Qazaxda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli bayram şənliyi keçirilib
Yeni
təqvim ilinin gəlişinə saylı günlər qalıb. Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il respublikamızın hər yerində
olduğu kimi, Qazax rayonunda da böyük təntənə ilə qeyd olunub. Şəhər və kəndlər
bayramsayağı bəzədilib, rayonda bayram günlərinin şən və maraqlı keçirilməsi
üçün lazımi hazırlıq tədbirləri görülüb. Şəhərin mərkəzində yerləşən
"Fəxri qazaxlılar” parkında 9 metr hündürlüyündə yolka qurulub, parkda və
yolkanın ətrafında rəngarəng işıqlandırma quraşdırılıb. Bundan əlavə, park
və küçələr, ticarət və iaşə obyektlərinin vitrinləri, fərdi evlərin və ictimai
binaların fasad və eyvanları bayramsayağı bəzədilib. Şəhərin gecə
işıqlandırılmasına da xüsusi diqqət yetirilib. Hər il olduğu kimi, bu il
də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar
olaraq Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm bayram
tədbiri keçirilib. Bu münasibətlə Qazax
Olimpiya İdman Kompleksinin zalında respublikamızın tanınmış incəsənət xadimlərindən,
müğənnilərdən, aşıqlardan ibarət böyük bir musiqiçi qrupu tərəfindən geniş
konsert proqramı təşkil olunub. Qazax Olimpiya
İdman Kompleksinin zalı çoxdandır ki, belə əzəmət, belə qaynarlıq, belə
coşqunluq görməmişdi. Hamının üzündə sevinc, qəlbində böyük bir məhəbbət, gözlərində
qaynarlıq var idi. Hamı yeni ili böyük sevinc hissi ilə qarşılayırdı. Qazax Rayon
İcra Hakimiyyətinin təşkil etdiyi bayram konsertinə demək olar ki, bütün rayon
sakinləri toplaşmışdı. Kompleksin zalı sanki qaynayırdı. Həmrəylik Günü münasibətilə
keçirilən silsilə tədbirlər bu gün burada böyük konsert proqramı ilə davam
etdirilirdi. Odur ki, böyük sevinc və fərəh hissləri yaşanırdı bu gün. Bayram tədbirində
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin
deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti,
"Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə və
digər sahələrin əmək kollektivləri, veteran və gənclər təşkilatlarının üzvləri,
ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV nümayəndələri iştirak ediblər. Qazax Rayon
İcra Hakimiyyətinin təşkil etdiyi möhtəşəm konsert proqramına bədii rəhbəri Sahil Quliyevin, kollektiv rəhbəri respublikanın Xalq
artisti Adil Bayramovun olduğu Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasının "Göygöl mahnı və rəqs” ansamblının ifasında gözəl bir mahnı iləstart verildi. Aparıcılar Akif
Əmirov və Zəmanə Dərviş kompleksin zalında qurulmuş səhnədə göründülər. Onlar 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunmuş
konsertin başladığını elan etdilər.
Bayram təbriklərini
çatdıran aparıcılar qeyd etdilər ki, hər
il 31 dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən milli birlik və həmrəylik
günü kimi qeyd olunur. 31 dekabr tarixinin xüsusi əhəmiyyəti ondadır ki, bu əlamətdar
gün Azərbaycanın dirçəlişi və inkişafı
yolunda əvəzsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin bilavasitə
təşəbbüsü, yenilməz iradəsi sayəsində təsis edilmiş, ümumxalq, ümummilli
bayrama çevrilmişdir. Sonra təbrik üçün söz Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova və qonaqlardan - Milli
Məclisin deputatları Kamran Nəbizadəyə, Ülviyyə Ağayevaya, Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti,
"Şöhrət” ordenli məşqçi Firdovsi Umudova verilib.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək bütün Azərbaycan
xalqını, rayon sakinlərini 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni
il münasibətilə səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, biz xoşbəxtik ki, bu gün Heydər
Əliyevin ideyaları yaşayır. Ölkəmiz ümummilli liderin müəyyən etdiyi yolla
inkişaf edir, inamla gələcəyə doğru addımlayır. Bəli, bu gün çox böyük bir fərəh
hissi ilə deyə bilərik ki, Heydər Əliyevin başladığı uğurlu daxili və xarici
strategiya bu gün dövlət başçısı tərəfindən uğurla davam etdirilir. Respublikamızın
şəhər və kəndləri, qəsəbələri gündən-günə inkişaf edib böyüyür, daha da
yaraşıqlı və abad olur. "Regionların sosial inkişafına dair Dövlət
Proqramı” çərçivəsində ölkənin bütün yaşayış məntəqələrinin siması dəyişir,
xalqın maddi rifah halı yüksəlir, yaşamaq və işləmək daha da gözəl olur. Bütün
bu inkişafın, tərəqqinin kökündə möhtərəm cənab Prezident İlham Əliyevin gərgin
əməyi, xalqın və ölkənin rifahı və inkişafı naminə gördüyü misilsiz işlər dayanır. Sonra Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2018-ci ildə ölkəmizdə və Qazax rayonunda
sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş uğurlar barədə tədbir
iştirakçılarına məlumat verərək bildirib ki, uğurlarımız 2019-cu ildə də daha
böyük sürətlə artacaqdır. Çıxışının
sonunda Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və
Yeni il bayramı münasibətilə bir daha xalqımızı, rayon sakinlərini səmimi
qəlbdən təbrik edib, 2019-cu ildə hamıya möhkəm cansağlığı, xoşbəxtlik və
yeni-yeni uğurlar arzulayıb.
