Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli bayram şənliyi keçirilib
Qazaxda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli bayram şənliyi keçirilib25-12-2018, 22:00 |
Yeni təqvim ilinin gəlişinə saylı günlər qalıb. Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə ilə qeyd olunub. Şəhər və kəndlər bayramsayağı bəzədilib, rayonda bayram günlərinin şən və maraqlı keçirilməsi üçün lazımi hazırlıq tədbirləri görülüb. Şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında 9 metr hündürlüyündə yolka qurulub, parkda və yolkanın ətrafında rəngarəng işıqlandırma quraşdırılıb. Bundan əlavə, park və küçələr, ticarət və iaşə obyektlərinin vitrinləri, fərdi evlərin və ictimai binaların fasad və eyvanları bayramsayağı bəzədilib. Şəhərin gecə işıqlandırılmasına da xüsusi diqqət yetirilib. Hər il olduğu kimi, bu il də 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar olaraq Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirilib. Bu münasibətlə Qazax Olimpiya İdman Kompleksinin zalında respublikamızın tanınmış incəsənət xadimlərindən, müğənnilərdən, aşıqlardan ibarət böyük bir musiqiçi qrupu tərəfindən geniş konsert proqramı təşkil olunub. Qazax Olimpiya İdman Kompleksinin zalı çoxdandır ki, belə əzəmət, belə qaynarlıq, belə coşqunluq görməmişdi. Hamının üzündə sevinc, qəlbində böyük bir məhəbbət, gözlərində qaynarlıq var idi. Hamı yeni ili böyük sevinc hissi ilə qarşılayırdı. Qazax Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram konsertinə demək olar ki, bütün rayon sakinləri toplaşmışdı. Kompleksin zalı sanki qaynayırdı. Həmrəylik Günü münasibətilə keçirilən silsilə tədbirlər bu gün burada böyük konsert proqramı ilə davam etdirilirdi. Odur ki, böyük sevinc və fərəh hissləri yaşanırdı bu gün. Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin əmək kollektivləri, veteran və gənclər təşkilatlarının üzvləri, ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV nümayəndələri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin təşkil etdiyi möhtəşəm konsert proqramına bədii rəhbəri Sahil Quliyevin, kollektiv rəhbəri respublikanın Xalq artisti Adil Bayramovun olduğu Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl mahnı və rəqs” ansamblının ifasında gözəl bir mahnı iləstart verildi. Aparıcılar Akif Əmirov və Zəmanə Dərviş kompleksin zalında qurulmuş səhnədə göründülər. Onlar 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunmuş konsertin başladığını elan etdilər.
Bayram təbriklərini çatdıran aparıcılar qeyd etdilər ki, hər il 31 dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən milli birlik və həmrəylik günü kimi qeyd olunur. 31 dekabr tarixinin xüsusi əhəmiyyəti ondadır ki, bu əlamətdar gün Azərbaycanın dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü, yenilməz iradəsi sayəsində təsis edilmiş, ümumxalq, ümummilli bayrama çevrilmişdir. Sonra təbrik üçün söz Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və qonaqlardan - Milli Məclisin deputatları Kamran Nəbizadəyə, Ülviyyə Ağayevaya, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudova verilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək bütün Azərbaycan xalqını, rayon sakinlərini 31 dekabr -Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib. Qeyd edib ki, biz xoşbəxtik ki, bu gün Heydər Əliyevin ideyaları yaşayır. Ölkəmiz ümummilli liderin müəyyən etdiyi yolla inkişaf edir, inamla gələcəyə doğru addımlayır. Bəli, bu gün çox böyük bir fərəh hissi ilə deyə bilərik ki, Heydər Əliyevin başladığı uğurlu daxili və xarici strategiya bu gün dövlət başçısı tərəfindən uğurla davam etdirilir. Respublikamızın şəhər və kəndləri, qəsəbələri gündən-günə inkişaf edib böyüyür, daha da yaraşıqlı və abad olur. "Regionların sosial inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkənin bütün yaşayış məntəqələrinin siması dəyişir, xalqın maddi rifah halı yüksəlir, yaşamaq və işləmək daha da gözəl olur. Bütün bu inkişafın, tərəqqinin kökündə möhtərəm cənab Prezident İlham Əliyevin gərgin əməyi, xalqın və ölkənin rifahı və inkişafı naminə gördüyü misilsiz işlər dayanır. Sonra Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2018-ci ildə ölkəmizdə və Qazax rayonunda sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş uğurlar barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, uğurlarımız 2019-cu ildə də daha böyük sürətlə artacaqdır. Çıxışının sonunda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bir daha xalqımızı, rayon sakinlərini səmimi qəlbdən təbrik edib, 2019-cu ildə hamıya möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıb.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək qarşıdan gələn əlamətdar günlər münasibətilə bütün Azərbaycan xalqını, qazaxlıları təbrik edib, xoş arzularını çatdırıb. Yeni ildə hər kəsə möhkəm cansağlığı, sülh və əmin-amanlıq arzulayıb.
