• Təqvim

  • Maraq



Hesabat yığıncağı keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Barxudarlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2018-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Mədəniyyət Mərkəzinin akt zalında keçirilən yığıncaqda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev, aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Qərib Bayramov, Barxudarlı və Sofulu kənd sakinləri, KİV nümayəndələri iştirak ediblər.

Açıq səsvermə yolu ilə yığıncağa sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verilib.

Barxudarlı kənd İƏD-si üzrə nümayəndə Yasin Hacıyev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, icra başçısı Rəcəb Babaşovun rayonda apardığı tikinti-quruculuq və abadlıq işləri bütün rayon əhalisi kimi Barxudarlı və Sofulu kənd sakinlərinin də böyük razılığına səbəb olmuşdur.

2018-ci ilin Azərbaycan xalqının yaddaşında bir sıra əlamətdar hadisələrlə yadda qaldığını bildirən icra nümayəndəsi bu gün ölkəmizin dünyada ən sürətli inkişaf edən dövlətlərdən biri olduğunu bildirib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmış iqtisadi islahatların bu gün ölkə başçısı İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini qeyd edib. Azərbaycanın simasının gündən-günə dəyişməsini, yeni iş yerlərinin açılmasını, müasir avadanlıqlarla təchiz edilmiş istehsal sahələrinin işə salınmasını yüksək qiymətləndirib.

İcra nümayəndəsi Azərbaycan Respublikası "Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq yola saldığımız 2018-ci ildə genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinin aparılmasının, təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı və digər sahələrdə əldə olunan nailiyyətlərin məhz həmin uğurlu siyasətin məntiqi nəticəsi olduğunu bildirib.


Rəhbərlik etdiyi nümayəndəlik haqqında məlumat verən Y.Hacıyev qeyd edib ki, bildiyiniz kimi, Barxudarlı ərazi nümayəndəliyi 28 may 1990-cı ildən sərbəst fəaliyyətə başlamışdır. Nümayəndəliyin tərkibində 2 kənd - Barxudarlı və Sofulu kəndləri birləşmişdir. Barxudarlı nümayəndəliyi 27 aprel 1992-ci ilə kimi Barxudarlı kəndində fəaliyyət göstərmiş və ondan sonrakı dövrdə isə məlum səbəblərlə əlaqədar məcburi köçkün kimi Qazax şəhərində fəaliyyətini davam etdirməkdədir. Nümayəndəliyin əhatəsində hazırda 1 ümumi orta, 2 uşaq bağçası, 1 həkim məntəqəsi, 1 feldşer-mama məntəqəsi, 1 klub və 2 kitabxana fəaliyyət göstərir. 1993-cü ildən Barxudarlı kənd ümumi orta məktəbi fəaliyyətini Qazax şəhər N.Vəliyev adına 5 saylı tam orta məktəbdə davam etdirir. Barxudarlı kənd ümumi orta məktəbində 20 nəfər şagird təhsil alır. Onların təhsili ilə 10 nəfər müəllim məşğul olur.

 

Barxudarlı kənd nümayəndəliyinin kənd işğal olunan vaxt 141 təsərrüfatı və 558 kənd sakini var idi. Hal-hazırda təsərrüfatların sayı 163, əhalinin sayı isə 676 nəfərdir. Hesabat ili ərzində 12 nəfər uşaq dünyaya gəlmiş, 9 nəfər isə dünyasını dəyişmişdir. Nümayəndəliyə ərizə ilə 1 nəfər qeydiyyata düşməsi haqqında müraciət etmişdir. Həmin ərizəyə nümayəndəlik tərəfindən baxılmış   qeydiyyata düşməsi təmin edilmişdir. 2 nəfər isə şifahi müraciət etmişdir. Bir nəfəri yaşadıqları mənzil şəraiti ilə əlaqədar, 1 nəfəri qazın olmaması ilə bağlı olmuşdur. Nümayəndəlik tərəfindən sakinlərin ərizə və şifahi müraciətlərinə yerində baxılmış və qaldırılan məsələlər həll olunmuşdur.

Hesabat ilində rayon rəhbərliyinin təşəbbüsü ilə Barxudarlı və Sofulu kəndlərindən olan şəhid və imkansız ailələrə bayramlar ərəfəsində ərzaq yardımı ilə köməkdarlıq edilmişdir.

Nümayəndəlik üzrə 103 nəfər təqaüdçü var. Barxudarlı və Sofulu kəndləri üzrə təsərrüfatların uçota alınması, təsərrüfat başına kitablarda qeydiyyatın aparılması, kargüzarlıq və mühasibat işlərinin aparılması da nümayəndəlik tərəfindən təmin edilmişdir.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Barxudarlı kənd sakini, təqaüddə olan müəllim Fatmanisə Məmmədova, Barxudarlı kənd ümumi orta məktəbin direktoru Məleykə Almazova, Sofulu kənd sakini Fikrət Mehdiyev və başqaları çıxış edərək məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi müdrik siyasət sayəsində işğal olunmuş torpaqlarımız, eləcə də Barxudarlı və Sofulu kəndləri tezliklə azad olunacaq və məcburi köçkünlər öz doğma yurd-yuvalarına dönəcəklər. Müstəqil Azərbaycanın üçrəngli bayrağı Barxudarlı kəndində nümayəndəliyin binası üzərində dalğalanacaqdır.


Hesabat yığıncağında iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək iştirakçıları salamlayıb, yenicə qədəm qoyduğumuz 2019-cu ilin gəlişi ilə əlaqədar səmimi arzularını çatdırıb. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi bir daha onu sübut edir ki, Azərbaycan regionun ən güclü dövlətlərindən biridir və bütün dünyada tanınır.

"Bu gün Qazax rayonunda elə bir sahə yoxdur ki, orada tərəqqi olmasın”, - deyən müavin rayon rəhbərliyi tərəfindən 2018-ci ildə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən də söz açıb.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın respublikamızın hər yerində olduğu kimi, Qazaxda uğurla həyata keçirildiyini bildirən müavin son iki il yarım ərzində rayonda görülən işlərə "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsini, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkı, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunu, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasını misal olaraq göstərib və 2018-ci ilin uğuru kimi qiymətləndirib.

 

T.Musayev rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsinin, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin bu istiqamətdə görülən işlərin əyani sübutu olduğunu bildirib.

Son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışan müavin bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Hazırda şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulmasını bu işlərin davamı olaraq qiymətləndirib. Rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu bildirib.

T.Musayev Qazax rayonunun 5 kəndinin daim mənfur düşmən gülləsinin atəşinə məruz qaldığını, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndinin hələ də işğal altında olduğunu qeyd edərək rayonumuzda həmin kəndlərdən olan məcburi köçkün ailələri üçün yaradılan şəraitdən söz açıb. Qeyd edib ki, bu gün həmin kəndlərdən olan sakinlər məcburi köçkünlər üçün Qazaxbəyli kəndində salınmış 304 ailəlik yeni qəsəbədə məskunlaşıb. Müavin qeyd edib ki, bu gün əlavə olaraq 300-dən artıq ailənin məskunlaşacağı yeni binaların, əlavə olaraq məktəb və bağçanın tikilməsinin nəzərdə tutulması isə o deməkdir ki, məcburi köçkünlərə dövlətin qayğısı hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə olacaqdır.




GOYEZEN.AZ

 



Facebook-da paylaş