Milli Məclisin deputatı Ülviyyə
Ağayeva çıxış edərək qarşıdan gələn əlamətdar günlər münasibətilə bütün Azərbaycan
xalqını, qazaxlıları təbrik edib, xoş arzularını çatdırıb. Yeni ildə hər kəsə
möhkəm cansağlığı, sülh və əmin-amanlıq arzulayıb.
Milli Məclisin
deputatı Kamran Nəbizadə çıxışı zamanı Həmrəylik Günü və Yeni il münasibətilə səmimi
azrularını çatdırıb. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında
respublikamızın, eləcə də Qazaxın bundan sonra da daha da inkişaf edəcəyini
bildirib və hər kəsə yeni-yeni nailiyyətlər qazanmağı arzu edib. Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti,
"Şöhrət” ordenli məşqçi Firdovsi Umudov da bayram təbriklərinə qoşularaq yola
saldığımız 2018-ci ildə idman sahəsində qazandığımız uğurlardan danışıb. Qeyd
edib ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı
sayəsində Azərbaycan idmançıları bütün dünyada öz sözünü deməyi bacarır və bu,
bundan sonra da belə olacaqdır. 2018-ci ilin həm ölkə, həm də qazaxlı idmançılar
üçün uğurlu bir il olduğunu bildirib. 2019-cu ildə də idmançılarımızı daha
böyük nailiyyətlər gözlədiyini qeyd edib.
Sonra yola saldığımız 2018-ci ilin 19-20
dekabr tarixlərində Bakı şəhərində keçirilən sərbəst güləş üzrə Azərbaycan
çempionatında 2 qızıl və 4 bürünc medal qazanmış rayonumuzun idmançıları - Əmiraslanov
Mahir İlqar oğluna (I yer), Yusubov İbrahim İsa oğluna (I yer), Xaşalov Əfqan
Kamil oğluna (III yer), İlyaslı Pənah Hamlet oğluna (III yer), Vəlizadə İntiqam
Adil oğluna (III yer), Aşurov Əşrəf Nail oğluna (III yer) Qazax Rayon İcra
Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub. İdmançılarla xatirə şəkli
çəkdirilib.
Yeni ilin əsas atributları olan Şaxta baba və Qar
qızın bayram tədbirinə qatılması, rayon sakinlərini şənliyə çağırması, söylədikləri
şeirlər və əhvalatlar şənlik iştirakçılarına unudulmaz anlar bəxş etdi. Bir-birindən
gözəl ifa edilən musiqilər, mahnı və rəqslər bayram əhval-ruhiyyəsinə daha bir
xoş ovqat qatdı. Konsert
proqramı getdikcə daha rəngarəng mahnılarla davam etdi. Oxunan nəğmələr
tamaşaçılar arasında əks-səda doğurdu. Səhnədə müğənnilər bir-birini əvəz edir,
konsertə toplaşanların zövqünə uyğun mahnılar ifa edirdilər. İlkin olaraq səhnəyə çıxan Əməkdar artist Aybəniz
Haşimovanın rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri Milana Nəbiyeva və Müzəffər
Fərzəliyev ifa etdikləri mahnıları ilə bayram
təbriklərini çatdırdılar. Respublikanın Xalq artistləri
Şahnaz Haşımova və Sabir
Əliyevin musiqi töhfələri əsl bayram əhval-ruhiyyəsi yaratdı. Azərbaycanın Əməkdar artisti Aybəniz Haşimovanın və
rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələrinin ifa etdiyi bir-birindən gözəl nəğmələr rayon
sakinləri tərəfindən alqışlarla qarşılandı. Respublikanın Əməkdar artisti Şəadət
Ömərovun ifa etdiyi mahnılar, Aybəniz Haşimov ailə olan dueti bayram şənliyinə böyük coşqu qatdı. Hər tərəfi alqış sədaları bürüdü. Gəncə Filarmoniyasının solistləri Samirə Məmmədova
və Əli Məmmədovun çıxışları da böyük alqış sədaları
altında izlənildi. Gənc və
istedadlı müğənni Nəsimi Kamaloğlunun ifası
da yaddaqalan oldu. Sazın, sözün
beşiyi olan Qazax hər zaman aşıq mahnıları ilə seçilib. Aşıqlarımızın ifası həmişə
alqışlarla qarşılanıb. Bu dəfə də belə oldu. Aparıcıların aşıqlardan Camoy
Qurbanovu, Yaşar Gülümcanovu, Şahin Süleymanovu və Saqif
Məzəmlini səhnəyə
dəvət etmələrii tədbirə bir coşqunluq gətirdi. Aşıqlar tərəfindən səslənən şən-şux
mahnılar tamaşaçıların könlünü oxşadı. Sonda tədbir Əməkdar artist Aybəniz Haşimovanın rəhbərlik etdiyi Sənət
Akademiyasının tələbələrinin Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin xor
kollektivi ilə birlikdə ifa etdikləri "Yaşa Azərbaycan” mahnısının sədaları altında
başa çatıb. Beləliklə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni ilmünasibətilə Qazax Rayon İcra Hakimiyyətinin təşkil etdiyi konsert proqramı
böyük ruh yüksəkliyi ilə başa çatdı. Tədbirdə uğurlardan danışıldı, nailiyyətlərdən
söz açıldı, uğurlarımıza həsr olunmuş mahnılar oxundu, nəğmələr ifa edildi. Bəli,
uğurlarımız çoxdur. Lakin qarşıda bizi daha böyük nailiyyətlər, xoş xəbərlər
gözləyir. Ona görə də uğurlar bizi daha aydın sabahlara səsləyir.
Facebook-da paylaş