Milli Məclisin deputatı Kamran Nəbizadə çıxışı zamanı Həmrəylik Günü və Yeni il münasibətilə səmimi azrularını çatdırıb. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında respublikamızın, eləcə də Qazaxın bundan sonra da daha da inkişaf edəcəyini bildirib və hər kəsə yeni-yeni nailiyyətlər qazanmağı arzu edib.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov da bayram təbriklərinə qoşularaq yola saldığımız 2018-ci ildə idman sahəsində qazandığımız uğurlardan danışıb. Qeyd edib ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı sayəsində Azərbaycan idmançıları bütün dünyada öz sözünü deməyi bacarır və bu, bundan sonra da belə olacaqdır. 2018-ci ilin həm ölkə, həm də qazaxlı idmançılar üçün uğurlu bir il olduğunu bildirib. 2019-cu ildə də idmançılarımızı daha böyük nailiyyətlər gözlədiyini qeyd edib.
Sonra yola saldığımız 2018-ci ilin 19-20 dekabr tarixlərində Bakı şəhərində keçirilən sərbəst güləş üzrə Azərbaycan çempionatında 2 qızıl və 4 bürünc medal qazanmış rayonumuzun idmançıları - Əmiraslanov Mahir İlqar oğluna (I yer), Yusubov İbrahim İsa oğluna (I yer), Xaşalov Əfqan Kamil oğluna (III yer), İlyaslı Pənah Hamlet oğluna (III yer), Vəlizadə İntiqam Adil oğluna (III yer), Aşurov Əşrəf Nail oğluna (III yer) Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub. İdmançılarla xatirə şəkli çəkdirilib.
Yeni ilin əsas atributları olan Şaxta baba və Qar qızın bayram tədbirinə qatılması, rayon sakinlərini şənliyə çağırması, söylədikləri şeirlər və əhvalatlar şənlik iştirakçılarına unudulmaz anlar bəxş etdi. Bir-birindən gözəl ifa edilən musiqilər, mahnı və rəqslər bayram əhval-ruhiyyəsinə daha bir xoş ovqat qatdı. Konsert proqramı getdikcə daha rəngarəng mahnılarla davam etdi. Oxunan nəğmələr tamaşaçılar arasında əks-səda doğurdu. Səhnədə müğənnilər bir-birini əvəz edir, konsertə toplaşanların zövqünə uyğun mahnılar ifa edirdilər. İlkin olaraq səhnəyə çıxan Əməkdar artist Aybəniz Haşimovanın rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri Milana Nəbiyeva və Müzəffər Fərzəliyev ifa etdikləri mahnıları ilə bayram təbriklərini çatdırdılar. Respublikanın Xalq artistləri Şahnaz Haşımova və Sabir Əliyevin musiqi töhfələri əsl bayram əhval-ruhiyyəsi yaratdı. Azərbaycanın Əməkdar artisti Aybəniz Haşimovanın və rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələrinin ifa etdiyi bir-birindən gözəl nəğmələr rayon sakinləri tərəfindən alqışlarla qarşılandı. Respublikanın Əməkdar artisti Şəadət Ömərovun ifa etdiyi mahnılar, Aybəniz Haşimov ailə olan dueti bayram şənliyinə böyük coşqu qatdı. Hər tərəfi alqış sədaları bürüdü. Gəncə Filarmoniyasının solistləri Samirə Məmmədova və Əli Məmmədovun çıxışları da böyük alqış sədaları altında izlənildi. Gənc və istedadlı müğənni Nəsimi Kamaloğlunun ifası da yaddaqalan oldu. Sazın, sözün beşiyi olan Qazax hər zaman aşıq mahnıları ilə seçilib. Aşıqlarımızın ifası həmişə alqışlarla qarşılanıb. Bu dəfə də belə oldu. Aparıcıların aşıqlardan Camoy Qurbanovu, Yaşar Gülümcanovu, Şahin Süleymanovu və Saqif Məzəmlini səhnəyə dəvət etmələrii tədbirə bir coşqunluq gətirdi. Aşıqlar tərəfindən səslənən şən-şux mahnılar tamaşaçıların könlünü oxşadı. Sonda tədbir Əməkdar artist Aybəniz Haşimovanın rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələrinin Qazax şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin xor kollektivi ilə birlikdə ifa etdikləri "Yaşa Azərbaycan” mahnısının sədaları altında başa çatıb. Beləliklə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilmünasibətilə Qazax Rayon İcra Hakimiyyətinin təşkil etdiyi konsert proqramı böyük ruh yüksəkliyi ilə başa çatdı. Tədbirdə uğurlardan danışıldı, nailiyyətlərdən söz açıldı, uğurlarımıza həsr olunmuş mahnılar oxundu, nəğmələr ifa edildi. Bəli, uğurlarımız çoxdur. Lakin qarşıda bizi daha böyük nailiyyətlər, xoş xəbərlər gözləyir. Ona görə də uğurlar bizi daha aydın sabahlara səsləyir.
Geri qayıt |