Yuxarı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabatı olub
Bu gün növbəti
hesabat yığıncağı Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Əskipara kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində
keçirilib. Qazaxbəyli kəndində
məcburi köçkün ailələrinin məskunlaşdığı yeni qəsəbədə keçirilən yığıncaqda
2018-ci ildə görülmüş işlərdən danışılıb, qarşıda duran vəzifələrdən söhbət
açılıb. Yığıncaqda Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev, aparatın Sənədlərlə və vətəndaşların
müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov, Yuxarı
Əskipara kənd sakinləri iştirak ediblər. Yığıncağın
aparılması üçün sədr və katib seçildikdən, gündəlikdə duran məsələlər səsləndikdən
sonra kənd icra nümayəndəsi Coşqun Musayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, xalqımızın
ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham
Əliyevin rəhbərliyi altında əldə olunan nailiyyətlər, qazanılan uğurlar hər il
olduğu kimi, 2018-ci ildə də uğurla həyata keçirilmişdir. Azərbaycan bütün
istiqamətlərdə öz siyasətini daha da inam və uğurla aparmışdır. Ölkə başçısının
uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan yerləşdiyi
bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə
qadir olan bir ölkədir. İcra nümayəndəsi qeyd edib ki, ölkəmizdə olan dinamik inkişaf bölgələrimizdə
də uğurla həyata keçirilmişdir. Bu gün bu inkişafı Qazax rayonunun simasında
daha aydın şəkildə görmək olar. Son iki il yarımda Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun diqqət və qayğısı sayəsində qazanılan nailiyyətlərdən
danışan icra nümayəndəsi bildirib ki, bu gün rayonumuzda elə bir sahə tapılmaz ki, orada inkişaf, tərəqqi olmasın.
Təhsil, səhiyyə, idman, mədəniyyət, kənd təsərrüfatı, eləcə də digər sahələrdə əldə
olunan uğurlar, həyata keçirilən çoxsaylı layihələr, aparılan genişmiqyaslı
tikinti-quruculuq və abadlıq işləri onu deməyə əsas verir ki, rayonumuz bundan
sonra daha da inkişaf edəcəkdir. C.Musayev qeyd edib ki, bildiyiniz
kimi, Yuxarı Əskipara kəndi 1992-ci ildən məcburi köçkünlük həyatı yaşayır. Kəndimizin
7 şəhidi, 11 Qarabağ müharibəsi əlili, 2 Əfqanıstan, 38 Qarabağ müharibəsi
veteranı var. Yuxarı Əskipara kənd nümayəndəliyi 1 yaşayış məntəqəsindən ibarətdir.
Yuxarı Əskipara kəndi 185 təsərrüfat olmaqla 695 nəfərdən ibarətdir. Bu əhali məcburi köçkün kimi əsasən
Qazax şəhərində, rayonun ətraf kəndlərində, Ağstafa rayonunda, Bakı, Sumqayıt şəhərlərində
və Abşeron rayonunda məskunlaşmışdır. 185 təsərrüfatdan 695 nəfərdən ibarət
olan Yuxarı Əskipara kəndinin 91 ailəsi evlə təmin olunmuşdur. Onlardan 47 ailə
Xanlıqlar kəndində və N.Nərimanov qəsəbəsində salınmış yaşayış massivində, 44
ailə isə Qazaxbəyli kəndində salınmış şəhərcikdə məskunlaşmışlar. Hesabat ilində vətəndaşların ərizə və şikayətlərinə baxılması ilə əlaqədar
nümayəndəlik üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. Nümayəndəliyə 3
yazılı, 3 şifahi müraciət daxil olmuşdur. Şifahi müraciətlərin və daxil olmuş ərizələrin
əksəriyyəti mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış sahəsinin genişləndirilməsi
və ayrı təsərrüfat olmaları barəsində olmuşdur. Ərizələr nümayəndəlikdə
araşdırıldıqdan sonra böyük əksəriyyəti öz müsbət həllini tapmışdır. Bundan
başqa, nümayəndəliyin şəhid və imkansız ailələrinə Rayon İcra Hakimiyyəti tərəfindən
il ərzində olan bütün bayramlarda ərzaq yardımları göstərilmişdir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən
hər bir məcburi köçkünə 40 manat məbləğində yemək
xərci müavinəti verilir. Yuxarı Əskipara kəndi üzrə 372 sakin yemək xərci müavinəti alır. Nümayəndəliyin əhatə etdiyi yaşayış məntəqələrində 1 tam orta ümumtəhsil
məktəbi fəaliyyət göstərir. Həmin məktəbdə
21 müəllim 103 nəfər şagirdə təhsil verir. Bu il 6 nəfər şagird müxtəlif universitetlərə
qəbul olmuşdur. Kəndimiz üzrə 2 nəfər Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil
alır. 5 nəfər müddətli hərbi qulluqçu, 6 nəfər zabit, 1 nəfər isə gizir kimi
