkişafına da diqqət yetirilir. 2018-ci təsərrüfat ilində 1487 baş iribuynuzlu mal-qara, 4660 baş xırdabuynuzlu davarlar qeydə alınmışdır. Hesabat ili ərzində epizodik müalicə tədbirləri planına uyğun olaraq 1400 baş mal-qarada və 3450 baş davarlarda müvafiq olaraq dabaq, qarayara, çiçək xəstəliklərinə, təkdırnaqlı heyvanlardan 34 başda manqo, 9827 baş ev quşlarında isə taun əleyhinə dərmanlama işləri aparılmışdır.

İcra nümayəndəsi qeyd edib ki, kənddə qarşıya çıxan sosial-iqtisadi problemlərin həllində ictimaiyyət nümayəndələrinin iştirakına üstünlük verilmişdir. 2018-ci fəaliyyət dövründə vətəndaşların qəbulu həyata keçirilmiş, onların ərizə, şikayət və təkliflərinə baxılaraq lazımi tədbirlər görülmüş və nəticəsi barədə vətəndaşlara məlumat verilmişdir. Hesabat dövrü ərzində vətəndaşlardan 13 yazılı ərizə daxil olmuşdur. Ərizələrin 12-si təsərrüfat məsələsinə, 1-i isə suvarma məsələsinə aiddir. Vətəndaşları narahat edən və ya müxtəlif formada şifahi şikayətlə bağlı qəbula gələnlərin sayı il ərzində 8 nəfər olmuşdur. Şifahi qəbula gələnlərin şikayət və müraciətləri müxtəlif forma və məzmunda olmaqla suvarma işi, içməli suya olan tələbatın ödənilməsi, ailə daxili münaqişələr, əmlak məsələləri, istismara yararsız elektrik dirəklərinin dəyişdirilməsi və s. bu kimi məsələlərdən ibarət olmuşdur. İstər daxil olan yazılı ərizələr, istərsə də şifahi şikayətlər, müraciətlər vaxtında nümayəndəlikdə və yaxud yerlərdə gecikdirilmədən vətəndaşın özünün iştirakı ilə baxılaraq həll edilmişdir. 2018-ci ildə yuxarı icra orqanlarından, idarə, təşkilat və müəssisələrdən cəmi 39 məktub, sənəd, qərar və sərəncamlar daxil olmuşdur. Kosalar kənd icra nümayəndəliyi tərəfindən isə yuxarı icra orqanlarına, idarə və müəssisələrə, vətəndaşlara il ərzində 1203 müxtəlif məzmunlu və təyinatlı məktublar və arayışlar göndərilmişdir.


Kəndin abadlaşdırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin də böyük rolu var. 2018-ci ildə əhalinin suvarma suyuna olan təlabatının ödənilməsində, taxıl sahələrində biçinin aparılması üçün texnikanın cəlb edilməsində yaxından köməklik göstərilmişdir. Bundan əlavə, Kosalar kəndi ərazisində böyük zibilxana təmizlənərək, ərazidə səliqə-səhman yaradılmışdır. Kənd sakinlərinin iştirakı ilə qəbiristanlıqlarda təmizlik işləri aparılmışdır. Kosalar kəndində olan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, kimsəsiz, imkansız ailələr dini və milli bayramlarda yad edilmiş, onlara maddi yardımlar göstərilmişdir.

Kənddəki elektron ATS-də 692 ədəd telefon nömrələri və 308 evdə isə internet provayderi yüksək səviyyədə xalqın istifadəsindədir. Kosalar kəndi ərazisində yeni salınmış iki məhəllələrdən birində 500 m uzunluğunda SİP kabel xətti çəkilmiş, 22 ədəd yeni telefon nömrəsi əhalinin istifadəsinə verilmiş, 4 ədəd köhnə rabitə dayağı yenisi ilə dəyişdirilmişdir.

Məruzə ətrafında çıxış edən kənd sakinlərindən Tarıyel Nəsibov bildirib ki, kəndimiz rayon rəhbərliyinin diqqət və qayğısı ilə tam əhatə olunub. Bunun nəticəsidir ki, Kosalar kəndi gündən-günə daha da inkişaf edir, abadlaşır. Bu gün kəndin müasir standartlara cavab verən yolu, uşaq bağçaları var. Kənddə məktəb və bir bağçanın təmiri nəzərdə tutulub ki, o da həyata keçiriləcəkdir. Biz sakinlər əminik ki. kəndimiz bundan sonra da rayon rəhbərliyinin qayğısı sayəsində gözəlləşəcəkdir. Kənddə görülmüş işləri yüksək qiymətləndirən T.Nəsibov Prezident İlham Əliyevə, Rayon İcra Hakimyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri adından öz dərin minnətdarlığını bildirib.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağında çıxış edərək rayon rəhbərliyinin adından kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək səviyyədə həyata keçirilir.

Birinci müavin bildirib ki, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmiz son 15 ildə bütün sahələrdə uğurlar əldə edib. Ölkəmizin beynəlxalq aləmdə mövqeyi və nüfuzu daha da möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən bir daha aydın oldu ki, Azərbaycan gündən-günə inkişaf edir və bütün dünyada böyük söz sahibi olan qüdrətli dövlətə çevrilir.

M.Alıyev vurğulayıb ki, 2018-ci il Qazax rayonu üçün hər bir sahədə uğurlu il olub. Ölkə başçısının yürütdüyü siyasətin Qazaxda rayon rəhbərliyi tərəfindən olduğu kimi icra olunması sayəsində rayonda bütün sahələr üzrə uğurlu nəticələr əldə edilib. Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda elə bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu istər sosial obyektlərin inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir. "2018-ci ilin Qazax rayonu üçün eyni zamanda tikinti-quruculuq ili kimi yadda qaldığını”, - deyən müavin son iki il yarımda görülən işlərdən də söz açıb. ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda son tamamlanma işləri aparılan İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının, rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni asfalt yolların çəkilişini, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən bərpasını, Qazax rayonu üzrə olan 25 bağçadan 18-də müassir standartlara cavab verən şəraitin yaradılmasını, şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulmasını, rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 129-nun yüksək səviyyədə təmir olunmasının və sakinlərin istifadəsinə verilməsini, bundan əlavə, rayonda sakinlərin istəyini nəzərə alaraq çoxmənzilli binaların həyətlərində xeyir-şər evlərinin tikilməsini 2018-ci ilin uğurlu il olmasının əyani sübutu kimi qiymətləndirib.

Müavin qeyd edib ki, Qazax rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük  diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri ildən-ilə artır. Rayonumuzda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıq sayəsində deyə bilərik ki, 2018-ci il kənd təsərrüfatı üçün məhsuldar bir il olub. Bundan əlavə, kənd təsərrüfatının inkişaf etdirilməsi rayonda əhalinin məşğulluğunun təmin olunmasında da böyük rola malikdir. Rayon sakinlərinin işlə təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ona görə də 2018-ci il bu sahədə də yaddaqalan oldu. Hazırda  rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması və şəhərimizin abadlaşması istiqamətində işlər uğurla davam etdirilir.




GOYEZEN.AZ

 

 




Facebook-da paylaş