xidmət edir. Hesabat dövründə Qazax Rayon İcra Hakimiyyətinə işlə əlaqədar 10 nəfər
müraciət etmiş, onlardan 6 nəfər işlə təmin
olunmuşdur. Hesabat ili ərzində nümayəndəlikdə 5 uşaq dünyaya gəlmiş, 1 nigah
qeydə alınmış, 8 nəfər isə vəfat etmişdir. Hesabat ilində məcburi köçkünlər üçün Xanlıqlar kəndində və N.Nərimanov
qəsəbəsində salınmış yaşayış massivində ümumilikdə 2300 metr uzunluğunda kəndarası
yollara qum-çınqıl döşənərək qreyderlə hamarlanmış və sakinlərin istifadəsinə
verilmişdir. Bundan əlavə, Xanlıqlar kəndində məskunlaşan məcburi köçkünlərə
uzunluğu 2,2 kilometr məsafədən içməli su xətti çəkilmişdir. Hesabat dövründə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Qazaxbəyli kəndində məskunlaşan məcburi köçkünlərlə 15, Xanlıqlar kəndində
və N.Nərimanov qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə isə 2 dəfə görüşlər
keçirmişdir. Rayon rəhbərliyi məcburi köçkünlərin problemləri, onların
qayğıları ilə daima maraqlanmışdır. Sonra məruzə ətrafında
çıxış edən Yuxarı Əskipara kənd sakinlərindən Nizami Məmmədov, Firuddin
Musayev, Ramiz Tağıyev, Nüsrəddin Hacıyev, İslam Şəmilov və başqaları çıxış edərək
məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham
Əliyev cənablarına, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin
minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər möhtərəm prezidentimiz İlham
Əliyevin yürütdüyü müdrik siyasət sayəsində işğal olunmuş torpaqlarımızın tezliklə
azad olunacağını və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıdacağını qeyd ediblər. Minnətdarlıq dolu ürək sözlərini
çatdıran sakinlər müvəqqəti olaraq vaxtilə Qazax Müəllimlər Seminariyası olmuş
inzibati binada yerləşən kənd məktəbinin təmir olunmasını bildiriblər.
Hesabat
yığıncağında iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir
Musayev çıxış edərək rayon rəhbərliyinin səmimi arzularını çatdırıb. Yola
saldığımız 2018-ci ildə Qazaxda "Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na uyğun olaraq görülən işlərdən danışan müavin "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin,
"Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda
İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son
tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq”
LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod
Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisini görülən işlərin
bariz nümunəsi kimi qiymətləndirib. Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların
sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən
söz açan T.Musayev bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir
standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Hazırda şəhərdə
yerləşən daha bir bağçanın - 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə
yenidən qurulduğunu diqqətə çatdırıb. 2018-ci ildə bağçalarda aparılan
quruculuq işlərinin bu il də davam etdiriləcəyini və rayonda daha 7 bağçanın -
İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş
Salahlı kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının nəzərdə
tutulduğunu bildirib. Yeni iş yerlərinin yaradılması istiqamətində həyata
keçirilən tədbirlərdən danışan müavin həmin işlərin bu il də davam etdiriləcəyini
qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin,
Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini,
"Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını
göstərib. Kənd sakinlərinin məktəblə bağlı istəkləri ilə
bağlı müavin bildirib ki, Qazax Müəllimlər Seminariyasının yaradılmasının 100
ili tamam olur. Bununla bağlı ölkə başçısı İlham Əliyev tərəfindən 3 noyabr
2018-ci il tarixli Sərəncam da imzalanmışdır. Yubiley tədbirinin keçirilməsi ilə
bağlı lazımi tədbirlərin görülməsinin, eyni zamanda məktəb binasının da təmirinin
nəzərdə tutulduğunu qeyd edib. 2018-ci ilin Qazax
rayonu üçün uğurlu il olmasını qeyd edən T.Musayev 2019-cu ildə də
respublikamızda, eləcə də rayonumuzda daha böyük dövlət proqramlarının,
investisiya layihələrinin həyata keçiriləcəyini bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş